Deputatın "müdafiəsi" yalan çıxdı

Deputatın

05-08-2017 13:38 / Bu xəbər 1815 dəfə oxundu

DİN: "Nail Allahverdiyev sükan arxasında olub" 

Milli Məclisin 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən seçilmiş deputatı Astan Şahverdiyev Baş nazirin müavini, həmyerlisi,  "Qaçqınkom”un sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus "10-PP-203” dövlət qeydiyyat nişanlı "Mercedes Gelandewagen” avtomobilinin qəza törətməsi ətrafında yaranan qalmaqalla bağlı "ölkə.az”-a müsahibə verib.

O bildirib ki, qəzada Əli Həsənovun nəvəsinin və özünün təqsirli bilinməsi ilə bağlı fikirləri cəfəngiyyatdır: "Əli müəllimə qarşı səsləndirilən bütün bu kimi ittihamlar cəfəngiyyatdır və heç bir əsası yoxdur. Əvvəla, Nail Allahverdiyev Əli Həsənovun oğlu deyil, nəvəsidir. Digər tərəfdən isə qəza törədilən zaman nəvəsi maşında olmayıb, evdə olub. İndi də bir sıra saytlar ağıllarına gələni yazırlar ki, guya qəzanı nəvəsi törədib və sairə. Bütün bunlar yalandır. Mən Əli müəllimi və ailəsini gözəl tanıyıram. Onlar çox sadə və halal insanlardır. Əli Həsənovun rəhbərlik etdiyi Dövlət Komitəsi də Azərbaycanda ən şəffaf qurumlardan biridir. Saytlar Əli müəllimin nəvəsinə məxsus maşına yüksək qiymətlər qoyurlar. O maşının milyonluq qiyməti yoxdur. Ümumiyyətlə, o hadisədə Nail Allahverdiyevin təqsiri yoxdur. Qəza zamanı maşında Əli müəllimin nəvəsi deyil, sürücü olub. İndi bunu şou etməyin nə mənası var?".

Şahverdiyev baş verənlərin tirajlanmasında hakimiyyətdaxili qrupları da günahlandırıb: "Azərbaycanda söz və mətbuat azadlığı varsa, bu o demək deyil ki, sən ağlına gələni yazmalısan. Deməzdim ki, bu cür yazıların arxasında təkcə müxalifətçilər dayanır. Əli Həsənovun cənab Prezidentə, dövlətə və dövlətçiliyə sadiqliyi bəzi adamları narahat edir. Əli müəllim cənab Prezidentin rəhbərliyi altında böyük işlər görüb, məcburi köçkünlərlə bağlı güclü və şəffaf idarəetmə sistemi yaradıb. Bütün bunları heç zaman ləkələmək olmaz". 

Deputat bir qədər də irəli gedərək Əli Həsənovun nəvəsini Bill Qeytslə müqayisə edib. O bildirib ki, Nail Allahverdiyev bütün var-dövləti öz fərasəti ilə qazanıb: "Nail Allahverdiyev savadlı, fərasətli gəncdir, öz ağılı, zəhməti hesabına pul qazanmağı bacarır. Nə olsun ki, onun 21 yaşı var? Bəs Bill Qeyts neçə yaşında milyonçu olub? Bu cür qiymətləndirmə aparmaq ucuzluqdur. Niyəsə o yazını yazan adamların qəlbində böyük paxıllıq və xəbislik var. Əksinə, qabağa gedənə dayaq olmaq lazımdır. Daha ayağından çəkmək lazım deyil". 

Şahverdiyev qəza zamanı Nail Allahverdiyevin hadisə yerində olmadığını deyib: "Axı nə Əli müəllimin, nə də nəvəsinin bu hadisədə günahı yoxdur. Ancaq qəza baş verən zaman Əli müəllimin nəvəsi orada olmayıb, öz evində olub. Açığı mən o maşını da görməmişəm. Amma deyirlər ki, qəzanı "cip” "Mercedes-Benz” avtomobili törədib. Digəri isə rus avtomobili olub. Heydər Əliyev prospektində kim ötüşür? Bütün bunlar cəfəngiyyatdır. İndi cavan uşaq olduğu üçün hamı elə bilir ki, ötüşürmüş. Mən sizə bir misal göstərim. Bəzən maşınla harasa gedəndə görürsən ki, yol polisi cavan uşaq sürən maşını daha çox saxlayır. Amma yaşlı adamları saxlamır. Onları cavan olduqları üçün saxlayır. Düşünür ki, bunlar avtoşluq edə bilər. Ona görə də hamının dilinə bir söz düşüb ki, filankəsin oğlu, nəvəsi avtoşluq edirmiş. Bu bir hadisədir və hər kəsin başına gələ bilər. Mən yenə deyirəm ki, Əli Həsənovun nəvəsi həmin günü evində olub. Bunu sübut etmək üçün nə qədər şahid desən var. Bu hadisəyə sevinmək lazım deyil, bundan təəssüflənmək lazımdır. Belə hadisə hər adamın başına gələ bilər.    

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Ehsan Zahidov Bakının Heydər Əliyev prospektində "Mercedes Gelandewagen” markalı avtomobilin törətdiyi qəza ilə bağlı yenidən açıqlama verib. 

DİN-in mətbuat xidməti virtualaz.org saytının istintaqın gedişi və sürücünün şəxsiyyətinin müəyyən edilməsi haqda sualına cavab olaraq bildirib ki, aparılmış zəruri istintaq tədbirləri nəticəsində qəzanın baş verdiyi ərazidə müşahidə kameralarının görüntüləri araşdırılıb və "Mercedes Gelandewagen” markalı yolsuzluq avtomobilinin sükanı arxasında məhz vətəndaş Nail Allahverdiyevin olduğu müəyyən edilib.

Adıçəkilən sürücü cinayət məsuliyyətinə cəlb olunacaq.

Nail Allahverdiyev baş nazirin müavini Əli Həsənovun nəvəsidir. Daha öncə KİV və qorxunc qəzanın şahidləri dəfələrlə bildirmişdilər ki, məhz o, avtomobilin sükanı arxasında olub və insanların ölümünə gətirib çıxarmış qəza törədib.

Arqument.Az