Dəyişək, yeniləşək...

Dəyişək, yeniləşək...

06-10-2019 12:25 / Bu xəbər 2158 dəfə oxundu

Gələcəklə keçmiş arasında seçim etmə imkanı yaranarsa, insanlar hansını seçər, görəsən!?

Bir çox insanı düşündürəcək sualdır, deyilmi?

Gələcəyini bilmə imkanından məhrum, keçmişinin yadda qalan hadisələrini tez-tez xatırlayan insan normalda keçmişdəki yanlışlarını düzəldib yenidən yaşamağı seçərdi bəlkə də...

Realda biz hər ikisindən məhrum olsaq da, keçmişə nəzər salıb səhvlərimizi təkrarlamayaraq bugünümüzü yaşaya-yaşaya gələcəyə daha inamlı yürüyə bilərik, məsələn.

Nə isə...

Keçək yazımızın əsas mövzusuna.

Mövzumuz, təbii ki, son günlər cəmiyyətin diqqətində olan Müsavat Partiyası, yaxın günlərdə keçiriləcək Qurultayı, namizədlər, saxtakar iqtidarın ölkəyə demokratiya gətirmiş və gətirmək üçün mübarizənin tam mərkəzində olmağa çalışan, hardasa buna nail olan partiyanın qurultayöncəsi aktlarına maneçilik törətməsi, partiyamızın yaxın və uzaq keçmişi, bugünü və görmək istədiyimiz gələcəyidir, hələ ki...

İlk olaraq keçmişimizdən başlayaq, yaxın və uzaq keçmişimizdən...

Müsavat Azərbaycanın ən qədim və köklü siyasi təşkilatıdır.

Müsavat Azərbaycanın dövlət olaraq yaranmasının, var oluşunun səbəbkarı olan bir partiyadır. Məhəmməd Əmin Rəsulzadə və tərəfdarları 1911-də Müsavatı, 1918-də Azərbaycanı yaratdılar, yoxdan bir bayraq, bir dövlət qurdular. İnsanlara hürriyyəti dadızdırıb, millətlərə istiqlalı yaşatdılar, ölkəyə müsavatçılığı gətirdilər, bugünümüzün təməlini qoydular və bizi biz etdilər. Həmin bu müsavatçılığı 70 illik bolşevik işğalı, bolşevizmin çürük ideologiyası da yıxa bilmədi və biz Rəsulzadədən yadigar qalan müsavatçılığımızla yenidən dirçəldik, hürriyyətimizə, istiqlalımıza qovuşduq. 

Qovuşduq, müstəqilik, amma yenə müsavatçılıq, istiqlaliyyət, hürriyyət uğrunda savaşımız davam edir və yenə meydandayıq, mübarizədəyik, savaşdayıq...
Savaş alnımıza yazılıb sanki...

Savaşıb müstəqilliyimizi bərpa etdikdən sonra qazanclarımız çox olsa da, itirdiklərimiz də az olmadı, nə yazıq ki. Ən böyük itkilərimiz sayəsində əldə etdiyimiz istiqlalın bəhrəsi olan demokratik hakimiyyətimizi öz əlimizlə xuntaya təslim etməyimiz oldu və səbəbləri nə olursa olsun, 1 illik "səhv”in bədəlini 26 ildir "yaşayırıq”. 

26 ildir ki, ölkəni yenidən demokratik bir cümhuriyyətə çevirmək uğrunda savaşırıq, Rəsulzadənin bizə yadigar qoyub getdiyi dövlətin elə Rəsulzadə yadigarı olan Müsavatla, Müsavatda mücadiləmizi davam etdiririk. İllər keçir, dəyişən yalnız saçlarımızın rəngi olur, ritorikamız olur. 

Demək ki, dəyişmirik, ya da dəyişə bilmirik...

Demək ki, təkcə savaşmaq deyil, həm də savaşa-savaşa dəyişmək, dəyişərək savaşmaq yazılıb alnımıza...

Dəyişməliyik, xanımlar və bəylər, dəyişməliyik.

Köhnə mübarizə üsulu və taktiklərimiz nəticəni dəyişmək iqtidarında deyilsə, müsbət nəticə yoxdursa, papağımızı qarşımıza qoyub düşünməli və dəyişmək üçün yollar aramalıyıq.

Dəyişmək təkcə müsavatçılara aid deyil, demokratiya, istiqlal, hürriyyət uğrunda, Azərbaycan uğrunda savaşa qoşulmuş, illərini bu mücadiləyə vermiş hər kəs dəyişməlidi. İlk olaraq düşüncələrini dəyişməyi düşünməyi bacarmalıdı.

İrəlidə həm ölkəyə, həm dünyaya demokratiya nümunəsi göstərmiş, göstərən Müsavat Partiyası 9-cu Qurultayını keçirməyə hazırlaşır. Hələlik Müsavatda və Azərbaycan siyasətində öz sözünü demiş, deməkdə olan və hələ tam deməmiş 3 siyasətçi ölkənin ən köklü siyasi təşkilatına rəhbərlik etmək uğrunda mübarizə aparır: Arif Hacılı, Tofiq Yaqublu və Yadigar Sadıqlı. 

