Dənizə “ata” deyənlər - Vasif Əlihüseyn

Dənizə “ata” deyənlər - Vasif Əlihüseyn

18-12-2015 13:28 / Bu xəbər 2534 dəfə oxundu

Arqument.Az gənc şair Vasif Əlihüseynin yeni şeirini təqdim edir: 

indi bütün ləpələr
sahilə doğru gəlir

Mən atamın əllərini tutmaq istəyirdim
qollarımı dənizə salanda
ancaq, sınıq qərənfillər keçdi əlimə

indi bütün qayıqlar
elə balıqlar da səndən gəlir ata
sizdən gəlir
bu boyda məzarı neynirdin?!
qollarım da çatmır sarılmağa

bütün gölməçələr səni xatırlamaq üçündü
bütün gəmilər tabutundu   

hər il anam pilotlara qərənfil verir
dənizə səpmək  üçün
sənin ad günündə, ata!

dənizə ata – deyən uşaqlar kimi
baba – deyən uşaqlar da doğuldu
və gəlinlər yaşmaq verdi dənizdən
və sən qayıtmadın, ata!

səndən sonra
külək əsəndə daha çox üşüyürük 
daha çox nigaran qalırıq

siz bəlkə də bilmirsiniz
atasını dənizdə itirmiş uşaqlar balıq tutanda
hər dəfə bu cavabı gözləyir:
- Ay oğul burdayam, tilovu çək!