DSMF ölülərə pensiya yazırmış

DSMF ölülərə pensiya yazırmış

11-05-2018 17:37 / Bu xəbər 2379 dəfə oxundu

Vəfat edən 181 nəfərə qanunsuz pensiya yazılıb

Nemət Əliyev: "Sonra da təəccüblənirik ki, o məmur, o nazir villaları hansı pullarla tikilir”

Azərbaycanda vəfat etmiş 181 nəfərə pensiya yazılıb.

Bu barədə "Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti haqqında” adlı hesabatında deyilir.

Sənəddə bildirilir ki, aparılmış audit tədbirləri 2016-cı il üzrə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məcburi dövlət sosial sığortası üzrə gəlirlərinin və xərclərinin proqnozlaşdırılmasında mövcud potensialın qiymətləndirilməsi, gəlirlərin və xərclərin icra vəziyyətini əhatə edib.

"Qeyd olunan dövrdə qeyri-büdcə sektoru üzrə debitor borcların aradan qaldırılması istiqamətində Fondun fəaliyyəti həmin tədbirləri tam əhatə etməyib. Auditin başlanıldığı tarixə 181 halda pensiya alan şəxslərin vəfat etdiyi tarixdən sonra hesabların bağlanılmadığı, həmin hesablara ödənişlərin davam etdirilərək 624,5 min manat, 35 şəxsin, eyni zamanda Fondun iki müxtəlif yerli orqanından əmək pensiyası aldığı və nəticədə onlara ikiqat pensiya ödənilərək, ümumilikdə 319,1 min manat məbləğində vəsait ödənildiyi məlum olub”.

İqtisadçı Nemət Əliyev deyir ki, 35 nəfər şəxs eyni dövrə aid əmək pensiyasını hər ay iki dəfə alırmış. İzi itirmək üçün pulları Fondun iki müxtəlif şöbəsindən çıxarırmışlar:

"Bəlkə də o zavallı pensiyaçı o ikinci məbləğin heç üzünü də görməyib. Bu yolla çıxarılan məbləğ 319 min manatdan çox olub. Tək bu iki hoqqanın ümumi məbləği 1 milyon manata yaxındır. Adamlar əməlli başlı qaz vurub, qazan doldururmuşlar. Sonra da təəccüblənirik ki, o məmur, o nazir villaları hansı pullarla tikilir. Pensiyaçının puluna göz dikən məmurdan da, nazirdən də bu dövlətə gün ağlayan olmaz. İlk fürsətdəcə yararlanmağa, oğurlamağa çalışacaqlar. Odur ki, belələrindən tamamilə üzülüşmək lazımdır. Əks halda, millətin başı hələ çox çəkəcək”.

Meydan.Tv