DİN: "Avropada baş vermiş hadisələri montaj edib yayırlar"

DİN:

24-10-2019 16:35 / Bu xəbər 1438 dəfə oxundu

Daxili İşlər Nazirliyi (DİN) oktyabrın 19-da keçirilmiş aksiya ilə bağlı açıqlama yayıb.

Qurumun "Facebook" səhifəsində yayılan açıqlamada bildirilir ki, özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun üzvləri oktyabrın 19-da aksiya keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmələri, bu məqsədlə onlara müvafiq yer ayrılmasına baxmayaraq, müxalifət təmsilçiləri paytaxtın mərkəzində ictimai qaydanın kobud pozuntusu ilə müşayiət olunan hərəkətlərə yol veriblər. Bu zaman əhalinin rahatlığının pozulmasına yönələn hərəkətlərin qarşısı polis əməkdaşları tərəfindən qanun çərçivəsində alınıb.

DİN vurğulayıb ki, bu zaman fəaliyyətlərinə heç bir maneə yaradılmadan, hadisələri işıqlandırmaq məqsədi ilə çəkiliş aparan şəxslər tərəfindən polisin fəaliyyətinə dair bir neçə olay, Avropa dövlətlərində baş verən hadisələrlə montaj edilərək, sosial şəbəkələrdə paylaşılıb: "Xüsusi qruplar tərəfindən polisin imicini ləkələmək məqsədi ilə təhqir, böhtan, söyüşlərin paylaşıldığı bu statuslar, xalqın böyük əksəriyyəti tərəfindən narazılıqla qarşılanır və bununla bağlı ölkə vətəndaşları və ölkəmizə xüsusi simpatiyası olan əcnəbilər tərəfindən paylaşılan etirazlarda ölkəmizin qanunlarına hörmət, polis əməkdaşlarına ehtiram ifadə olunur".

Oktyabrın 19-da Demokratik Qüvvələrin Milli Şurası "28 May" metrostansiyasının qarşısında aksiya keçirib. Polis aksiya iştirakçılarına və jurnalistlərə qarşı kobud davranıb, zor tətbiq edib. 

Onlarla şəxsin saxlanıldığını, təzyiqlərə məruz qaldığını göstərən görüntülər yayılıb. Ərazidə internetin verilməsi məhdudlaşdırılıb. 

Hadisə zamanı saxlanılanlar arasında AXCP sədri Əli Kərimli, Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu, həmçinin çoxsaylı mitinq iştirakçısı fiziki işgəncələrə məruz qalıb. 

Bir neçə saat saxlanılan Əli Kərimli döyüldüyünü, işgəncələrə məruz qaldığını deyir. Onun başına 6 tikiş qoyulub. Tofiq Yaqublu isə 30 gün müddətinə azadlıqdan məhrum edilib.

Ailə üzvləri onun ağır işgəncələrə məruz qaldığını deyir. 
 
Qızı Nigar Həzi bildirib ki, atası ilə görüş zamanı işgəncə izlərinin onun sifətində qaldığını görüb.///Toplum.Tv