Durğu işarələrindən istifadənin incə məqamları

Durğu işarələrindən istifadənin incə məqamları

02-06-2019 12:15 / Bu xəbər 16729 dəfə oxundu

Nabatəli Qulamoğlu, təhsil eksperti, 
DİM yanında İctimai şuranın üzvü

Bu gün dilimizdə istifadə olunan punktuasiya qaydaları, demək olar ki,  SSRİ Elmlər Akademiyasının 1956- cı ildə nəşr etdiyi "Rus dilinin orfoqrafiya və punktuasiyası" adlı kitabında  verilmiş qaydalara əsaslanır. Heç şübhəsiz, Azərbaycan dilinin özəllikləri də bu qaydalarda nəzərə alınmışdır. Bu yanaşma postsovet məkanındakı digər respublikaların dövlət dillərinə də  aiddir. 

Yeri gəlmişkən, orfoqrafiyadan fərqli olaraq, punktuasiya ümumilikdə  internasional xarakter daşıyır, çünki orfoqrafiya hər bir dilin fonetik və morfoloji quruluşuna əsaslanır. Onu da unutmaq olmaz ki, rus dilçilərindən D. E. Rozental, V. V. Babayseva,  N. S. Valqina və b. həmin kitabda verilmiş qaydalara çoxlu yeniliklər gətirmişlər. Bu məqalədə punktuasiya sahəsində əmək sərf etmiş Azərbaycan və rus dilçilərinin yanaşmalarını təhlil edərək oxuculara öz baxış bucağımızı təqdim edəcəyik.

Punktuasiya qaydalarını  təqdim  edən müəlliflərin sayı çox olsa da, onun məntiqi izahını verməyə səy göstərənlər azdır.  Belə olanda, sanki, punktuasiya əzbərçi bir elmə çevrilir, qaydalar isə diktat rolunu oynayır. Beləliklə, şagirdin, eləcə də yazı mədəniyyəti ilə gündəlik məşğul olan elmi ictimaiyyətin tənqidi təfəkküründən faydalana bilmirik.

Bəri başdan deyim ki, bu yazıda müəyyən sistemsizliyin olması qaçılmazdır, çünki biz punktuasiya qaydalarını sistem şəklində təqdim etməyi qarşımıza məqsəd qoymamışıq. Bir halda ki söhbət onun incə məqamlarından gedir, müəyyən pərakəndəliyin olması mümkündür. 

Əvvəlcə punktuasiyanın prinsipləri və funksiyaları haqqında bəzi məlumatları oxucularla bölüşməyi lazım bilirik.

Punktuasiya  və durğu işarələri anlayışları  çox zaman eyniləşdirilir. Həm Azərbaycan, həm də rus dilində "durğu" ("prepinat" feilindən) "dayanmaq", "saxlamaq" mənasını ifadə edir. Azərbaycan dilinin izahlı lüğətində qeyd edilir: "Durğu işarələri qram. - yazıda (mətndə sözlər və söz birləşmələri arasında sintaktik əlaqəni göstərən qrafik işarələr (nöqtə, vergül, iki nöqtə və s.)". Azərbaycan dilində durğu işarələrindən danışarkən rus dilinə istinad etməyimiz heç də əbəs deyil, çünki  dilimizin durğu işarələri  rus dilinin punktuasiya qaydalarına əsaslanır. Hər iki dildə işarələrin sayı (10)  da bərabərdir. İngilis dilində isə 14 durğu işarəsi vardır. 

On durğu işarəsindən başqa, abzasın  da ayırıcı funksiyaya malik olduğunu bildirirlər [23, 251].  

Hesab edirik ki, bu, doğru yanaşma deyil. Aydın məsələdir ki, abzas bir neçə cümlədən ibarət olan nitq parçasını   bir- birindən ayırır. Onun xüsusi işarəsi yoxdur.  Burada ayırıcı rolda nöqtə çıxış edir (rubrikalarda isə vergül və nöqtəli vergül bu funksiyanı yerinə yetirir).

Təbii, izahlı lüğətdə verilmiş tərif çox məhdud çərçivəni əhatə edir. Bu, söz və söz birləşmələrinin dairəsindən kənara çıxa bilmir, amma durğu işarələri ən azı mürəkkəb cümlənin tərkibindəki sintaktik bloklar arasında qoyulur. Bir sözlə, əhatəli deyil və anlayışın mahiyyətini  qismən ifadə edir. 

Vikipediyada isə  durğu işarələrinə belə tərif verilmişdir: "Durğu işarələri mətn, cümlə, söz birləşməsi, söz və  sözün hissələrinin  mənalı parçalarını bölmək üçün köməkçi funksiyanı yerinə yetirən, sözlər arasında qrammatik və məntiqi münasibəti, cümlənin kommunikativ tipini, onun emosional rəngini, bitkinliyini və eyni zamanda digər funksiyalarını göstərən yazı elementidir". 

Bu tərif  ayrı-ayrı durğu işarələrinin funksiyasına yönəlsə də, tipik  ümumiləşdirməni özündə əks etdirməmişdir,  durğu işarələrinin əhatə etdiyi geniş dairəni  bir neçə anlayışla qapatmışdır. Ən başlıcası,   hərflər və rəqəmlər arasında durğu işarələrinin işlənməsi verilmiş  tərifdə öz əksini tapmamışdır.  Biz aşağıda mövzumuza aidiyyəti olan hallar üçün durğu işarələrinin işlənmə dairəsini  geniş şəkildə təqdim edəcəyik, amma  bununla da kifayətlənmirik. Hesab edirik ki, durğu işarələrinin işlənməsi üçün bizə məlum olmayan situasiyaların meydana çıxması  istisna edilə bilməz. 

Durğu işarələri üçün bu ad özü də nisbi xarakter daşıyır, çünki elə durğu işarəsi vardır ki, ondan əvvəl və ya sonra fasilə olmur. Deyək ki, dırnaqlarda fasilə (durğu)  yoxdur. Öz adında mahiyyətini belə mükəmməl şəkildə əks etdirə bilməyən  bir sintaktik anlayışı punktuasiya sözü ilə sinonim kimi işlətmək kökündən yanlışdır. Azərbaycan dilçiləri tərəfindən bu mövzuda yazılan elmi əsərlərdə  başlıq kimi "punktuasiya" deyil, durğu işarələri verilir. Bu artıq ənənəyə çevrilsə də, hesab edirik ki,  doğru yanaşma deyil. Punktuasiya (punktium- nöqtə)  da orfoqrafiya kimi dilçiliyin bir sahəsidir. Biz dərsliklərdə, elmi ədəbiyyatda orfoqrafiyanı öyrənirik və heç vaxt bu dilçilik şöbəsinin əvəzinə orfoqrafk işarələr ifadəsini işlətmirik. 

Sayılıb-seçilən dilçi alimlərimizdən biri Ə. Abdullayev də punktuasiya və durğu işarələri anlayışlarını eyniləşdirir: "Yazıda əlifbadan başqa, durğu işarələrindən də istifadə edilir. Bu işarələri işlətməkdən məqsəd şifahi nitqi yazıda olduğu kimi ifadə etməkdir. Elə ifadə etmək ki, yazını oxuyan yazanın mətləbini başa düşməkdə çətinlik çəkməsin və onu olduğu kimi canlandıra bilsin. Bu işarələr sisteminə punktuasiya, yaxud durğu işarələri deyilir" [1, 407].

Müəllif bir tərəfdən işarələr sistemi ifadəsini işlədir, digər tərəfdən bunu həm punktuasiya, həm də durğu işarələri adlandırır. Qısası, sistemdirsə, artıq durğu işarəsi adlana bilməz.  Z. Budaqova isə punktuasiya ilə durğu işarələrini fərqləndirir: "Durğu işarələrinin qoyulması haqqında qaydalar punktuasiya adlanır" [3,3]. 

Punktuasiya  sözünə 37 lüğət kitabı və  15-dən çox dilçilik ədəbiyyatında tərif verilmişdir. Bunların böyük əksəriyyətində   "qaydalar sistemi" və ya "qaydaların məcmuyu"  kimi  təyinedici ifadələr   işlədilmişdir. 

