Deputatın Azərbaycan və Rumıniyada biznesi - Sənəd

Deputatın Azərbaycan və Rumıniyada biznesi - Sənəd

22-08-2019 14:33 / Bu xəbər 1139 dəfə oxundu

"Naftalanın deputatı Mahir Aslanov ötən il mətbuata açıqlama vermişdi ki, "təmsil etdiyi" rayonda sanatoriya-filan tikdirmir, adında heç bir istirahət mərkəzi, biznes-filan yoxdur". 

Bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli yazıb.

O bidirib ki, deputatın biznesinin səsi Rumıniyadan gəlir: "Amma deyir ki, maaşa baxıram. Oğlu "Maserati” ilə avtoşluq edəndə deyirdi ki, biz zəhmətkeş insanlarıq. İndi sizə təqdim etdiyim sənədlərə baxın. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən əldə olunan sübutlar deputatın utanmadan mətbuata və ictimaiyyətə yalan dediyini təsdiq edir. Mahir Aslanov ötən il mayın 16-da Naftalanın Şirvan prospekti 4C ünvanında ümumi sahəsi 10 min kvadrat metrdən artıq 7 mərtəbəli müalicə-sağlamlıq mərkəzinin tikintisinə icazə alıb. Həm də öz adına".

Araşdırmaçı qeyd edib ki, Naftalanda deputatın daha bir müalicə sağlamlıq mərkəzi də var: Kəpəz sanatoriyası: "Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən əldə olunan digər bir sənədə görə, Mahir Aslanov öz adına 2017-ci il iyulun 18-də Xətai rayonu Nobel prospekti 9 ünvanında 7 mərtəbəli, mansardı olan ofis binasının tikintisinə icazə alıb. Yeri gəlmişkən, oğlu Məhəmmədəli Aslanov Xətai rayonu İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin (şöbənin adına baxın hələ, nə əcəb qarşısına analoqsuz sözü əlavə etməyiblər) müdiri vəzifəsində çalışır. Amma deputat orada ofis yox, otel tikdirib. İndi həmin ünvanda 95 saylı seçki dairəsi adından şəxsi biznesini təmsil edən Mahir Aslanovun ümumi sahəsi 2249.1 kv.m. olan "Nobel" oteli fəaliyyət göstərir".

"Bundan əvvəl isə mətbuat yazıb ki, Bakıdakı HAPPY İNN HOTEL və Kəpəz mebel salonları da deputata məxsusdur. Niyə HAPPY İNN? Çünki deputatımız xalqın əvəzinə çox xoşbəxtdir, mandat, otellər, istirahət mərkəzləri, sərhəd tanımayan biznes, deklarasiyasız sərvət...  Bir də deputatımızın səsi Avropadan, konkret desək, Rumıniyadan gəlir. Buxarestdə 17 ildən bəri fəaliyyət göstərən NİCO & KAPAZ SRL şirkətinin sahibidir", - jurnalist bildirib. 

Mahir Aslanov 96 saylı Goranboy-Naftalan seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin IV çağırış deputatıdır.