Deputatın adı dərman qalmaqalında hallanır

Deputatın adı dərman qalmaqalında hallanır

11-05-2018 18:05 / Bu xəbər 3282 dəfə oxundu

"Elmira Axundova "Elit” aptekin reklamı ilə də məşğuldur"
 
Aprelin 30-da Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi bir qrup şəxsin mənşəyi məlum olmayan və dövlət qeydiyyatından keçirilməyən dərman preparatlarını ölkəyə gətirib satışını təşkil etdiyini açıqlayıb. 

Məlum olub ki, "Sanimed” MMC-nin faktiki rəhbəri Nağıyev Müşfiq Mikayıl oğlu cəmiyyətin satış şöbəsinin müdiri Orucov Hafiz Zülfüqar oğlu, satış təmsilçisi Kərimov Asim Rasim oğlu, "Epidbiomed” MMC-nin təsisçisi Əliyev Namiq Sabir oğlu, həmin şirkətin direktor müavini Məmmədov Kamal Əhmədiyyə oğlu və digər vəzifəli şəxslərlə əlbir olaraq tamah niyyətilə daha çox gəlir əldə etmək məqsədilə 2011-ci ildən başlayaraq uzun müddət ərzində ölkəyə təqribən 1 milyon manatdan artıq dəyərində 19 adda orijinal dərman preparatlarından qiymətinə görə dəfələrlə baha olan ekvivalent dərman vasitələrini idxal ediblər. 

Xəbərdə deyilir ki, şirkət rəhbərliyi dövlət və özəl müəssisələrdə çalışan 100-ə yaxın həkimlərlə razılaşıb müalicə üçün müraciət etmiş çoxsaylı xəstələrə yalnız həmin dərmanların və zərurət olduğundan daha çox həcmdə təyin olunması üçün onlara mütəmadi olaraq müxtəlif məbləğlərdə pullar vermiş və idxal etdiyi dərmanların bu cür qanunsuz yolla külli miqdarda satılmasına nail olub. 

İstintaq-əməliyyat tədbirləri zamanı 9 adda əhalinin müəyyən təbəqələrinə pulsuz verilməsi üçün dövlət büdcəsi vəsaiti hesabına ayrılmış 51 qutu dərman vasitələrinin qanunsuz satışının həyata keçirilməsi müəyyən edilib, hazırda həmin dərmanların hansı yolla əldə edilərək satışının təşkil olunması araşdırılır.

Mayın 7-də Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Gömrük Komitəsi əməkdaşlarının keçirdiyi birgə əməliyyat nəticəsində dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan daha bir mütəşəkkil dəstənin saxlandığı barədə rəsmi məlumat yayıldı. 

DTX mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, Bakı Beynəlxalq Hava Limanındakı Bakı Karqo Terminalından gömrük nəzarətindən yük maşınında çıxarılaraq dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan Məmmədov Anar Kamran oğluna məxsus yaşayış sahəsinə daşınan dövlət qeydiyyatından keçməmiş, ölkəyə buraxılması qanunsuz olan 53 adda ümumi dəyəri 108.819 Azn təşkil edən müxtəlif dərman vasitələri aşkar edilərək saxlanılıb. 

Səhiyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə Anar Məmmədova məxsus Yasamal rayonunda yerləşən "Zeytun” aptekinə baxış zamanı dövlət qeydiyyatından keçməmiş, mənşəyi məlum olmayan 75 adda müxtəlif dərman vasitələri aşkar edilərək götürülüb. Davam edən araşdırmalarla Yasamal rayonu ərazisindəki "İrem”, "Qlükoza”, "Avas”, "Fatimə”, Nəsimi rayonu ərazisindəki "Zeytun”, "Medical City”, "Elit”, "Vahid”, "Dokta Elite”, Nərimanov rayonu ərazisindəki "Şəfa”, "Şəfa Zeytun 426”, "Təbib” apteklərinə satılmış müxtəlif sayda dövlət qeydiyyatından keçməmiş dərman vasitələri aşkar edilərək dövriyyədən çıxarılıb. 

İlkin istintaqla müəyyən edilib ki, xarici ölkə vətəndaşı Ateş Atanur, Azərbaycan Respublikasının vətəndaşı Anar Məmmədov 2016-cı ildən hazıradək satış məqsədi ilə dərman vasitələrinin ölkəyə qanunsuz yollarla gətirilməsini müntəzəm təşkil ediblər. 

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin vəzifəli şəxsləri bu dərmanların yük müşayiət sənədlərini dəyişdirərək Hava Nəqliyyatında Baş Gömrük İdarəsində Mərkəzi Gömrük Hospitalına çatması nəzərdə tutulan başqa məhsullar adı altında bəyan edilməsini, bu yolla qeyd olunan dərmanların ölkəyə qeydiyyatsız keçirilməsini təşkil etməyə görə əvvəlcədən hər yükün ümumi dəyərinin 25 %-i dəyərində haqq alıb, dərmanların ölkəyə qeydiyyatsız idxalını, gömrük nəzarətindən çıxarılaraq birbaşa dərman satışı ilə məşğul olan şəxslərə çatdırılmasını təmin ediblər.

Dövlət Təhlükəsizlik Xidmətində davam edən cinayət işi üzrə toplanmış ilkin sübutlar əsasında gömrük orqanlarında vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə qaçaqmalçılıq və külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməllərinə görə Məmmədli Fərman Həmzə oğlu, Xıdırov Vasif Teymur oğlu, Mehtiyev Cəmil Səlim oğlu, Atanur Ateş Adem oğlu, Məmmədov Anar Kamran oğlu, həmçinin Quliyev Əlamət Nazim oğluna müvafiq olaraq Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib. 

Dövlət Gömrük Komitəsinin rəhbərliyi tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev, Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Birinci yük şöbəsinin rəisi Araz Məmmədov və digərləri tutduqları vəzifələrdən azad edilməklə sərəncama götürülüblər.

Qaçaq yolla ölkəyə gətirilən, saxta dərman vasitələrinin digər apteklərlə yanaşı deputatın ailəsinə məxsus "Elit” aptekdə də satıldığı məlum olub. Bu haqda "Azpolitika.info” maraqlı xəbər yayıb. 

Sayt yazır ki, deputat Elmira Axundova "Elit” aptekin reklamı ilə də məşğuldur.
 
Mövzu ilə bağlı deputatdan münasibət öyrənmək mümkün olmayıb. 

Hüquq-mühafizə orqanları və Səhiyyə Nazirliyi bu işlə bağlı araşdırma aparıldığını açıqlayıblar. 

Arqument.Az