Ona görə də qaydalar ayrı- ayrılıqda punktuasiya deyil, çünki onlar  sistem təşkil etməlidir, yalnız bundan sonra elm sahəsi ola bilər.  Beləliklə, punktuasiya və durğu işarələri arasında aşağıdakı fərqlər mövcuddur:
1. Durğu işarələri ayrı- ayrılıqda qrafik vasitədir, punktuasiya isə bu vasitələri sistem şəklində birləşdirən, nizamlayan, zaman- zaman təkmilləşdirən bir dilçilik  bölməsidir. 
2. Punktuasiya  durğu işarələri ilə müqayisədə ümumi  anlayışdır.
3. Durğu işarələrini saymaq mümkündür, punktuasiya isə saya gəlməz. 
4. Biz punktuasiyanın funksiyasını bir neçə sözlə ümumiləşdirib ifadə edə bilərik, durğu işarələrinin funksiyası isə tamamilə çoxşaxəli və mürəkkəbdir, çünki onların hər birinin öz funksiyası vardır, eyni zamanda bir işarə bir neçə funksiya yerinə yetirə bilər. 


Punktuasiya qaydaları nisbətən sabitdir, durğu işarələri  isə bəzən punktuasiya qanunlarına tabe olmaya bilər (müəllif punktuasiyası).

Yeri gəlmişkən, rus qrammatikasının atası sayılan M. Lomonosov "Rossiyskaya qrammatika" əsərində nöqtəli vergüldən bir sıra məqamlarda istifadə etmişdir. O, mürəkkəb cümlələr arasında bir neçə əlaqəni  nöqtəli vergüllə tənzimləmişdir. Sonralar isə nöqtəli vergülün işlənmə məqamları müəllifin fikrini adekvat əks etdirə bilmədiyi üçün onun (nöqtəli vergülün)  işlənmə dairəsi məhdudlaşdırılmış və konkretləşdirilmişdir.

Professor  Q. Kazımovun  dərsliyində [8] punktuasiyaya çox az yer verilməsinə baxmayaraq, müəllif  punktuasiya anlayışına dəqiq tərif vermiş və çox yığcam şəkildə onun qaydalarını izah etmişdir. Müəllif yazır: "Dilçiliyin durğu işarələrindən bəhs edən bölməsi ümumiləşdirilmiş şəkildə punktuasiya (...) adlanır" [8,482]. 

Məhz  ümumiləşdirilmiş  şəkildə  ifadəsi "qaydalar sistemi" və ya "qaydaların məcmuyu"  anlayışları ilə eyni mənanı ifadə edir. 

Ə. Abdullayev və Z. Budaqovanın verdiyi təriflərdə nəzərəçarpan yanlışlığı burada görmək mümkün deyil, çünki: 1) durğu işarələri punktuasiya deyil; 2) durğu işarələri haqqında qaydalar da ayrı- ayrılıqda punktuasiya sayıla bilməz. Həmin qaydalarda durğu işarələrinin birgə kombinasiyaları, dispozisiyaları, müxtəlif situasiyalardan asılı olaraq çevik dəyişməsi, bəzən bir- birini əvəz etməsi ─ bir sözlə, sistem halında mövcudluğu olmadan punktuasiyadan danışmaq mənasızdır.  

Durğu işarələrinin əhəmiyyətindən danışarkən A.P. Çexovun dostu N. A. Xolopova yazdığı  yarım səhifəlik məktub yada düşür. N. A. Xolopovun yazdığı hekayəni sərt tənqid edən Anton Pavloviç durğu işarələrini "oxunun notları" adlandırır və sonda yazır: " ...oxu zamanı notları əvəz edən durğu işarələrini elə qoymusunuz ki, Qoqolun Şəhər rəisi  obrazının mundirindəki düymələr kimidir. Üç nöqtənin çoxluğu və nöqtənin olmaması. Bu böş şeylər, mənim fikrimcə, Sizin musiqini korlayacaq" [24] . 

Akademik Nizami Cəfərov  bir il bundan öncə  "Azərbaycan" qəzetində nəşr etdirdiyi  "Yazı  mədəniyyətinin durğu işarələri "  adlı məqaləsində [4]   göstərir: "Azərbaycan dilində  durğu işarələrinə həsr olunmuş son "təlimat”da nöqtənin 13, vergülün 54, nöqtəli vergülün 6, iki nöqtənin 3, sual işarəsinin 3, nida işarəsinin 5, tirenin 12, üç nöqtənin 8, mötərizənin 5, dırnaqların isə 3 funksiyası qeyd olunur" [4].  

Biz  aşağıda  durğu işarələrinin funksiyası haqqında dilçilərin yanaşmasını bölüşmüşük. Eyni zamanda bu yanaşmaların nisbi xarakter daşıması barədə də şəxsi fikrimizi söyləmişik. Təəssüf  ki, N. Cəfərovun  qeydləri  durğu işarələrinin funksiyasına aid deyil. Bu sayca 10 durğu işarəsindən  hər birinin işlənmə məqamları və ya hallarıdır. Bu hallar az və ya çox da ola bilər, dəyişmə imkanları zamandan asılıdır, funksiya isə durğu işarəsinin  yazıda  oynadığı ümumiləşmiş roldur.

Durğu işarələri  dinamik bir sistemdir. Dil inkişaf etdikcə, fikrin ifadə vasitələri mürəkkəbləşir, yeni- yeni formalar yaranır, punktuasiya yeniləşir və ifadə vasitələrinə uyğunlaşır.  Sadə bir nümunə deyək. Artıq sosial şəbəkələrdə sevinc hissi qapalı, kədər isə açıq mötərizə vasitəsilə ifadə olunur.  Prosesin inkişafı davam etdikcə bu, yazılı dilə də sirayət edir.  Başqa bir səbəb də vardır. Durğu işarələri insanların ifadə etmək istədiyi bütün fikir və emosiyaları olduğu kimi  əks etdirə bilmir. Deyək ki, kiməsə dodaq büzmək istəsən, bunu yazıda adekvat əks etdirmək mümkün deyil.   Durğu işarələrində yeni tendensiyaların yaranması məhz hər bir fikir və emosiyanı ifadə etmək imkanlarının məhdudluğu ilə bağlıdır. 

Ən nəhayət, müəllifin qeyd etdiyi kimi, stilistik məqsəd daşıyan durğu işarələri müəllif punktuasiyası adlanır. Müəllif punktuasiyası dünyada qəbul edilmiş normadır və bu, müəllifin daxili aləmini açmaq üçün əvəzsiz bir vasitədir. Buna aid  məşhur publisist Aydın Caniyevdən minlərlə nümunələr gətirmək olar.

Professor B. Xəlilov müasir Azərbaycan dilində işlədilən işarələri iki yerə bölür: şərti və durğu işarələri.  Şərti işarələr sırasına hesab əməllərini ifadə edən işarələri daxil edir [6, 398].

İstənilən işarə şərti xarakter daşıyır. Buna görə də şərti işarələrin növləri saysız- hesabsızdır: izahedici şərti işarələr, xətti şərti işarələr, topoqrafik xəritə və plan üzrə şərti işarələr, faydalı qazıntılar üzrə şərti işarələr, şərti yol işarələri və s. Durğu işarələri də şərti işarələr sırasına daxildir. Məgər vergül şifahi nitqdə pauzanı olduğu kimi əvəz edə bilir? Deməli, vergül  əksər hallarda uyğun intonasiyanın şərti işarəsidir.  

Punktuasiyanın əsasını və ya başlıca prinsiplərini  məna, qrammatik quruluş və intonasiya  bölgüləri təşkil edir. Punktuasiyanın vəzifəsi yazılı nitqi  tərkib hissələrinə bölmək və bununla da onun anlaşılmasını təmin etməkdir. Müəllifin fikri oxucuya məhz yuxarıda qeyd etdiyimiz  üç sacayaq prinsip əsasında   çatdırılır. Mətnin düzgün başa düşülməsi  onun məna cəhətdən hissələrə  bölünməsindən çox asılıdır. Sadə şəkildə izah edək. 

Çillə axşamı idi. Qoca Balıq dəryanın dibində nəvə-nəticələrini ətrafına toplayıb onlara nağıl danışırdı:
- Biri var idi, biri yox idi, bir Balaca Qara Balıq var idi. O anası ilə birlikdə kiçik arxda yaşayırdı. Arxın suyu dərəyə axırdı. Balaca Qara Balıqla anasının bir qara daşın dalında, yosunların arasında evləri var idi. Ana və bala səhərdən axşama qədər bir-birinin dalına düşüb üzür, hərdən başqa balıqlara qoşulub sürətlə balaca yerdə gəzişir və geri qayıdırdılar. Qara Balıq anasının bircəsi idi (S. Behrəngi).

