Dollar 2 manatı ötəcək - Ekspertlərdən proqnoz

Dollar 2 manatı ötəcək - Ekspertlərdən proqnoz

30-12-2016 19:54 / Bu xəbər 2814 dəfə oxundu

"Manatın gələcək məzənnəsi haqqında dəqiq fikir bildirmək çətindir. Bu idxal-ixrac əməliyyatlarından, bir də ki, ticarət saldosundan asılı olacaq".

Bunu Milli Məclisin iqtisadi siyasət komissiyasının üzvü, deputat Vahid Əhmədov 2017-ci ildə manatın məzənnəsinin dollara nisbətdə necə olacağı ilə bağlı fikirləri şərh edərkən deyib. 
Картинки по запросу Vahid Əhmədov
Onun sözlərinə görə, müsbət saldo ticarət palatasında olacaqsa, manat müəyyən qədər qorunub saxlanacaq: "Neftin qiyməti yüksək olacaqsa, manatın məzənnəsini qoruyub saxlamaq mümkün olacaq. Bir də cənab prezidentin imzaladığı Yol xəritəsi  təsdiq etdi ki, qeyri-neft sektorunda lazımi ixrac təşkil  edilsin, Azərbaycana əlavə gəlir gəlsin və müəyyən qədər manatın məzənnəsi qorunub saxlanılsın. Çox gümün ki, manatla bağlı bu siyasət davam etdiriləcək”.

Natiq Cəfərli: "Manatın dəyərdən düşməsi prosesi daha sürətli olacaq”

Respublikaçı Alternativ Təşkilatının İcra katibi, iqtisadçı-ekspert Natiq Cəfərli isə hazırda əsas problemi insanların, iş adamlarının xarici valyutaya çıxış imkanlarının məhdudlaşdırılmasında gorür: ”Əslində, 2017-ci ildə manatın məzənnəsi üçün dəqiq rəqəm demək çox çətindir. Çünki manatın məzənnəsinin düşməsi bir çox məsələdən - dünya bazarlarında neftin qiyməti, Türkiyə, Gürcüstan və Rusiyada gedən proseslərdən asılı olacaq. Hansı ki əsas ticarət tərəfdaşlarımız bu ölkələrdir. Ən azından onu demək mümkündür ki, 2017-ci ildə manatın dəyərdən düşməsi prosesi daha sürətli olacaq. Mənə elə gəlir ki, heç məzənnə də olmayacaq, artıq rəsmi məzənnə öz aktuallığını itirib. İndi əsas problem valyutaya çıxış imkanlarının kifayət qədər məhdudlaşmasıdır və iş adamların, sadə vətəndaşların imkanlarının tükənməsidir. Bununla bağlı gələn il problem həll olunmasa, qara bazarın daha ciddi vüsət alması ehtimalı var. Bu isə gələcəkdə mal və xidmətlərin sürətlə bahalaşmasına, qiymətlərin kəskin artımına səbəb ola bilər.  Ona görə də gələn il məzənnə ilə paralel olaraq valyutaya çıxış imkanları məsələsi də öz aktuallığını saxlayacaq. İnsanları məzənnədən daha çox valyutanın alış-satışının sərbəstliyi maraqlandıracaq. Görünənən odur ki, gələn il bazarda dollar satan neft fondu olacaq, çünki mərkəzi bank valyuta satışlarını tamamilə dayandırıb. Neft fondunun isə gələn ilin büdcəsinə uyğun olaraq satışa 4 milyard dollar valyuta çıxarma ixtiyarı var. Əsas problem isə burada yaranacaq; ölkənin valyutaya olan təlabatı aylıq təxminən 800 milyon - 1 milyard dollar arası dəyişir, yəni illik 10 -12 milyard dollar valyuta təlabatımız olacaq. Disbalans yaranacaq və mənə elə gəlir ki, gələn il sərbəst valyuta alış-satışı tənzimlənməsə, Mərkəzi Bank və hökumət bu ayıbı aradan qaldırmasa, halbuki qara bazarın olması ölkə üçün ayıbdır - rəsmi məzənnə ilə qara bazardakı real məzənnə arasında fərqin getdikcə artmasına şahid ola bilərik”.

Samir Əliyev: "Rəsmi məzənnə dollara nisbətdə iki manatı ötəcək”
Samir Əliyev arqument.az ile ilgili görsel sonucu
İqtisadçı-ekspert Samir Əliyev hökümətin elan etdiyi tam üzən məzənnəyə keçidin mümkün olmayacağı qənaətindədi: "Bütün proseslər onu göstərir ki, manat dəyərini itirəcək, yəni manatı indiki səviyyədə saxlamaq mümkün olmayacaq. Sadəcə olaraq, sual olunur ki, bu ucuzlaşma hansı formada həyata keçiriləcək. Yəni əvvəl iki dəfə baş vermiş devalvasiyada olduğu kimi kəskin olacaq, yoxsa bu proses tədricən baş verəcək?  Hökümət çalışacaq ki, manat tədricən ucuzlaşsın. Ola bilər ki, vəziyyət çətin olsun və hökümət kəskin devalyasiyaya getmiş olsun. Bu, situasiyadan asılı olacaq. Neft amili də var ki, neft bahalaşarsa, qiyməti 60 dollardan yuxarı olarsa, müəyyən qədər manata dəstək ola bilər. Amma neft bu səviyyədə qalsa və ya ucuzlaşsa, düşünürəm ki, manatı eyni məzənnədə saxlamaq çox çətin olacaq. Ümumən götürəndə manatın tam üzən məzənnəyə keçməsini hökumət elan edib. Düşünürəm ki, tam üzən məzənnəyə keçmək mümkün olmayacaq. Tam üzən məzənnəyə keçid kəskin devalvasiyaya getmək deməkdir. Belə olan halda manat birdən-birə dəyərini itirə bilər. Bu baxımdan, fikrimcə, gələn il tənzimlənən üzən məzənnə qalacaq. Hökumət tam üzən məzənnəyə keçərsə, bu artıq bank sektorunu da tamam sıradan çıxaracaq. Bu hal həm sahibkarlıq üçün, həm də əhalinin sosial vəziyyəti üçün problemlidir. Gələn il manatın hansı məzənnədə olmasını demək çətin olsa da, düşünürəm ki, rəsmi məzənnə dollara nisbətdə iki manatı ötəcək. Əgər rəsmi məzənnə iki manatı keçərsə, bu o deməkdir ki, dolların satışı və qara bazardakı qiyməti daha yüksək olacaq. Hər halda mən gələn il manatın indiki səviyyədən daha da möhkəmlənməsini gözləmirəm. Yəni manatın gələn ilə olan perspektivi ancaq ucuzlaşmaqdır”.
 
Xatırladaq ki, Azərbaycanın milli valyutası bir il ərzində iki dəfə devalvasiyaya məruz qalıb. Belə ki, birinci devalvasiya 2015-c il fevralın 21-də, ikinci devalvasiya isə dekabrın 21-də baş verib. 

Nuru Nurəddinoğlu