Dollara tələbat niyə artır?

Dollara tələbat niyə artır?

14-03-2019 14:02 / Bu xəbər 1550 dəfə oxundu

Dövlət Neft Fondu Mərkəzi Bankın bu il keçirdiyi valyuta hərraclarında 951,1 milyon ABŞ dolları məbləğində vəsait satıb. 

Yanvarın hərraclarında fonddan 634,9 milyon dollar, fevralın hərraclarında 316,2 milyon dollar alınıb.

İqtisadçı Natiq Cəfərli yazır ki, Neft Fondunun valyuta satışı ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 287,9 milyon dollar çoxdur: "2018-ci ilin yanvar-fevral ayları ərzində fond valyuta hərraclarında 663,2 milyon dollar məbləğində vəsait sərf etmişdi. 

Artım göstərir ki, ölkədə büdcə xərcləri artdıqca dollara tələbat artır, çünki xərclərin bir qismi korrupsiyaya yem olur, həmin vəsait dollara çevrilir. İstehlak çoxaldıqca da dollara tələbat artır, geyimə xərclənən hər manatın 65 qəpiyi dollar olub Çinə-Türkiyəyə gedir.

Ölkədə sağlıq durumu pisləşdikcə dərmana tələbat artır, deməli, dollar ölkədən uçur. Maaş, təqaüd, ödənişlər artdıqca dollara yönələn manat da artır, çünki əhali qazandığının, rəsmi rəqəmlərə görə, 48 faizini, qeyri-rəsmi hesablamalara görə, 60 faizindən çoxunu ərzağa, yeməyə xərcləyir, bunun da 75 faizi ya birbaşa xarici maldır, ya da üstünə yerli yazılmış, tərkibi xaricdən alınan, ölkədə qablaşdırılan mallardır”.

Novator.az