Mətndə nöqtə vasitəsilə cümlələr bir- birindən ayrılmışdır. Həmcins xəbərlər  də bir birindən vergüllər vasitəsilə ayrılır. Tire isə müəllifin sözlərini Qoca Balığın dediklərindən ayırır. 
Çox vaxt nitqin məna cəhətdən hissələrə bölünməsinə onun qrammatik bölgüsü uyğun gəlir. Şifahi nitqdə isə bu uyğunluq intonasiya ilə təmin edilir. Deməli, nitqin məna cəhətdən hissələrə bölünməsi qrammatik qayda  və intonasiya vasitəsilə ifadə olunur. Belə bir cümlə verilmişdir:

Azərbaycanın güclü neft gəlirləri 2008 ▲ 2015- ci illərə təsadüf edir.
Əgər illər arasında vergül işarəsi qoysaq, bu o deməkdir ki, neft gəlirlərinin zamanı yalnız iki ili (2008 və 2015) əhatə edir, yox tire işarəsi qoyulsa, söhbət 8 ildən gedir. İstisnasız olaraq üstün rol mənanın çatdırılmasındadır. 

1. Bəzən elə hallar olur ki, sadalanan üç əsas bir- biri ilə uyğun gəlmir. Bir çox hallarda nitqin məna və qrammatik bölgüsü onun intonasiyasına uyğun gəlmir. 
Məsələn:

1. Kolxozçular can- başla, böyük həvəslə və ürəklə çalışırlar, çünki aran yerləri üçün suyun həyat olduğunu onlar yaxşıca bilirlər.
   2.  Mən bu kiçik şeirimi yazıram göz yaşımla, 
Çünki vidalaşıram bir ürək sirdaşımla (S. Vurğun).


Hər iki nümunədə   cəbəb  budaq cümləli mürəkkəb cümlə verilmişdir. 1- ci cümlədə  çünki sözündən sonra fasilə verilsə də, vergül işarəsi qoyulmur. İkinci cümlədə isə həmin sözdən sonra nə fasilə verilir, nə də vergül qoyulması tələb edilir. İstənilən halda, intonasiya cümlənin qrammatik bölgüsü ilə uyğun gəlmədikdə, işarə semantik- sintaktik prinsipə tabe olur. 

2. Bəzən də elə hallar olur ki, bu qayda pozulur. Əgər cümlənin strukturunu müxtəlif cür bölmək lazım gəlirsə, bu halda işarə intonasiyaya əsaslanır və bu, cümlə üçün həlledici olur.
A1. Oxu, qonşun kimi savadsız olma.
A2. Oxu qonşun kimi, savadsız olma.

3. Nəhayət, elə hal da olur ki, məna bölgüsü qrammatik cəhətdən təmin edilmir, yəni qrammatik bölgü xüsusi forma ilə ifadə olunmur. Deyək ki, göy guruldayır şimşək çaxır kimi nitq parçası həm qrammatik, həm də intonasiya cəhətdən iki müstəqil cümlə kimi (Göy guruldayır. Şimşək çaxır.)  təsəvvür edilə bilər. Eyni zamanda həmin parça birləşib mürəkkəb cümlə (Göy guruldayır, şimşək çaxır.)  əmələ gətirə bilər. Deməli, bu nitq parçasının qrammatik və intonasiya bölgüsü onun məna cəhətdən necə interpretasiya edilməsindən asılıdır. 

Punktuasiyada mənanın önəmli rolunu əsaslandırmaq üçün cümlə daxilində işlənən dörd əsas durğu işarəsinə (vergül, nöqtəli vergül, tire, qoşa nöqtə) diqqət yetirək. Bu dörd durğu işarəsini, sanki, qohumluq əlaqəsinə görə qruplara bölmək olar: vergül, nöqtəli vergül; qoşa nöqtə, tire. 1- ci qrup eyni tonla deyilən sintaktik blokları bir- birindən ayırırsa, 2- ci qrup müxtəlif tonlu sintaktik- semantik hissələr  arasında işlənir. Dilçilərimiz qoşa nöqtənin məna funksiyasını fikrin aydınlaşdırılmasında görürlər  ─ çox  düzgün yanaşmadır. Düzdür, B. Xəlilov qoşa nöqtənin işlənmə məqamını detallaşdırmaq  istəmişdir, amma nəticədə yenə də hər ikisində aydınlaşdırma mənası vardır. Vasitəsiz nitq zamanı istifadə edilən qoşa nöqtə də məhz müəllifin sözlərini aydınlaşdırmaqdan ötrü işlənir. Q. Kazımov yazır: "Qoşa nöqtə aydınlaşdırma məqsədilə işlədilir..." [8, 485].

Əlbəttə, müəllif səbəblə aydınlaşdırma əlaqəsi arasındakı  yaxınlığa əsaslanaraq aşağıdakı  nümunələri  vermişdir:
1. Lakin təxir etmək də yaramazdı: qız uzaqlaşır və axşam qaranlığının içərisində itirdi (M. S. Ordubadi).
2. Zibilxanaya girəndə möhkəmcə duruxdu: Kirlikirin qabağında təmiz ağ süfrə vardı (Y. Səmədoğlu).
3. Edama toplaşmış camaatdan səs çıxmadı: nə qoca dindi, nə cavan, nə qız , nə gəlin (Y. Səmədoğlu).

Verilmiş mürəkkəb cümlələrin ikisi (1 və 2)  tabeli, 3- cüsü isə tabesizdir. Hər iki tabeli mürəkkəb cümlənin komponentləri səbəb  əlaqəsi ilə bir- birinə bağlanmışdır və bu tipdə olan istənilən mürəkkəb cümlələrin seqmentləri arasında aydınlaşdırma çaları sezilir. Azərbaycan dilinin mövcud punktuasiya qaydalarına görə,  tərkib hissələr arasında vergül qoyulmalı idi. Rus dilində isə səbəb budaq cümləsi sonda gələrsə, komponentlər arasında tire qoyulur. 

Güman edirəm, bu daha doğru yanaşmadır. Ümumiyyətlə, vergül və nöqtəli vergüldən fərqli olaraq, tire tərkibində asılı hissələr olan mürəkkəb cümlələr arasında qoyulur. Yuxarıdakı misalları ona görə gətirdik ki, tire ilə qoşa nöqtənin "qohumluğunu" diqqətə çatdıraq. 1 və 2-ci cümlələrdə aydınlaşdırma əlaqəsi olmasa da, qoşa nöqtə  qoyulmuşdur. Bu ikili  yanaşma da rus dilinin təsiridir. Əlbəttə, məntiqi izahı da komponentlər arasında edilən fasilənin bərabər olmasındadır. Problemin köklü izahı üçün iki akademik nəşrə müraciət  edək. SSRİ Elmlər Akademiyasının kitabında (23) oxşar nümunələrə rast gəlirik, yəni səbəb budaq cümləsi baş cümlədən sonra gələrsə, qoşa nöqtə qoyulması halları müşahidə edilir, halbuki, adətən,  bu zaman tire qoyulur.

"Qoşa nöqtə qoyulur: ..b) birinci cümlədə qoyulmuş fikrin səbəbini ikinci cümlədə izah edərkən baş cümlədən sonra, məsələn: Bu dəli atları sən yora bilməzsən: onlar tox, möhkəm və cəlddirlər" (Nekrasov) [23, § 161].

Mürəkkəb konstruksiyaya malik cümlələrdə bəzən iki yerdə qoşa nöqtə işlədilir. Ona görə də  qoşa nöqtənin birini tire ilə əvəz etmək məqsədəmüvafiqdir.   Rusiya Elmlər Akademiyasınn yenicə  nəşr etdiyi kitabda da  bu əvəzləmənin mümkünlüyü inkar edilmir, lakin onun üçün sərhəd müəyyən edilir: "Qoşa nöqtənin tire ilə əvəzlənməsi o zaman mümkün deyildir ki, mürəkkəb konstruksiyanın əsas hissələri arasındakı əlaqə tabeli olsun" [22, 187].

