“Doqquz Hekayə” haqqında qeydlər - Şəbnəm Karslı

“Doqquz Hekayə” haqqında qeydlər - Şəbnəm Karslı

14-12-2015 14:58 / Bu xəbər 3544 dəfə oxundu

Şəbnəm Bəkirzadə KARSLI

"O ancaq kədəri tanıyırmış...”

Kitab yaxşı bir facebook statusu ilə başlayır.

Illər sonra (bəlkə, o günü mən görmədim, uzun sürə bilər) sosial medya janrı da ədəbiyyata daxil ediləcək, yeni bir janr kimi öz yerini mütləq tutacaq. Qan Turalının "Doqquz Hekayə” kitabı da sosial medya, publisistika və hekayə janrlarının qarışımından yaranmış yeni bir fikir kimi qiymətləndiriləcək, buna inanıram və istəyirəm. Amma bu gün ədəbiyyatda elə bir janr hələ ki mövcud deyil və mən kitabı nəsr nümunəsi kimi oxumalıydım. 

Öncəliklə kitabda ən çox bəyəndiyim hissə haqqında yazacam. "Şaxta babanın qətli” hekayələr toplusunu öncədən də oxumuşdum. Struktur olaraq çox xoşuma gəldi. Eyni hadisə - bir qətl faktı var ortada və müəllif ustalıqla fərqli baxışlardan qətlin baş vermə səbəbini yazır. Bəsit və məişətdə çox tez-tez rastlaşdığımız hadisələrin fonunda yazılıb, hekayələrdə hər kəsdən, hər ailədən biri var, bir detal, epizod var, yaşadığımız, başımıza vəya tanıdığımız birinin başına gəlmiş şeylər var. Kitabda ən çox bəyəndiyim bölüm də məhz "Şaxta babanın qətli” hekayələr toplusu oldu. 

Kitabın eniş nöqtəsi isə primitivliyi və yeniyetmə təfəkkürünü aşa bilməyən "Bir-birini sevməkdən qorxan iki adamın hekayəsi” oldu. Hekayə dialoqlardan ibarətdir, dialoqlar isə daha çox sosial medya yazışmaları təəssüratını yaradır. Təsirlər, qapılmalar, alıntılar tüğyan edir. Hətta deyərdim ki, daha sosial medya yazışmalarında da istifadə etmədiyimiz köhnə dil var. Müxtəlif təsirlənmələr isə hekayani zəif göstərir. 

Hekayədən bu hissəni oxuyanda isə özümü saxlaya bilmədim, kənarına qələmlə "Abarttın Tural” yazdım:

- Bizi elə bu gözəl havalar məhv etmədimi?
- Gözəl havalar yox, bəlkə, sənin tutqun havaların məhv elədi...

Tanış gəldimi?

Kitabı qələmlə oxumağı sevirəm, hər an ağlıma gələn bir şey ola bilər və bunu kitabın boşluqlarında qeyd etməkdən həzz alıram. Əlbəttə, kitabı bitirdikdən sonra o qeydləri silirəm, kitabları təmiz saxlamaq lazımdır. "Doqquz hekayə” bitəndə kitabı təkrar vərəqlədim, gördüm ki, Turaldan çox yazmışam, qeydlərim səhifələri doldurub. Sanki yazarla daimi dialoq içindəydim, mən hekayə qəhrəmanları ilə deyil, məhz qələm sahibi ilə yazışırammış. 

Adətən mənimlə belə olmur. Mənim oxuculuğum sadə landşaftşünas oxuculuğudur. Romana ədəbiyyatdan çox-çox uzaq bir adam kimi yanaşıram, romantizmlə oxuyuram, qapılıb getməyi, məni real həyatda kədərləndirən hadisə və onların xatirələrini unutmağa çalışaraq oxuyuram. Bu dəfə alınmadı. 

Məsələn, son on gündə iki fərqli roman oxumuşam, biri Çağdaş Azərbaycan ədəbiyyatından, digəri klassik rus. Şərif Ağayarın "Gülüstan” romanını oxuyarkən bəzən Adəm olurdum, bəzən Həyat, Gülüstanda olurdum, hekayələrə qapılırdım, nəinki yazarı, özümü bile unudurdum. Tolstoyun "Anna Karenina”sında da eyni şekilde qapılma baş verirdi, Anna olurdum, sevirdim, xəyanət edirdim, vicdan əzabı çəkirdim, intihar edirdim...

Qan Turalının "Doqquz Hekayə”kitabını iki dəfə oxudum, başdan sona, birnəfəsə. Dili sadə, oxunaqlı, fikirlər aydın, nə demək istədiyi, mesajları net, hədəfə onluqdan vurur... Amma mən kitab boyunca Turalı unutmadım, müəllif yaddan çıxmadı. Məni alıb götürmədi hekayələr, dalıb gedə bilmədim, köşə yazısı, məqalə, yaxşı uzun bir facebook statusu oxuduğum zamanlardakı kimi oldu hər şey...

Yaxşı yazıb, yaxşı fikirdir, maraqlı yanaşmadır, özünəməxsus yazıb kimi ifadələr işlətdim, ama hekayələşdirmə işi tamamlanmamış görünür. Mən ədəbiyyatdan uzaq sadə landşaftşünasam axı, nəzəri yanaşa bilmirəm, sadə oxucu zövqüm var və bu zövq "Mustafa” romanından bir az çox olsa da tam məmnun qalmadı. Duzu unudulmuş amma çox ləziz hazırlanmış Şəki pitisi təəssüratı yaratdı, duvaqsız gəlin, xalılarsız ev kimi bir şey idi. Ama mən bu kitabda duzun, duvağın və ya xalının məhz nə olduğunu bir türlü anlaya bilmədim. 

Müəllifə uğurlar! Tez bir zamanda duzu, duvağı və xalıları tapıb yerinə qoymasını arzu edirəm, gözəl, daha gözəl ədəbiyyat nümunələri oxumaq həm istəyimiz, həm də tələbimizdir, oxucu başqa nə istər ki?!