"Dəyəri yüz minlərlə ölçülən avtomobillər, bahalı restoranlar..." - YAP üzvünün hekayəsi

22-08-2019 15:44 / Bu xəbər 281 dəfə oxundu

Sosial şəbəkələrdə və mediada Yeni Azərbaycan Partiyasının (YAP) Nizami Rayon Təşkilatının sədr müavini, Respublika Ağsaqqalar Şurasının sədrinin köməkçisi, "Türk Dünyası Ağsaqqalları qəzeti"nin baş redaktoru Ramin Əhmədovun komfort həyatını əks etdirən fotogörüntülər yayılıb.

Belə ki, R. Əhmədov müxtəlif bahalı avtomobillərdə - "Gallenvagen", "Maserati", "RangeRover"lərdə fotolar çəkdirib və sosial şəbəkələrdə paylaşıb.

Bu barədə məlumatı azfakt.com saytı yayıb. 

Sayt yazır ki, YAP Nizami rayon təşkilatının sədr müavini Ramin Əhmədovun qiyməti yüz minlərlə ölçülən avtomobilləri necə əldə etməsi və bahalı restoranlarda görünməsi barədə heç bir məlumat almaq mümkün olmayıb. 

Məlumatda deyilir ki, Ramin Əhmədovun təqdim etdiyi və qiyməti ayrı-ayrılıqda yüz min manatla ölçülən avtomobillərin nömrə nişanları 20-30 min manata başa gəlib.

O, Respublika Ağsaqqalar Şurasının sədri, deputat Fəttah Heydərovun köməkçisidir.  Fəttah Heydərov isə Fövqaladə Hallar naziri Kəmaləddin Heydərovun atasıdır.