Aydınlaşdırma əlaqəsinin həm tire, həm də qoşa nöqtə vasitəsilə bağlanmasına aid kifayət qədər bədii nümunələr gətirmək olar: 
1. Pətəkdə arı qalmadı ─ yananı yandı, yanmayanı çərdək kimi çölə süzdü (C. Bərgüşad).
2. Tanrıqulu, sanki, böyük bir tütün kisəsi idi ─ yanından ötəndə adamı tütün iyi vururdu (İ. Məlikzadə).
3. Həyətin işığından göz qamaşırdı: hər küncdə süd rəngli bir lampa yanırdı (İ. Məlikzadə).
4. Bəbir ata- anasının avamlığına gülmüşdü dünən: guya adam özünü ancaq tüfənglə öldürə bilər (İ. Məlikzadə). 

Birinci iki cümlədə aydınlaşdırma əlaqəsi tire, sonuncu iki cümlədə isə səbəb əlaqəsi qoşa nöqtə ilə bağlanmışdır, halbuki aydınlaşdırma əlaqəsi üçün qoşa nöqtə, səbəb əlaqəsi üçün isə (budaq cümlə sonda gələrsə)  tire nəzərdə tutulur.

Biz yuxarıda verilmiş nümunələrdə qoşa nöqtə ilə tirenin bir- birini əvəz etməsinin şahidi oluruq. Belə münasibəti vergül və nöqtəli vergül arasında da görürük. Durğu işarələrinin funksiyası  barədə danışmazdan əvvəl  akademik  N. Cəfərovun  yuxarıda qeyd etdiyimiz  məqaləsinə yenidən müraciət edək.  Nizami müəllim  durğu işarələrinin 1) orfoqrafik, 2) qrammatik və  3) üslubi funksiyalarından bəhs edir [4]. 

Təəssüf ki,  N. Cəfərovun durğu işarəsinin orfoqrafik funksiyası barədə söylədikləri  nə elmi ədəbiyyat, nə də sağlam məntiq tərəfindən öz təsdiqini tapır. Ümumiyətlə, "funksiya" anlayışı akademik tərəfindən yeri gəldi- gəlmədi işlədilir və çox vaxt punktuasiyanın prinsipləri ilə qarışdırılır, amma yuxarıda bəhs edilən  3 funksiya dedikdə  ehtimal etmək olar ki,  müəllif yalnız durğu işarələrinin  gerçək funksiyasından danışmaq istəyir. Biz aşağıda  durğu işarələrinin funksiyaları barədə geniş söhbət açacağıq. Orada N. Cəfərovun söylədiyi orfoqrafik funksiya  yoxdur, üslubi funksiya isə əsas funksiyalar sırasında deyil.  Konkretləşdirək.  

Müəllif yazır: "Orfoqrafik vəzifə dedikdə durğu işarələrinin sözün düzgün yazılmasında iştirakı nəzərdə tutulur. Məsələn, bəzi mürəkkəb sözlər defislə yazılır (künc-bucaq, irəli-geri, aşağı-yuxarı, üç-dörd və s.), yaxud bir sıra xüsusi adlar dırnaq içərisinə alınır ("Azərbaycan” qəzeti, "Vaqif” dramı, "Qurd qapısı” restoranı və s.), yaxud da müəyyən ixtisarlardan sonra nöqtə işarəsi qoyulur (S.Vurğun, və s., və b.)" [4]. 

Müəllifin ixtisarlarla bağlı dedikləri onunla izah olna bilər ki, nöqtə orfaqrafik funksuiya yerinə yetirir, lakin bu zaman o, durğu deyil, orfqrafik işarə rolunda çıxış edir. Bu barədə məqalənin sonunda məlumat verəcəyik. Digər nümunələr isə  tamamilə yanlışdır. Düzü, Nizami müəlliimin izahını oxumasaydıq, düşünərdik ki, onun tərəfindən durğu işarəsinin orfoqrafik funksiyaya malik  olduğunu demək bir texniki səhvdir. Təəssüf  ki, belə deyil.

Əvvəla, N Cəfərov defislə tireni qarışdırır. Defis orfoqrafik işarədir, tire isə punktuasiyanın obyektidir. Defisin vəzifəsi sözləri sətirdən- sətrə keçirmək və tərkibi sözlərin arasında işlənməkdir. Deməli, onun punktuasiya ilə heç bir əlaqəsi yoxdur və bu cəhətdən punktuasiyanın orfoqrafik funksiyası yoxdur. Digər tərəfdən, o, dırnaqları da sözün  yazılışına aid edir, halbuki dırnaqlar durğu işarəsidir və onun fərqləndirici  funksiyası vardır. Deməli, bu tərəfdən də sübut olunur ki, durğu işarələrinin orfoqrafik funksiyası yoxdur. Bəli, defislə tire arasında müəyyən oxşarlıqlar vardır, lakin onları fərqləndirən cəhətlər çox sadə və anlaşılandır:
1. Tire sözlər, defis isə bir sözün arsında qoyulur.
2. Defis vizual olaraq tiredən kiçikdir.
3. Defis araməsafələrlə ayrılmır, tire isə hər iki tərəfdən araməsafələrlə ayrılır.
4. Tiredən fərqli olaraq, defis ədəd intervallarını müəyyən edərkən və qeyd zamanı istifadə edilmir. 

Defisi durğu işarəsi hesab edən təkcə  akademik N. Cəfərov deyil, prof. B. Xəlilov da həmin mövqeni paylaşır. Müəllif defisdən istifadənin dörd halını məhz "Durğu işarələri" bölümündə vermişdir [6, 408] .

Buna baxmayaraq, mövzunun əvvəlində durğu işarələrinin siyahısında defisin adı yoxdur. Deməli, müəllif özünü inkar edir və bu cür ikili yanaşmanın  nədən qaynaqlandığını bilmək olmur. 

Durğu işarələrinin funksiyaları barədə dilçilər arasında da yekdil fikir yoxdur. Onlar  durğu işarələrinin yalnız əsas (ümumiləşmiş)  funksiyaları haqqında  birmənalı fikir söyləyirlər. Əsas funksiyanı iki yerə bölürlər: fərqləndirici və ayırıcı. Fərqləndirici işarələrin başlıca formal xüsusiyyəti onların cüt olmasındadır. Cütlük o mənada başa düşülür ki, onlar aid olduqları dil vahidlərini hər iki tərəfdən  əhatə edirlər. 
Məsələn:
S. Rəhimovun  "Mehman" povesti səhnələşdirilmişdir.

Burada dırnaq işarəsi vasitəsilə Mehman sözü cümlədəki digər sözlərdən fərqləndirilmişdir. Buna baxmayaraq, elə fərqli situasiyalar yaranır ki, bu təsnifat da öz əhəmiyyətini itirir. Əslində, fərqləndirmək  və ayırmaq sözü arasında çox ciddi oxşarlıq vardır. Nəyi fərqləndiririksə, deməli, onu ətrafındakılardan həm də ayırırıq, amma ayırdıqlarımız fərqlənməyə də bilər. Elə bir  indikator yoxdur ki, bu təsnifatı birmənalı təsdiqləmək üçün istifadə edilsin. Hər halda, fərqləndirmə ilə ayırmanı birinin digərinə nisbətən üstün mövqedə olduğuna əsaslanıb müəyyən edirik. 

Deyək ki, nöqtəli vergülün  qoyulması Z. Budaqovanın təqdimatında 6 situasiyada öz əksini tapmışdır (əslində, daha çoxdur, halbuki  eyni situasiya iki paraqrafda təkrar olunub). Situasiyaların çoxluğuna baxmayaraq, hamısında, demək olar ki,  nöqtəli  vergül həmcins üzvlərdən ibarət qrupları bir- birindən ayırmışdır. İkili işarələrdən  (mötərizə və dırnaqlar) başqa,  digər durğu işarələri ayırıcı funksiya daşıyır. 

Vergül və tire isə durğu işarələrinin hamısından fərqlənir. Onlar şəraitdən asılı olaraq, həm ayırıcı, həm də fərqləndirici funksiya yerinə yetirir. Müqayisə aparmaq üçün nümunələrə baxaq:
1. Dostlar, qohumlar və tanışlar əsgəri yola salırdılar.
2. Sağ ol,Yaşar.
3. Nəhayət, mənzil başına gəlib çatdıq.
4. "Yox, mən istəmirəm", ─  deyən gözləri Məsudun gözlərinə dikildi (M. Hüseyn).

