Deputat Əfqan Muxtarlı ilə bağlı istintaq iddialarını alt-üst etdi

Deputat Əfqan Muxtarlı ilə bağlı istintaq iddialarını alt-üst etdi

09-06-2017 18:45 / Bu xəbər 1633 dəfə oxundu

"Təhlükəsizlik prinsiplərinə uyğun olaraq, Əfqan Muxtarlının Azərbaycana gətirilməsi bu şəkildə reallaşdırılıb. 

Yenə deyirəm, söhbət böyük şəbəkədən gedir, həmin şəbəkə də Əfqan Muxtarlının Azərbaycana gedib çıxmaması üçün hər cür addım ata bilərdi, çox böyük qarşıdurma yarana bilərdi. 

Buna görə də Azərbaycanın hüquq-mühafizə orqanları çox böyük peşəkarlıq nümayiş etdiriblər. Peşə vərdişlərinə uyğun olaraq, bu addımı atıblar".

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Elman Nəsirov AzadlıqRadiosuna müsahibəsində jurnalist Əfqan Muxtarlının həbsindən danışarkən belə deyir.

"Freedom House" təşkilatının hesabatında Azərbaycan adambaşına düşən siyasi məhbus sayına görə dünyada liderdir deyilir, hesabata görə, təxminən 10 milyonluq ölkədə 80-100 nəfər siyasi məhbus var. Azərbaycan bu siyahıda Çini belə ötür. 

Bu hesabata münasibət bildirən Elman Nəsirov deyib ki,guya insan hüquqlarının müdafiəsində dayandığını elan edən bu təşkilat indiyədək Azərbaycanda atılan müsbət addımlarla bağlı bir kəlmə də ifadə etməyib: 

"Bu təşkilatın fikri-zikri ondan ibarətdir ki, Azərbaycanla bağlı çox qaranlıq mənbələrdən məlumatlar götürsün, ölkəylə bağlı mənfi beynəlxalq rəyin formalaşmasına nail olsun. O ki qaldı 10 milyonluq əhalinin bir 100 nəfəri siyasi məhbusdur yanaşmasına, əvvəla onu deyim ki, beynəlxalq hüquqda siyasi məhbus məsələsinin tərifi yoxdur. Azərbaycanda cinayət üstündə saxlanılan insanlar var, ölkədə hamı qanun qarşısında bərabərdir, həmin məntiqlə də ixtisasından, peşəsindən asılı olmadan hərəkətində, fəaliyyətində cinayət tərkibi olan insanlar layiqli cəzalarını alırlar. Ona görə də Azərbaycan ictimaiyyəti müxtəlif beynəlxalq qüvvələrin əlində alətə çevrilən "Fredoom House" təşkilatının hesabatlarına inanmır. Bir çox hallarda bu hesabatlar Azərbaycanı sevməyən, onun uğurlarını qəbul etməyən mənbələrin məlumatları əsasında hazırlanır".

Deputat bildirib ki,cinayət yolunu tutan, qanunları pozanlar bir çox hallarda onlara adi cinayətkar kimi deyil, siyasi məhbus kimi yanaşılmasında maraqlı olurlar. Öz cinayətlərini ört-basdır etmək üçün siyasi terminlərdən, siyasi şüarlardan və bəyanatlardan istifadə edirlər: 

"Buna görə də saxlanılanda etdikləri cinayət deyil, vaxtilə səsləndirdikləri siyasi bəyanatlar yada salınır. Bu, cinayətkar əməlini ört-basdır etməkdən başqa bir şey deyil. Heç kimi oturduğu yerdə, qanunlara əməl etdiyinə, vətən sevgisinə görə həbs etməzlər. Bu adamları araşdıranda bəlli olur ki, neçə dairəyə işləyirlər, hansısa sifarişləri yerinə yetirirlər, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğuldurlar və s. Narkotiklə həbs ediləndə bunlara immunitet, özünümüdafiə lazımdır".

Mərhum prezident Heydər Əliyevin heykəlinə şüar yazmış Bayram Məmmədov və Qiyas İbrahimovun etdiyini məqsədyönlü adlandıran E.Nəsirov,deyib ki,bunu bir gün əvvəl edirlər, amma narkotik satışıyla bir il, beş il əvvəl məşğuluydular: 

