Deputatın oğlunun yaxtasındakı olayla bağlı daha bir iddia

Deputatın oğlunun yaxtasındakı olayla bağlı daha bir iddia

08-11-2017 10:08 / Bu xəbər 279 dəfə oxundu

Azərbaycanlı model, "Miss Lafarella” internet yarışmasının iştirakçısı Günel Rəşid qızı Mirzəyevanın ölüm işi ilə bağlı yeni-yeni nüanslar ortaya çıxmaqdadır

Modelin deputat Elmira Axundovanın oğlu Həbib Axundova məxsus yaxta ilə dənizdə gəzintiyə çıxması, suda batması, hadisə vaxtı yaxta sahibinin da orada olması faktını Fövqəladə Hallar Nazirliyi təsdiqlədikdən sonra daha bir detal üzə çıxıb.

Azeuronews.com–a verilən məlumata görə, G.Mirzəyeva suya düşərkən yaxtada daha 4 nəfər olub. Onlardan ikisinin qız, ikisinin oğlan olduğu bildirilir.

Qızların kimliyi müəyyən edilməsə də, oğlanların Orxan Nadirov və Eynar adlı şəxslər olduğu iddia edilir. Ancaq yaxtada olan 6 nəfərdən yalnız Günel suda bataraq həlak olub.

O.Nadirov və Eynarın H.Axundovun dostları olduğu deyilir. Onların Günelin Lənkəranda keçirilən dəfn mərasimində iştirak etdikləri də xəbər verilir.

G.Mirzəyevanın anası lənkəranlı, atası bakılıdır. Amma nədənsə gənc model Bakıda deyil, Lənkəranda torpağa tapşırılıb. Məlumata görə, hadisə günü yaxtada olduğu iddia edilən Orxan Nadirov mərhumə xalq artisti, müğənni İlhamə Quliyevanın oğludur.

G.Mirzəyevanın ölümü ilə bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan adam öldürmə (124.1) maddəsi ilə cinayət işi başlanıb.

Criminalaz.com saytının sorğusunu cavablandıran FHN yaxtanın hadisədən sonra H.Axundovun adından çıxarılmasını təsdiqləyib.

Sitat: "26 iyun 2017-ci il tarixdə Mirzəyeva Günel Rəşid qızının ölümü ilə nəticələnən bədbəxt hadisə K-45 adlı ABB 1278 bort nömrəli Yamaha 242 Limited S tipli gəzinti katerin dənizdə olması zamanı baş vermişdir.

Göstərilən gəmi 01 iyul 2016-cı il tarixdə keçirilmiş texniki baxışın nəticələrinə əsasən Axundov Həbib Ramiz oğlunun adına dövlət qeydiyyatına alınmışdır.

17 iyul 2017-ci il tarixdə notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən gəmi H.Axundovun adından dövlət qeydiyyatından çıxarılmışdır.

Bədbəxt hadisə baş verən zaman gəminin sahibi H.Axundov gəmidə olub. Gəmi sahibi H.Axundov imtahan verərək 04 iyul 2016-cı il tarixdə Xidmətdən katerləri idarə etmək hüququ verən sürücülük vəsiqəsi almışdır”.

E.Axundova isə yenicag.az-a açıqlamasında nazirliyin rəsmi şəkildə medianın sorğusuna cavab olaraq verdiyi açıqlamaları təkzib edib:

"Oğlum hadisə yerində olmayıb. Orada olan şəxs onun dostu olub. Haqqında yayılan məlumat isə doğru deyil.

Oğlum bu hadisədən sonra orada olmadığı üçün heyfsləndiyini bildirib. Əgər orada olsaydı, batan qızı xilas edərdi. Çünki 15 il üzgüçülüklə məşğul olub.

Bu, sadəcə, bədbəxt hadisədir. Burada nə Həbibin, nə də onun dostunun günahı var. Xəzərdə hər yay minlərlə adam boğulub, dünyasını dəyişir. Ümumiyyətlə, Həbibin heç yaxtası olmayıb”.