 Verilmiş nümunələrin hamısında vergül və tire ayırıcı funksiya daşıyır. Onu da bilirik ki, xitab və  ara sözlər  vergül, ara cümlələr isə həm vergül, həm də tire vasitəsilə cümlə içərisində fərqləndirilir. "Ara cümlələr ara sözlərin ifadə etdiyi bütün mənaları ifadə edə bilir, əsas cümlədən vergüllə, mötərizə və ya tire ilə ayrılır" [8, 260].

Nümunələri verməzdən əvvəl sadə bir məntiqə nəzər yetirək. Əgər vergül və tire mötərizəni əvəz edə bilirsə, deməli, onlar da mötərizə kimi fərqləndirici funksiyanı yerinə yetirə bilir.

1. Boy- buxunundan rəhmətlik Mədətə oxşayırsan, necə deyərlər, eşiyin xoşuma gəlir, oğul, amma içərin gözümə birtəhər dəyir (İ. Hüseynov).
2. Hər şanlı sənət ustası, yoxdur buna şübhəm, öz qəlbini, öz sənətini qəlbinə bağlar (S. Rüstəm).
3. Nə olursa- olsun hələ də Bakıda yaşayan və gizlin fəaliyyət göstərən (o belələrinin olduğuna heç də şübhə etmirdi) dostlarını tapmaq arzusu ilə çırpınırdı ( H. Mehdi).
4. Bu rəngli televizorlardan kənddə cəmi üç nəfərdə vardı, biri  sədrdə, biri kənd Sovetinin katibində ─  ölmüş cavanca qızdı ─  biri də Mahmudda (Y. Səmədoğlu).
5. Amma bir dəfə Rəsul müəllim, onun ağrısını alım, yarım şaqqa qoyun əti gətirmişdi (Y. Səmədoğlu)  [8, 260]. 

Məlumdur,  tire ayırıcı funksiya daşıyır, lakin  Boyl ─ Mariott qanunu, Karpov ─  Kasparov matçı kimi ifadələrdə o birləşdirici funksiyaya malikdir. İki məntəqə arasında nəqliyyat marşrutu da tire vasitəsilə ifadə edilir və burada da tire birləşdirici funksiya daşıyır. Bir sıra hallarda ümumi isimlərin birləşməsi təyinedici rol oynayır. Məsələn: Bakı ─  Xarkov dəmir yolu. 

Belə bir cümləyə nəzər salaq:
Taygöz Yusif bir daha yerə qədər təzim edib:
─  Qibleyi- aləm, ─  dedi, ─  mən uciz Yusif sənin sadiq qulunam (İ. Əfəndiyev).

Tire burada məzmunca  hər iki funksiyanı yerinə yetirir (müəllifin sözü ilə vasitəsiz nitq fərqləndirilir və ayrılır),  formaca isə fərqləndirici  funksiya daşıyır və  əvvəlkilərdən fərqli olaraq, fərqləndirmə vergüllə tirenin kombinasiyası vasitəsilə həyata keçirilir. Bir sözlə, durğu işarələrinin fərqləndirici və ayırıcı funksiyaları arasında həmişə sərhəd saxlamaq mümkün deyil.

  § 1. Tire tabesiz mürəkkəb cümlənin fərqli intonasiya ilə deyilən komponentləri arasında işlənir və bu, punktuasiyanın əsas prinsipinə ─  məna bölgüsünə çox uyğun gəlir. 
Azərbaycan dilində yazan nasirlər tirenin bu funksiyasından çox az istifadə etmişlər.  Bir çox ədiblər öz əsərlərində sadə cümlələrə daha çox meyil göstərmişlər. Buna baxmayaraq, sadə dildə yazan Əli Vəliyevin əsərlərində fərqli intonasiya ilə deyilən tabesiz mrəkkəb cümlələrin bir- birinə tire vasitəsilə bağlanmasının şahidi oluruq. 
1. Kimin ağacı dalda qalsaydı ─ vay halına.
2. Əhd- peyman etmişdik: hara getsək ─  bir gedək, harda qalsaq ─ bir qalaq!
Fərqli intonasiya ilə deyilən tabesiz mürəkkəb cümlələrin ture vasitəsilə bağlanması hallarına  həm Azərbaycan, həm də rus dilində bədii nümunələri ilə tanınan ədiblərin  yaradıcılığında rast gəlirik.
1. Amma fərq nədə idi — bunu dərk edə bilmirdi (K. Abdulla). 
2. Qızıl ola — yox!  (K. Abdulla).
3. Cadugәrin һәlә gümraһ al yanağında iri xal var, sanki milçәk qonub — һa qovursan,  uçmur (Ç. Hüseynov).
4. Murov dağına deyәr: «Yerindәn qop!» —qopar yerindən, Araz çayına deyər: «Axma, dayan!» — donub qalar (Ç. Hüseynov).
Bu qayda özünü  danışıq dilində daha çox göstərir. Həmin halları nəzərdən keçirək: 
 1. Onun dediklərini eşitməmişəm ─ bu bir.
2.  Deyilənlərə yekun vurmaq üçün vəssalam və bu tipli sözlərdən istifadə etdikdə:
At  çuvala, ağzını bağla ─ vəssalam.
3.  Kiminsə haqqında danışarkən onun dediklərini cümlənin tərkib hissəsinə çevirərkən:
Bizə Gürcüstan və ya Ukraynanı deyil, Venesuelanı  nümunə göstərirlər ─ orada neylədilər?
4.  Bəzən də gerçək istəklərə qarşı olan təpkiyə etiraz  etmək üçün istifadə edilən mürəkkəb cümlələrdə:
Evlənmək ayıbdır ─ ağsaqqalsan, səni söyənə cavab vermə  ─ ağsaqqalsan, olmadı ki bu.
5.  Cümlə daxilində gözlənilməz hadisənin baş verdiyini gücləndirmək üçün:
İndi biz geri çəkilməyə məcburuq ─ toparlanıb yenidən hücuma keçəcəyik.
Mən tənqid etməyi çox xoşlayıram ─ sevdiyim adamları.
6. Kimsə öz müsahibi ilə danışarkən nitqini sual- cavab formasında qurduqda:
Səni böyütdüm? ─  böyütdüm, oxutdum?─ oxutdum, dedin iş tap, tapdım? ─ tapdım, daha nə istəyirsən?

Bütün bunlara  baxmayaraq, Azərbaycan dilində fərqli intonasiya ilə deyilən mürəkkəb cümlənin komponentləri eyni intonasiya ilə deyilən mürəkkəb cümlənin komponentləri kimi bir- birindən vergüllə ayrılır. Bu isə həmin mürəkkəb cümlələri həm yazılı, həm də şifahi nitqdə fərqləndirməyə mane olur. Son zamanlar tiredən publisistikada istifadə halları xeyli genişlənmişdir və bu trend davam etməkdədir. Fikrini öyrənmək istədiyim bir sıra dilçi alimlər də müxtəlif intonasiya ilə deyilən mürəkkəb cümlələrin tire vasitəsilə fərqləndirilməsini doğru hesab edirlər.

§ 2.  Söz və ya ifadə təqdim edilən zaman   onun haqqında o və bu  əvəzliyi vasitəsilə məlumat verərkən həmin söz və ya ifadədən sonra tire qoyulur.
Ana ─ o, böyük qüvvədir.
Əsl dostluq ─ bu, üç almadır, ikisi birinə, biri də o birinə çatar.
§ 3. Əgər bəli, yox, xeyr  sözləri buraxılmış xəbərin yerində işlənirsə və dialoqda   şərt çaları meydana gələrsə, tire qoyulur. 
─ Kitabxanaya gələcəksən?
─ Bazar günü ─ yox, sabah ─ bəli.
İkinci replikanın 1- ci hissəsində  gəlməyəcəyəm sözünü tire və yox sözü, 2-ci hissəsində isə  gələcəyəm sözünü tire və bəli sözləri  birlikdə əvəz edir. 

§ 4. Tiredən   nəinki buraxılmış sözü, hətta bütöv cümləni əvəzləmək üçün  iistifadə edilir.
 Bir neçə nəfər onun üstünə tökülmüşdü, amma qızı və arvadının yanında döyüşə başlamağı  münasib bilmədi, ailə üzvlərini oradan kənarlaşdırdı ─ sonra. 
Bu cümlədə sonra  sözü uzun fasilə (tire) vasitəsilə döyüşməyə başladı cümləsini əvəz edir.