"Özlərini sığortalamaq üçün belə addımlar atırlar. Bu, siyasi avantüradır və daha keçməz. Məsələn, Əfqan Muxtarlı kimi adam jurnalist olmayıb, fotoqraflıq edib, sonra da Xədicə İsmayılovanın cangüdəni olub. Xədicə İsmayılova kimi "Fredoom House" və digər anti-Azərbaycan qüvvələrin əlində alətə çevrilib. Ən qəribəsi budur ki, İsmayılova anti-Azərbaycan qüvvələrin əlində alətdir, Əfqan Muxtarlı isə Xədicə İsmayılovanın əlində alət idi, yəni alətin aləti idi. Gedib Gürcüstanda sığınacaq tapıb ermənipərəst qüvvələrin əlində alətə çevrilmişdi, şəbəkə yaratmışdılar. Məqsədləri də Azərbaycanda sabitliyi pozmaq və bununla ölkəmizdə inkişafın qarşısını almaq, vətəndaş həmrəyliyini pozmaq idi. İndi belə adamlara siyasi məhbusmu adı verilməlidir?! Necə olur ki, bu gün erməni saytları, erməni ziyalıları Əfqan Muxtarlını müdafiə etməyə başlayıblar? Həmin erməni mətbuatı, ziyalıları girov götürülən iki soydaşımızın müdafiəsi ilə bağlı niyə səslərini çıxarmırlar? Amma Əfqan Muxtarlının müdafiəsinə qalxırlar. Bu fərqin səbəbi nədir? Çünki bu iki nəfər vətənini sevir, amma Əfqan Muxtarlı satqındır. Onu qəhrəman səviyyəsinə qaldırırlar. İstəyirlər onu siyasi məhbus elan etsinlər, indi də yazsınlar ki, Azərbaycanda 101 siyasi məhbus var".

Deputat vuğulayıb ki, hadisələrin təhlili Əfqan Muxtarlı bir fiqur olduğunun, böyük bir şəbəkənin tərkib hissəsi olduğunun  göstəricisidir: 

"Daha böyük siyasi qüvvələr Gürcüstanda Əfqan Muxtarlı kimiləri toplayıblar, orda böyük maliyyədən, təşkilatlanmadan da söhbət gedir. Söhbət təkcə Əfqan Muxtarlıdan getsəydi, təbii ki, heç onun bu şəkildə həbsinə də ehtiyac qalmazdı. Həmin şəbəkə Azərbaycanda pozuculuq fəaliyyətini həyata keçirən Əfqan Muxtarlını təbii ki, qoruyur və çalışacaqdılar ki, onun Azərbaycana gətirilməsinin qarşısını alsınlar. Bu baxımdan, Azərbaycanın Gürcüstanla birgə belə bir addım atması xüsusi-xidmət orqanlarının fəaliyyətinin nəticəsidir. Bunun da özünəməxsus qaydaları, prinsipləri var. Təhlükəsizlik prinsiplərinə uyğun olaraq, Əfqan Muxtarlının Azərbaycana gətirilməsi bu şəkildə reallaşdırılıb. Yenə deyirəm, söhbət böyük şəbəkədən gedir, həmin şəbəkə də Əfqan Muxtarlının Azərbaycana gedib çıxmaması üçün hər cür addım ata bilərdi, çox böyük qarşıdurma yarana bilərdi. Buna görə də Azərbaycanın hüquq-mühafizə orqanları çox böyük peşəkarlıq göstəriblər. Peşə vərdişlərinə uyğun olaraq bu addımı atıblar. Burda qarşıdurma, toqquşma baş vermədən fəaliyyətində cinayət tərkibi olan şəxs artıq Azərbaycana gətirilib. Onun gətirilməsinə don geyindirmək, fərqli mülahizələr irəli sürmək, Azərbaycan tərəfi ittiham etmək heç bir real əsasa malik deyil. Əslində, həbsin bu şəkildə olması ağlabatandır. Və son illərdə reallaşdırılan çox uğurlu tədbirlərdən biri kimi dəyərləndirilə bilər".

Əfqan Muxtarlı barəsində Cinayət Məcəlləsinin CM-nin 318-ci (Dövlət sərhədinin qanunsuz olaraq keçmə) və 206-cı (qaçaqmalçılıq), 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri  ilə ittiham irəli sürülüb.

Baş prokurluğun yaydığı məlumatda qeyd edilib ki, Əfqan Muxtarlı mayın 29-da saat 22.40 radələrində Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən Ə. Muxtarlı xidmət əməkdaşlarına müqavimət göstərib. Ə. Muxtarlı inzibati qaydada tutularaq üzərinə şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanaraq götürülüb.

Əfqan Muxtarlı isə vəkili vasitəsilə bildirib ki, o, mayın 29-da Tbilisidə yaşadığı evin yaxınlığında kriminal polis dəstəsi tərəfindən oğurlanıb və Azərbaycana gətirilib. Qolları bağlı vəziyyətdə olan jurnalistin cibinə zorla 10 min avro pul qoyulub. Bakıya çatdıqdan sonra isə onun barəsində cinayət işi açılıb. 

Səbail rayon Məhkəməsi Əfqan Muxtarlı barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib. Jurnalistin qəbs-qətimkan tədbirindən verdiyi apelyasiya şikayətinə isə iyunun 6-da baxılıb. Məhkəmə şikayəti təmin etməyib.