Hər birini başqan postuna görməli olsaq da, hər bir müsavatçı və Qurultay nümayəndəsi kimi bu 3 namizəddən birinə səs verməli, birini seçməliyik. 

Mənim seçimim var artıq və bunu dəfələrlə sosial şəbəkələrdən bəyan etmişəm. Bu şəxs partiyanın Divan üzvü Yadigar Sadıqlıdır. Yadigar bəyin namizədliyini müdafiə etmək, təbliğatını aparmaq o qədər asandır ki, onun barəsində nəsə yazanda çox düşünməyə ehtiyac qalmır. Sadəcə, Yadigar Sadıqlı yazmaq yetərlidir. Çünki Yadigar bəy illər ərzində tək xarizmasıyla deyil, həm də fəaliyyətilə bizə, şəxsən mənə bu şəraiti yaratmış bir siyasətçidir.

Keçən Qurultayda mən bir müsavatçı olaraq o zamankı namizədlər Arif Hacılı, Qubad İbadoğlu arasında seçim edərkən Arif Hacılı üzərində dayanmış və onun təbliğatını aparmışdım. Təbliğat dönəmində "Niyə Arif Hacılı?” başlığıyla yazı da yazmışdım. O zamankı seçimim üçün peşman deyiləm. Çünki 5 il əvvəl partiya üçün, partiyanın gələcəyi üçün bu namizədlər arasında seçim edərkən əmin idim ki, partiyanın 100 illik ideoloji xəttini davam etdirəcək, ölkədə köklü dəyişikliyə nail olmağımız uğrunda savaşda öndə gedə, bizi hakimiyyətə daşıya biləcək şəxs Arif Hacılı olacaq, Qubad İbadoğluyla isə Müsavat konstruktivliyə uğrayacaq. 

Doğrudur, Müsavat konstruktivliyə uğramadı, amma irəli də getmədi bu 5 il ərzində...

Kimsə deyə bilər ki, iqtidar miskindir, rəzildir, kişi kimi mübarizə aparmır, demokratik mühit yoxdur, avtoritarizm partiyaların normal fəaliyyətinə imkan yaratmır, o üzdən biz illər öncədən necə müxalifətdəydiksə, bu 5 il ərzində də yenə ordayıq, yerimizdəyik, müxalifətdə qalmağı davam etdiririk və bunda indik rəhbərliyin günahı yoxdur və s.

Tamam. Elədir. Avtoritar rejim bizə normal siyasi fəaliyyət göstərməyə imkan vermir, şərləyir, tutur, seçkiləri total saxtalaşdırır. Sizcə, necə olmalıdı!? Hakimiyyəti zəbt etmiş, polis gücünə saxlayan avtoritar bir xunta iqtidarı öz xoşuna təhvil verməli, oğurluq yolla toplamış milyardlardan imtinamı etməlidir?!
Buna inanmaq sadəlövhlük olardı, təbii ki...

Demək ki, nələrsə düz getmir, xanımlar və bəylər. Demək ki, yuxarıda qeyd etdiyim kimi köhnə üsullar, köhnə taktiklər işləmir və biz bu minvalla hələ uzun illər müxalifətdə qalacağıq, amalımıza, məqsədimizə, Azərbaycan üçün vacib olan demokratiyaya, yəni inkişafımıza qovuşa bilməyəcəyik.
Dəyişmək lazımdır, xanımlar və bəylər, dəyişmək!
Keçmişimizə baxıb gələcəyimizi düşünək. 

Dəyişək.
Dəyişək və yeniləşək.
Dəyişməmiz üçün şans da yaranıb artıq. Yadigar Sadıqlı bu yolda bizi irəliyə apara biləcək şəxsdir, şəxsiyyətdir. O, yeni görüşlü siyasətçidir, hərtərəfli bilgilərə malik intellektualdır. Bu, bəyə xüsusən gənclərin sevgisini qazanmağa imkan verir. Keçmiş tələbələrindən tutmuş onu sosial şəbəkələrdən tanıyan bitərəf gənclərə qədər bir çoxları Yadigar bəyə müstəsna hörmət və sevgi ilə yanaşırlar. Bu, Müsavatın şansıdır. Bu, Müsavatın gələcəyinə körpü ola bilər. Əminəm ki, Yadigar bəyi seçməklə daim qürur duyacağımız başqana malik olacağıq.

Dəyişmə, yeniləşmə zamanıdır indi. Və Rəsulzadə yadigarı Müsavatı zirvəyə aparacaq yol dəyişməyimizdən, yeniləşməyimizdən keçir yalnız!
Dəyişmək, dəyişərək savaşmaq, savaşa-savaşa dəyişmək, dəyişə-dəyişə yeniləşmək alnımıza yazılıb.

Yazımı dahi Cavidin misralarıyla bitirmək istəyitrəm:

Lazımsa cəhalətlə güləşmək,
Bir çarə var ancaq: yeniləşmək!

Dəyişək, yeniləşək, bu dəyişmədə, yeniləşmədə ən optimal namizədimiz Yadigar Sadıqlıya səs verək!

Səs verək, Müsavat qazansın, Azərbaycan qazansın!

Rüfət Baxışbəyli