Demokratiyada hər kəsin səsi bərabər olmalıdır?

Demokratiyada hər kəsin səsi bərabər olmalıdır?

13-02-2018 20:52 / Bu xəbər 2184 dəfə oxundu

Sübhan Həsənli

Demokratiya günümüzdə işlənən ən populyar qavramlardan biridir. İnsanlar demokratiya üçün meydanlara axışır, onu tələb edirlər. Bəzən xəbərlərdə "xalq demokratiya üçün meydanlara çıxdı”, "xalq demokratiyasına sahib çıxdı” və.s bu qəbildən xəbərlər eşidirik. 

Əslində, 2011-də Təhrir meydanında insanlara "demokratiya nədir” deyə soruşsaydıq, onların böyük əksəriyyəti buna cavab verə bilməzdilər. Demokratik olsun yada, olmasın, dövlət liderləri də həmişə öz ölkələrindəki "demokratiya”dan bəhs edir, inkşafdan danışırlar. 

Onların bir çoxunun demokratiyanı mənsimədiyini bəzən uzun-uzun arqumentlərlə izah edirik, onların idarə etdikləri rejimləri "diktatura”, "avtoritar”, "totalitar” deyə ayırırıq. Bunları ayırarkən ortaya qoyduğumuz, sadəcə, bir ölçü var: Demokratiya. 

Əslində, onun fəlsəfəsi, yalnış və doğruları böyük kütlələr tərəfindən bilinməsə də, onun "yaxşı bir şey olduğu” mövzusu kütlələr tərəfindən sorğusuz-sualsız qəbul olunur. Onun üçün mübarizələr edilir, bəzən insanlar öldürülür. 

İnsanların düşüncə tərzləri, həyat tərzləri müqayisə olunur. Hamsının "Demokratiyaya uyğun olub olmamağı” əsas şərtlərdən sayılır. 21-ci əsrdə demokratiya tam olmasa da artıq yarı din statusunu qazanıb.
 
Təbiidir ki, demokratiya deyəndə nəzərdə tutulan şey "xalqın idarəsi və iradəsi” dir. Yəni demos (xalq) öz iradəsi ilə özünü idarə edir. Bu idarəetməni birbaşa, bu, mümkün olmadığı hallarda isə özünü təmsil edəcək insanları təyin etməklə həyata keçirir. 

Demokratiya fikrinin ortaya çıxdığı qədim yunanda şəhər-dövlətlər ərazi baxımından kiçik olduğundan xalq qərarları birbaşa alırdı. Lakin günümüzdə xalqın birbaşa qərar vermək şansları olmadığından özlərinin təmsilçiləri vasitəsilə təmsil olunurlar.

Əslində, ilk baxışdan hər şey yaxşı görünür. Yəni xalq seçkiyə gedir, namizədlərdən birini seçir və onu idarəetməsi üçün təyin edir. Ortaya isə maraqlı bir sual çıxır: hər kəsin səsi bərabərdirsə, bəs hər kəsin səsi eyni çəkidədirmi? 

Türkiyədə tanınmış modelyer Aysun Kayacı Tv kanallarının birindəki çıxışı ölkədə böyük narazıçılıqla qarşılanmışdı. Aysun Kayacı  həmin çıxışında: "Qaçaq gecəqondu tikənlə, vergidən yayınanla, qaçaq elektrik istifadə edənlə mənim səsim niyə eynidir?”, - deyib. 

Yəni Aysun Kayacı qısaca "mənim səsimlə dağdakı çobanın səsi niyə eynidir?” - deyirdi. Əslində, modelyer olduğundan, yaxud bu fikrin demokratiyaya zidd olduğunu düşündüklərindən geniş bir kütlə Aysun Kayacını bu fikirlərindən dolayı tənqid etdi. 

Aysun Kayacının bu düşüncəsini onun şəxsiyyətindən müstəqil olaraq ələ aldığımızda ortaya daha başqa suallar çıxır. Brexit sonrası araşdırmalara görə, 18-24 yaş arası səs verənlərin 75% Avropa Birliyində qalmaq tərəfdarı olduğu halda, 50-64 yaş arası seçicilərin 59% Avropa Birliyinə yox deyib. 

İngiltərədə də bu mövzu fərqli bir konteksdə müzakirə edildi. Oradakı əsas arqument Aysun Kayacının arqumenti deyildi. Əsas arqument ölkənin gələcəyinə təsir edən bir qərarda gənclərin səsləri ilə yaşlıların səslərinin bir sayılması ədalətlidirmi? 

Nəticədə 64 yaşlı bir ingilisin ölkəsinin taleyi haqqında qərar verməsi ilə 18 yaşlı bir gəncin qərarı eyni çəkiyəmi malikdir? Ortalama həyat yaşının İngiltərədə 79 olduğunu nəzərə alsaq, 64 yaşlı birinin verdiyi bir qərarın acısını özü 15 il, 18 yaşlı bir gənc isə 61 il çəkməli olacaq. İlk məsələyə qayıtsaq, gerçəkdən də təhsilli, oxumuş biri ilə təhsili olmayan birinin səsi eyni ola bilərmi? Olmalıdırmı? 

Platon demokratiyaya qarşı şübhələrini ilk ifadə edənlərdəndir. Ona görə güclü bir lider kütləni öz tərəfinə çəkərək, onları öz arzularının qurbanı edə bilər. Veymar Respublikasını xatırlayın, qəbul edilmiş Konstitusiyası, köklü olmasa da, güclü sayıla biləcək qurumları var idi. Hətta Konstitusiyası dövrün ən demokratiklərindən sayılırdı. Amma Hitlerin öz arxası ilə apardığı kütlə "demokratiya” dediyimiz bütün anlayışları Almaniyada məhv etdi. 

Hitler demokratik bir seçki ilə hakimiyyətə gəlmişdi və Alman xalqından 17 milyon səs almışdı(43.91). 

Bu günlərdə "demokratik” çevrələr tərəfindən kəskin tənqid olunan Ədalət və İnkşaf Partiyasının lideri Ərdoğanında 52% səslə prezident seçildiyini unutmamaq lazımdır. 

Nəticə olaraq, demokratiyanın olmazsa olmaz dediyimiz bir ünsürü olan seçki sistemi onu məhv edənləri belə hakimiyyətə gətirmək gücündədirsə, o zaman demokratiyanı, seçki sistemi yenidən düşünmək lazım gəlmirmi?

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.