§ 5. Ədədlər arasındakı intervalı göstərmək üçün də  tiredən istifadə edilir.
 Bu gün dərsdə 10 ─ 15 şagird iştirak edirdi, yəni tire 11,12,13,14 ədədlərini də əvəz edir.

§ 6. Şifahi hesablama zamanı alınan nəticədən əvvəl tire işarəsi qoyulur, çünki edər, qalar sözləri buraxılmış olur.
1. İki dəfə iki  ─ dörd.
2. 10- u ikiyə böləndə  ─ beş.
3. 8- dən iki çıxanda  ─ altı.
4. Beş üstünə 6 gələndə  ─ on bir.
5. Səkkizin kvadratı ─ altmış dörd.

Göründüyü kimi, tiredən sonrakı saylar xəbər rolunda çıxış edir.
Tire işarəsinin qoyulma halları, təbii, yuxarıda qeyd olunan paraqraflarla bitmir. Başlıqdan da göründüyü kimi, biz  durğu işarələrinin qoyulmasında yalnız incə məqamlar üzərində dayanmağı qarşımıza məqsəd qoymuşuq. Ona görə   digər durğu işarələrinə yanaşmada da biz bu ənənəni davam etdirəcəyik. 

Yalnız sadə məntiqlə müəyyən etmək olur ki, nöqtəli vergülə nisbətən qoşa nöqtə daha uzun fasilə tələb edir, çünki mürəkkəb cümlələrdə aydınlaşdırıcı hissədən sonra nöqtəli vergüllə ayrılan  bir neçə sintaktik- semantik blok işlənə bilər. Məhz bu zaman müəlliflər öz şəxsi mülahizələrinə daha çox əsaslanmış olurlar. Hesab edirik  ki, bu problemə yanaşmada mürəkkəb cümlənin tərkib hissələri arasındakı intonasiyanın tipi başlıca rol oynayır. İki tip intonasiya müşahidə edirik: eyni tipli intonasiya və müxtəlif tipli intonasiya. Yaxşı olar ki, eyni tipli komponentləri vergüllə, müxtəlif tipli komponentləri isə, işlənmə məqamından asılı olaraq, qoşa nöqtə və ya  tire ilə əlaqələndirək. Aydınlaşdırma əlaqəsi ilə bağlanan ikikomponentli mürəkkəb cümlələr qoşa nöqtə ilə bağlanır. Tire isə tərkib hissələr arasında  ziddiyyət əlaqəsi olduqda işlənir. Əgər  səbəb budaq cümləsi sonda gələrsə, yenə də komponentləri tire vasitəsilə əlaqələndirmək ağlabatandır.

 Nümunələrə nəzər salaq: 
1. Günəş batdı, yer üzünə  qaranlıq çökməyə başladı.
2. Baxdıqca insanın gözü qaralır, 
Şair olmayan da xəyala dalır (S. Vurğun).
3. Gah yağış yağır, gah da lopa- lopa qar dənələri yerə səpilirdi.
4. Mən bilirəm: yaşayacaqsan.
5. Mən bu gün gələ bilməyəcəyəm ─ qonşumuz rəhmətə gedib.
6. Əli gül dəstəsini uzatdı ─ Zərifə üzünü çevirdi. 

Diqqət edək, 1-ci cümlədə komonentlər ardıcıllıq, 2- cidə eyni zaman, 3- cüdə isə bölüşdürmə əlaqələri ilə bir- birinə bağlanmışdır. Bu cümlələrin hamısında intonasiya birtonlu olduğu üçün komponentləri vergül işarəsi ayırır. 4- cü cümlədə aydınlaşdırma əlaqəsi qoşa nöqtə ilə, 5- cidə səbəb budaq cümləsi sonda gəldiyi üçün  tire ilə ifadə olunmuşdur. Nəhayət, son cümlədə ziddiyyət əlaqəsi də geniş fasilə tələb etdiyi üçün tire ilə ifadə edilmişdir. 

Punktuasiyada tiredən istifadənin xüsusi əhəmiyyəti vardır. Müəlliflər məhz tire vasitəsilə öz fikirlərini yığcam və təkrarçılığa yol vermədən ifadə edirlər. Bu səbəbdən bu gün Azərbaycan publisistikasında tiredən istifadə halları xeyli genişlənmişdir. Bununla bərabər, tirenin  işlədilməsi ilə bağlı  müəyyən problemlər də vardır. Qeyd etdiyimiz kimi, kiçik  dəyişiklikləri nəzərə almasaq, dilimizin punktuasiya  qaydaları  rus dilinin punktuasiyası əsasında formalaşmışdır. Bəzən də dilçilərimiz Azərbaycan dilinin özəlliklərini lazımi səviyyədə nəzərə ala bilməmişlər. 

§ 1. Rus dilində mübtəda ilə xəbər arasında çox zaman tire işarəsi qoyulur. Təbii, xeyli istisna hallar da vardır. Bununla belə,  rus dilində sabit qrammatik qayda mövcuddur: tire , adətən, buraxılmış cümlə üzvü və ya sözün yerində işlənir.
1.  İvan ─ çelovek. Juçka ─ sobaka. 

Əgər cümlədə mübtəda ilə xəbəri bir- birinə bağlayan intonasiyadan  deyil, fərqli vasitədən istifadə etsək, tireyə ehtiyac qalmaz.
2. İvan yect çelovek. Juçka yavlyaetsya  sobakoy. 

2-ci sıradakı  cümlələrdə  əlaqələr fərqlidir. Orada mübtəda ilə xəbər yest sözünün köməyi ilə bir- birinə bağlanmışdır, ona görə də tireyə ehtiyac qalmamışdır.  1- ci sıradakı cümlələrdə isə baş üzvlər bir- birinə intonasiya vasitəsilə bağlandığı üçün tire işarəsinin qoyulması zəruridir. Ə. Abdullayevdən sitat: " ə) dram əsərlərinin işttirakçıları barədə məlumat verərkən, addan sonra tire qoyulur. Məsələn:
(II) Məşədi İbad ─ 50 yaşında"[1, 215] .

Biz prinsiplərdən danışırıqsa, dram əsərlərinin iştirakçıları barədə məlumat verməyin durğu işarəsinin qoyulmasına  dəxli yoxdur. Məhz ona diqqət yetirilməlidir ki, nə üçün iştirakçılar barədə məlumat verdikdə tiredən istifadə edilir? 

Bu   fikirlər Z. Budaqovanın monoqrafiyasında müəyyən qdər işıqlandırılmışdır: "Bunlar elliptik cümlələrdən ibarət olur. Belə cümlələrdə ismi xəbərin ikinci hissəsi (əsasən kimi qoşması) buraxılır. Bu cümlələr atalar sözlərindən ibarət olur:
Dibsiz kisə  ─   boş anbar "kimidir".
   ...
   Dişsiz ağız ─  daşsız dəyirman "kimidir"[3,66].
 
Fikrimizcə, problemin  qrammatik mexanzmi izah edilməli idi.   

Rus dilindən fərqli olaraq, Azərbaycan dilində mübtəda ilə xəbər arasında morfoloji əlaqə vasitəsi (-dır,- dir,-dur,- dür) mövcuddur. Deməli, bu zaman geniş intonasiyaya ehtiyac yoxdur. Bu da o anlama gəlir ki, adlıq cümlə (dişsiz ağız ─  daşsız dəyirman.)  intonasiya ilə formalaşmışdır. Burada tirenin qoyulması düzgündür. 

§2.Tiredən ədədlər arasındakı intervalı göstərmək üçün  də istifadə edilir. Məsələn: Bu gün dərsdə 10 ─15 şagird iştirak edirdi. Bu o deməkdir ki, tire yenə də buraxılmış ədədlərin (11,12,13,14) yerində işlənmişdir. Onu da qeyd edək ki, bu, qısa tire (n-dach) adlanır, ona görə də onun uzunluğu N hərfi qədərdir. Digər tirelər isə "m- dash" adlanır və uzunluq etibarilə M hərfi qədərdir. Tirenin bu növündən çox  istifadə edilir.

