“Dollar yeni rekord vuracaq”

“Dollar yeni rekord vuracaq”

06-01-2017 01:23 / Bu xəbər 2814 dəfə oxundu

"Dollar Azərbaycanda indiyə kimi bu cür baha olmayıb”.

Bunu BakiPost.az-a iqtisadçı ekspert Samir Əliyev bu gün keçirilən ikitərəfli valyuta hərracında 1 dolların 1, 7742 manat olmasını şərh edərkən deyib.

Onun sözlərinə görə, iki dəfə olan devalvasiya zamanı belə dolların qiyməti bu qədər qalxmayıb: "Hazırda rəsmi məzənnə 1.77-dən bir qədər çoxdur. Yəqin ki sabah Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə 1.78-ə yaxın olacaq. Rəqəmlər göstərir ki, bu vaxta qədər dollar bu həddə olmayıb”.

S. Əliyev əlavə edib ki, Azərbaycanın milli valyutası hələ öz bazar dəyərini almayıb: "Dünyada neftin qiyməti bahalaşdıqca, milli valyutalar da bahalaşır. Bu, bir çox ölkələrdə belədir. Azərbaycanda isə bu baş vermir. Bunun da səbəbi hələ ki, Azərbaycanda manatın öz bazar dəyərini almamasıdır. Manatın məzənnəsi süni sürətdə saxlanılır. Ona görə də proses manatın ucuzlaşması istiqamətində davam edir. Hesab edirəm ki, ucuzlaşma davam edəcək. Sadəcə olaraq müzakirə mövzusu bu ucuzlaşmanın kəskin, yoxsa yumşaq olmasıdır. Mərkəzi Bankın davranışı onu göstərir ki, proses yumşaq ucuzlaşma istiqamətində gedəcək”.

İqtisadçı hesab edir ki, neftin qiyməti 60 dolları keçsə, bu hökumətə gəlirlərin artması hesabına manatı kəskin ucuzlaşmadan qorumağa imkan verəcək: "Azərbaycanın bu günkü iqtisadi vəziyyəti manatın məzənnəsini saxlamağa imkan vermir. Manatı sabit saxlasalar, sonda məcbur olub kəskin devalvasiyaya gedəcəklər. Ona görə də mütləq şəkildə yumşaq devalvasiya olmalıdır”.

İqtisadçı onu da qeyd edib ki, bundan sonrakı hər bir hərrac yeni bir rekord göstərici olacaq.

Xatırladaq ki, Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirak etdiyi hərrac 1 ABŞ dolları üçün 1,7707 məzənnəsi ilə başlayıb və 1,7742 məzənnəsi ilə yekunlaşıb.