Dollar bahalaşacaq? - ŞƏRH

Dollar bahalaşacaq? - ŞƏRH

30-01-2018 20:11 / Bu xəbər 968 dəfə oxundu

"S&P Global Ratings” beynəlxalq reytinq agentliyi 2019-2021-ci illərdə manatın dollara qarşı məzənnəsinin ucuzlaşacağını proqnozlaşdırır.

Agentliyin proqnozlarına görə, 2018-ci ildə manatın dollara nisbətən məzənnəsi 1,7 manat/$1 təşkil edəcək.

"2019-cu ildən etibarən dolların manata nisbətən məzənnəsində artım müşahidə olunacaq”- agentliyin analitiklərinin qiymətləndirmələrində qeyd olunur. 

Xüsusilə 2019-cu ildə orta məzənnə 1,79 manat/$1, 2020-ci ildə 1,87 manat/$1, 2021-ci ildə $1,97 manat/$1 səviyyəsində proqnozlaşdırılır.

Deputat Aydın Hüseynov Toplum.Tv-yə açıqlamasında hesab edir ki, Azərbaycan dünya ölkələrinə inteqrasiya etdiyinə görə, digər ölkələrin valyutalarında gedən ciddi dəyişiklik onun iqtisadiyyatına da öz təsirini göstərir: "Bununla belə, manatın məzənnəsinin yaxın illərdə aşağı düşməsi ehtimalı yoxdur. Çünki Dünya Bankı da, Beynəlxalq Valyuta Fondu da Azərbaycan iqtisadiyyatının yaxın 2 il ərzində 1.5 2 faiz artacağını planlaşdırır. Digər tərəfdən də, bizim valyuta ehtiyatlarımız hər il artır”. 

Deputatın sözlərinə görə, təkcə bu il valyuta ehtiyatları dollarla 4.5 milyard artıb. 

Manata təzyiq edən amilləri sadalayan Aydın Hüseynov deyir ki, bunlar neftin qiymətinin aşağı düşməsi, valyuta ehtiyatlarının azalması, dünyada gedən qlobal iqtisadi problemlərdir: "Valyuta ehtiyatları haqqında cənab prezident  konfransda da öz tapşırıqlarını verdi. Neftin qiyməti də 65-70 dollar ətrafındadır.  Bütün bu təhlillər göstərir ki, bir-iki il ərzində manatın məzənnəsində dəyişiklik edilməsi ilə bağlı proqnozlar real deyil”.

İqtisadçı ekspert Natiq Cəfərli isə deyir ki, manatın inzibati qaydada tənzimlənməsini artıq bir neçə beynəlxalq təşkilat təsdiqləyir: "Mərkəzi Bank üzən məzənnəyə keçdiyini elan edəndən bəri mən dəfələrlə qeyd etmişəm ki, bu üzən məzənnə rejimi deyil. Mərkəzi Bank məzənnə rejiminin hansı formada keçirildiyini cəmiyyətə izah etsə, daha yaxşı olar. Təəssüf ki, Mərkəzi Bank üzən məzənnə rejimi olması ilə bağlı israr edir. Amma beynəlxalq qurumlara da aydındır ki, bu, tənzimlənən formada həyata keçirilir”. 

Onun sözlərinə görə, manatın məzənnəsi neft qiymətləri ilə sıx bağlıdır. Yəni neft qiymətləri sağlam olduqca, manatın da məzənnəsi möhkəm olur: "Neftin qiymətinin indi 70 dollar civarında olması manata olan basqıları və kəskin devalvasiyanın qarşısını alır. Amma manatın məzənnəsinin yumşaq formada aşağı düşməsi ehtimalı yüksəkdir. İki amillə bağlıdır. Birincisi, dünyada dollar indeksinin yüksəlməsi ehtimalı üzərində qurulur. Yəni FED bu il 3 dəfə, gələn il də 3, ya 4 dəfə faiz artırmağı düşünür. Bu da dolları bütün dünyada möhkəmləndirsə, təbii ki, manata da təsirsiz ötüşməyəcək”.

İqtisadçı əlavə edib ki, bu il məzənnədə ciddi dəyişiklik olmasa da, gələn il manatın dollar qarşısında zəifləməsini görmək olar.

Gülzar N. Məmmədli