Punktuasiyada dırnaq işarəsinin qoyulması ilə bağlı da müəyyən problemlər vardır, lakin  bu problemlər mövcud dilçilik ədəbiyyatımızda düzgün təhlil edilməmişdir. Həmmüəlliflər  Dumanoğlu  və İ. Əsgər "Müasir Azərbaycan dilində durğu işarələri" adlı kitabında yazırlar: "Cümlə daxilində  söz həqiqi mənasında işlənmədikdə, kinayə, istehza bildirən, bəzən də əks mənada işlədilən, yaxud da müəllifin hansısa sözü xüsusi olaraq diqqətə çatdırmaq məqsədilə işlətdiyi sözlər dırnaq içərisində verilir" [5, 155].

Bu tərifdə durğu işarəsini kökündən fərqləndirən xüsusiyyətə rast gələ bilmirik. Sual olunur: niyə qara qızıl , ağ qızıl ifadələri indi dırnaq içərisində yazılmır? Axı vaxtilə dırnaqda verilib. Səbəb çox sadədir. O zamanlar bu ifadə hamı üçün anlaşılan deyildi. Hazırda 2- ci sinif şagirdindən də soruşsan, qara qızıl ifadəsinin  mənasını bilər. Deməli,   geniş ictimaiyyət tərəfindən sözün mənasının başa düşülməməsi dırnaqda yazılması üçün əsas səbəblərdən biri  olmuşdur. Məsələnin mahiyyəti bundadır.  Yeri gəlmişkən, akademik N. Cəfərovun məlum məqaləsindən oxuyuruq: "Azərbaycan dilində  durğu işarələrinə həsr olunmuş son "təlimat”da nöqtənin 13, vergülün 54    ...  funksiyası qeyd olunur"[4]. 

Məlumdur ki, punktuasiyaya aid heç bir təlimat yoxdur.  N. Cəfərov məhz  Z. Budaqovanın "Azərbaycan dilində durğu işarələri" adlı monoqrafiyasını nəzərdə tutur. Bu səbəbdən də  təlimat sözü dırnaq içərisində verilmişdir. Deməli, sözün dırnaq içərisində verilməsi üçün onun qeyri- adi məna daşıması əsas şərtlərdən biridir. Hətta sözün birinci dəfə deyilməsi də onu dırnaq içərisinə almaq üçün şərt ola bilməz. Müasir dövrdə ─  texnologiyaların yüksək inkişaf etdiyi  bir zamanda hər gün dildə yeni sözlər meydana gəlir. Belə çıxır ki, biz onların hamısını dırnaq içərisinə almalıyıq. 

Mars planetində aparılan son tədqiqat işləri unikal görüntülər meydana çıxarmışdır. Məlum olmuşdur ki, vaxtilə Marsda okean və dəniz olmuşdur. Bu gün isə planet başdan- başa qırmızı dumana bürünmüş tozşəkilli qumlardan ibarətdir. Məhz bu səbəbdən tədqiqatçı alimlər öz aralarında Marsı "qırmızı planet" adlandırırlar. Bu ad qeyri- adi olduğu və geniş ictimaiyyətə məlum olmadığı üçün dırnaq içərisində yazılır ("qara qızıl", "ağ qızıl" kimi). Şübhə yoxdur ki, uzun bir zaman keçəcək və Mars bu metonimik adı özündə saxlayacaq, lakin elə bir zaman da gələcək ki, dırnaqsız yazılacaqdır. 

Punktuasiyada çaşqınlıq yaradan hallardan biri  də vasitəsiz nitqin sonunda sual və nida işarələrinin dırnaqdan əvvəl, nöqtənin isə sonra qoyulmasıdır. Bu məsələyə Z. . Budaqova toxunsa da,   izahda qeyri- müəyyənlik vardır.  Belə ki, müəllifin söylədikləri vasitəsiz nitqə  deyil, dırnaq içərisində yazılmış söz və ya cümlələrə aiddir. O yazır: "Sual, nida, üç nöqtə işarələri dırnağa alınan söz və ya cümləyə aiddirsə, bu işarələr bağlanan dırnaqdan əvvəl, əgər dırnaqdakı cümlə və ya sözlərlə birlikdə bütün cümləyə aiddirsə, onda bağlanan dırnaqdan sonra qoyulur" [3, 82]. 

Qaydada cümlə sözü bir neçə dəfə işlənib və sadə cümlə ilə mürəkkəb cümlə arasında qarışıqlıq  yaranıb.  Məsələ burasındadır ki, müəllifin sözləri və vasitəsiz nitq  mürəkkəb cümlə təşkil edir. Əgər qaydanın son hissəsi "...əgər sual işarəsi həm müəllifin sözlərinə, həm də vasitəsiz nitqə aiddirsə, onda qapanmış  dırnaqdan sonra yazılmalıdır" şəklində olsaydı, fikir aydın və dəqiq ifadə edilmiş olardı. Z. Budaqovanın formalaşdırdığı qaydaya aid fərqli nümunələr də verilməyib. Gərək müəllf sual işarəsinin həm  qapanmış dırnaqdan  əvvəl, həm də sonra qoyulmasına dair nümunələr göstərirdi, lakin verilən nümunələr yalnız sual işarəsinin dırnaqdan əvvəl yazılmasına aiddir. 

Problemə aydınlıq  gətirmək üçün aşağıdakı cümlələri müqayisə edək:
1.Siz dediniz: "Ölüm nədir ki, bütün uşaqları məhv edir?" (M. S. Ordubadi)
2. Natiq uca səslə dedi: "Rədd olsun belə hökumət!"
3. Ana fəxrlə söylədi:"Oğlum, südümü sənə halal edirəm".

Fikrimizi izah etmək üçün hər bir nitq parçasını hissələrə bölməliyik: müəllifin sözləri və vasitəsiz nitq. Cümlələrin sonunda qoyulmuş sual və nida işarələrini yalnız vasitəsiz nitqə aid etmək olar. Belə ki, 1- ci cümlədə sual işarəsi "Ölüm nədir ki, bütün uşaqları məhv edir", 2- ci cümlədə nida işarəsi "Rədd olsun belə hökumət" cümlələrinə aid olduğu halda, 3- c cümlədə nöqtə həm müəllifin sözlərinə, həm də vasitəsiz nitqə aiddir.  Məhz bu səbəbdən də sual və nida işarələri dırnağın içərisində, nöqtə isə dırnaqdan sonra verilir. 
"Qapanmış dırnaqdan əvvəl nöqtə, vergül, nöqtəli vergül, qoşa nöqtə və tire, qoyula bilməz. Bütün bu işarələr yalnız dırnaqdan sonra qoyulur" [ 25, § 66].

 O zamanlar "Kommunist", "Sovet kəndi" və "Bakı" qəzetlərini almaq üçün qəzet köşkləri qarşısında növbələr olardı.
Aşağıda verilmiş nümunələrdə  isə  sual işarəsi dırnaqdan ona görə sonra yazılmışdır ki, bütövlükdə  mürəkkəb cümləyə aiddir.
Onlar niyə deyirlər:"Nədən belə olsun"?
Bəs o  niyə soruşmur:"Əynindəki bahalı paltonu hansı pulla almısan"?

 Sual işarəsi yalnız vasitəsiz nitqə deyil, bütöv cümləyə aid olduğu üçün dırnaqdan kənar yazılmışdır.  Bir sözlə, sual işarəsinin qapanmış dırnaqdan sonra qoyulması üçün həm müəllifin sözləri, həm də vasitəsiz nitq sual cümlələrindən təşkil olunmalıdır. 

Biz bu halın sadə cümlələrdə də şahidi oluruq. Məsələn: İndiki məqamda kimə lazımdır "Nəzər nöqtəsi"? Aydındır ki, verilişin adı dırnaq içərisində yazılır və dırnağın bağlanması cümlənin sonuna təsadüf edir, bu şəraitdə sual işarəsinin dırnaq içərisində yazılması çox absurd görünə bilər.

Ola bilsin ki, bəzi dilçilər arasında çaşqınlıq yaradan "1- ci şəxs müəllif ola bilərmi?" sualıdır. Yuxarıda verdiyimiz mötəbər mənbə bu suala "bəli" cavabını verir. Güman edirəm ki, bu, rasional yanaşmadır.  Fikimizi əsaslandırmaq üçün daha bir müəllifdən nümunə gətirək: "Müəllif mətninə daxil edilən və olduğu kimi verilən vasitəsiz nitq, yəni "özgə" nitqi iki üsulla formalaşdırıla bilər..." [19, 265]. 

