Deputatlar maaşlarının artırılmasını istəyirlər

Deputatlar maaşlarının artırılmasını istəyirlər

07-11-2017 18:31 / Bu xəbər 1317 dəfə oxundu

Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Məclis əməkaşlarının və deputatların əmək haqlarının yetərli olmadığını bildirib və artırılmasını təklif edib.

Deputat noyabrın 7-də Milli Məclisin komitələrinin birgə iclasında 2018-ci ilin büdcə müzakirələri zamanı bildirib ki, deputatların əmək haqqı hansısa rayonun polis rəisi və yaxud prokurorunun maaşından azdır.

APA-nın xəbərinə əsasən, S.Novruzov bildirib ki, Milli Məclisin büdcəsi bir rayonun büdcəsi qədər də deyil:

"Beynəlxalq aləmdə bəzi dairələrə qarşı sinəsini qabağa verib vuruşan, ölkədə qaçanın da, qovanın da üstünə getdiyi ünvan Milli Məclisdir. Bundan başqa, bizim dostluq qrupları var ki, onlar əməkdaşlıq etdikləri ölkələrə heç olmasa, ildə iki-üç dəfə səfər etməlidirlər. Bütün bunlar nəzərə alınmalıdır”.

İclasda iştirak edən maliyyə naziri Samir Şərifovun təklifə reaksiyası verərək qeyd edib ki, Milli Məclis özü məqbul hesab etdiyi vaxt büdcəsinin artırılması ilə bağlı məsələ qaldıra bilər.

"Milli Məclisin, əməkdaşlarının və deputatların maaşı ilə bağlı məsələyə büdcədə baxılır, müzakirə olunur. Parlament istədiyi vaxt bu məsələni qaldıra, biz də buna müsbət baxa bilərik”.

Hazırda Milli Məclisin sədri 2250 manat, sədrin I müavini 2025 manat, Milli Məclis sədrinin müavini 1912,5 manat, Milli Məclisin komitə sədrləri 1800 manat, sıravi deputatlar isə 1575 manat maaş alır. Deputatlara həmçinin ezamiyyə xərcləri, 1000 manata yaxın dəftərxana xərcləri də ödənilir.

Milli Məclis tətilə buraxıldığı vaxt parlament üzvlərinə məzuniyyət verilir.

Məzuniyyətdə olduğu zaman deputata müalicə olunması və istirahət etməsi üçün onun iki aylıq vəzifə maaşı məbləğində müavinət verilir.