“Dilənçi” payı - Nigar Cəfərova

“Dilənçi” payı - Nigar Cəfərova

09-03-2017 02:29 / Bu xəbər 1740 dəfə oxundu

Nigar Cəfərova

Bu səfər yaman tələsirdim. Ayaqlarımın ağrısından avtobus dalınca qaçmağa gücüm də qalmamışdı. Axır ki çata bildim…

Avtobusa minənə qədər yüz cürə qarğış, söyüş eşidib qulaqlarımı tutmağa çalışdım. Ona da imkan vermədilər. Hərəsi bir tərəfdən məni itələyir, az qala avtobusdan yıxmaq istəyirdilər.

Çox yorğun idim. Tək oturacaqların birində əyləşdim. Mənə elə gəlirdi ki, həmin anda hamı gözünü bu oturacağa zilləmişdi. Əllərində imkan olsaydı, oturacağı yerindən qoparıb başıma çırpardılar. Çantamdan qulaqcıqlarımı çıxarıb radionu qoşdum. Amma həmin andaca peşman oldum. İlahi, bu nə idi? Bir qız civ-civ səslə elə danışırdı ki, qulaq pərdələrim deşilmək üzrə idi. Çevirdim o biri radiostansiyaya. Bu da mənə toyxana çadırını xatırlatdı. Digərində isə kimisə tərifləyirdilər, birdən aparıcı qonağa dedi ki, bağışlayın, bu qədər çox təriflədiyiniz insan kimdir? Deyəsən, qonaq özü də unutmuşdu. Araya bayağı mahnı saldılar, söhbət də qurtarıb getdi.

Artıq avtobusda sərnişinlər xeyli artmışdı. Birdən yaşlı qadın gəlib başımın üstünü kəsdirdi: ”Qızım, dur, nənə otursun”.

Hə, bu da "dilənçi” imiş. Mən durmadım. Qadın arxa tərəfə keçdi,axırda kimisə yerindən qaldırdı. Həmin adam nəzakət xatirinə bir-iki saniyə gülümsədi. Amma gülən üzü təkcə nənə gördü. Mənim gördüyüm simada minnətli baxışlar var idi, bir də "mən indi ağır çantanı belimdə iki saat necə daşıyacam? Bu hardan çıxdı axı? Oturduğu yerdən qalxa bilməsin!” ifadəsi vardı. Deyəsən, nənənin yanında 1 manatına qıymayıb onu taksi ilə aparmayan xəsis oğlu mənim dalımca danışırdı. Yerdən ona dəstək verənlərin səslərini də eşidirdim. Amma susurdum. Pəncərədən Bakı Olimpiya Stadionuna baxır, bu möhtəşəmliyin neçə milyonlara başa gəldiyini düşünürdüm…

Sürücü avtobusu o qədər möhkəm sürürdü ki, ayaqüstə dayananlara əyləci bir dəfə sıxmaq bəs idi, hamısı üst-üstə yıxılacaqdı... Balaca, sarı qız uşağı qorxudan ağlamağa başlamışdı. Onu öz yanımda əyləşdirdim. Anası təsəlli verəndən sonra ağlamağını kəsdi. Həmin xanım bir-iki dəfə etirazını bildirsə də, sərnişinlərdən heç bir səs çıxmadı. Heç bayaq mənə ağız büzənlər də, ayağa qalxmamaq üçün özünü "sığortalayan” arxa oturacaqdakı cavan oğlanlar da, öz yerində rahatca yuxuya gedən nənə də dillənmədi. 

Gənc xanım dəfələrlə təkrar edirdi: "Səsimizi çıxarmırıq,ona görə də avtobus sürücüsü bizimlə istədiyi kimi davranır".

Təzədən radionu qoşdum.

Qonaq hələ də təriflədiyi adamın adını axtarırdı...
 
Toplum.Tv