Burada "özgə" sözü əbəs yerə dırnaqda verilməmişdir. Bu o deməkdir ki, həmin söz nisbi məna daşıyır, sadəcə, ənənəvi olaraq "özgə" nitqi adlansa da, özündə həm də müəllifin öz nitqini (sözlərindən fərqli  olaraq)  ehtiva edir.  

Sual işarəsi yazıda dialoqu formalaşdıran zaman sual və nida işarələri buraxılmış cümləni əvəz edə bilər. Deyək ki, üç nöqtə buraxılmış nəqli cümləni əvəz edirsə, üç sual işarəsi və üç nida məqsədə görə uyğun cümləni əvəz edə bilər. Bu işarələr vasitəsilə təəccüb, tərəddüd, qəzəb, heyranlıq və s. ifadə oluna bilər. Məsələn:
- Mən ömrümün yarısını həbsxanada keçirmişəm.
- Yəni bu neçə il edir?
- 20 ildən bir az çox.-???- Orada da məni yenidən cinayət törətməyə məcbur etdilər.

Punktuasiyada maraqlı məqamlardan biri də sitat və vasitəsiz nitqin fərqləndirilməsidir. Bəzən müəlliflər bu iki anlayışı eyniləşdirirlər. Sitat citare sözündən olub kiməsə istinad etmək mənasındadır.    "Bədii əsərlərdən  tam dəqiqliyi ilə verilmiş parçadır. Sitat ya sənədin dəqiqliyi, ya da öz ifadəliliyini vermək üçün istifadə edilir" [30].

Azərbaycan dilçilərinin əksəriyyəti  öz elmi işlərində sitat barədə məlumat verməmişlər. Təkcə Q.  Kazımov sitat haqqında qısa məlumat verir və qeyd edir ki, o (sitat) , vasitəsiz nitqdən o qədər də fərqlənmir [8, 479]. Görünür, bu oxşarlığa görə bir çox dilçilər sitatlar haqqında məlumat verməmişlər. Oxşar cəhətlər məlumdur. Fərqli cəhətlər üzərində dayanacağıq.

1. Sitat vasitəli nitq şəklində də,  yəni ki  bağlayıcısından istifadə etməklə verilə bilər, lakin vasitəli nitqdən fərqli olaraq, sitat mütləq dırnaq içərisində yazılmalıdır, çünki orada orijinaldan fərqli heç br söz və ya ifadə olmamalıdır, amma sitat kiçik hərflə başlamalıdır. Məsələn: Qandi demişdir ki, "gözə göz, dişə-diş bütün dünyanı kor və mırıq edəcək”.
3. Sitatı mətnə daxil etmək üçün xüsusi ara sözlərdən (onun sözlərinə görə, kiminsə yazdığı kimi və s. )  istifadə etmək olar. Bu sözlərin iştirakına baxmayaraq, sitat əsas mahiyyətini saxlayır, yəni olduğu kimi dırnaq içərisində verilir. Məsələn: A.P. Çexovun dediyi kimi, "durğu işarələri oxunun notlarıdır". 
4. Sitat müəllifin cümləsində həmin cümlənin komponenti rolunda çıxış edirsə, həmişəki kimi dırnaq arasına alınır, lakin kiçik hərflə başlayır. Məsələn: Fələki  Şirvaninin "su təbimin odunu söndürüb etsə minnət, susuzluqdan ölərəm , suya baxmaram əlbət" misraları  yenilməz iradəyə bariz nümunədir.
5. Sitat müxtəlif formalarda (söz, söz birləşməsi, sadə cümlə və ya bütöv mətn)  ola bilər.

Sitat aşağıdakı hallarda kiçik hərflə başlayır:
6. Müəllifin sözlərindən sonra gəlmiş sitatın əvvəlində söz buraxılmışsa:
Sokrat təbəssümlə demişdir: "...məni yenidən tapa bilsəniz, harada istəyirsiniz, dəfn edin". 
7. Sitat budaq cümlə kimi təqdim edilmişsə:
A. Bakıxanov  demişdir ki, " ...binəvanın işi rənc ilə riyazətdir".
8. Sitat verilərkən müəllif həmin sitatın içərisindən hər hansı bir sözü və ya ifadəni ayıra bilər və bu barədə qeyd apara bilər.
A. Markovun fikrincə, "qoca kişilər də qadınlar ardınca qaçırlar, amma gözləri (kursiv bizə məxsusdur ─ N. Q.)  ilə.
9. Vasitəsiz nitq sitatlardan fərqli olaraq, dialoq şəklində də verilə bilər.

Biz durğu işarələri barədə danışarkən nöqtədən başlamalıydıq, lakin nöqtə ilə bağlı mübahisəli məqamlar olmadığı üçün bunu önə çəkmədik. Bununla belə, nöqtənin də heç bir işarəyə bənzəməyən özəlliyi vardır: o həm orfoqrafik işarədir, həm də durğu işarəsidir. 

Müqayisə edin:
1. Şehli kəndinin üstünə qəribə bir axşam çökmüşdü.
2. Ali məktəbdə sevdiyim müəllimlərdən biri də  prof. Ə. Dəmirçizadə  idi.
3. Məktəbin toplantısına bizim sinifdən Asim, Şərif, İlqar və b. qatılmışdılar.
1- ci cümlədə  nöqtə durğu işarəsi rolunda çıxış edir, 2 və 3- cümlələrdə isə orfoqrafik funksiya (cümlələrin sonunda qoyulmuş nöqtələrdən başqa) daşıyır. 
1. Nöqtə orfoqrafik funksiya daşıyarsa və bu, cümlənin sonuna təsadüf edərsə, təkrar nöqtə qoymağa ehtiyac yoxdur. 
Toplantıya bizim sinifdən qatılmışdılar: Asim, Şərif, ilqar və b.
Burada çox maraqlı sual meydana çıxır: bu cümlənin sonunda qoyulmuş nöqtə orfoqrafik işarədir, yoxsa durğu işarəsidir?  Birmənalı demək olar ki, hər iki işarəni əvəz edir, çünki sözü qısaltmaq üçün istifadə edilir (orfoqrafik funksiya) və cümləni tamamlayır (durğu işarəsi funksiyası).
2.  Nöqtə:
1) orfoqrafik funksiya daşıyarsa, 
2) müəllifin adını kiçiltmək məqsədilə işlənərsə, 
3) kiçildilmiş söz mötərizə içərsində verilərsə, 
bu zaman cümlənin sonunda nöqtə qoyulmalıdır. 
Sözün də su kimi lətafəti var (Niz.).
3. Başlıqlar  sual və nida cümləsi vasitəsilə ifadə olunubsa, uyğun olaraq cümlənin sonunda sual və ya nida işarələri qoyulur. Başlıqdakı cümlədən sonra üç nöqtə də  qoyula bilər. Başlığın sonunda qoyulan durğu işarəsi ilə bağlı fikirlər lazımi səviyyədə əsaslı görünmədiyi üçün dilçi alimlərdən birinin mülahizəsinə diqqət  edək: "Əgər başlıq bir cümlədən ibarətdirsə, onun sonunda nöqtə işarəsi qoyulmur.

Romantik olmayan adam.
...Əgər başlıq iki cümlədən ibarətdirsə, sonuncudan əvvəl nöqtə qoyulur:
Bədii əsərin tərkibi. Onun forma və məzmunu" [22, 203].

Məlumdur ki, adətən, mətn başlıqları söz və ifadələrdən təşkil edilir: Qaragöz, Xəzər dənizi, Anasını iştirmiş uşaq və s. Bunların heç biri cümlə deyil, çünki cümlə olmaq üçün predikativlik tələb olunur, predikativlik isə bitmə intonasiyası olmadan yarana bilməz. Aylı gecə, sərin külək, göy çəmən kimi birləşmələr intonasiyadan asılı olaraq həm ifadə, həm də cümlə ola bilər. Yeri gəlmişkən, orta məktəb dərsliyndə  [10, 52] qeyd  edilir ki, adlıq cümlələrin xəbəri olmur. Onda sual olunur: o necə cümlədir ki, predikativliyi (лат. praedicatum- xəbər) yoxdur? Məgər bütün cümlələrin xəbəri feillərdən ibarətdir?  Cümləyə verilmiş akademik tərifdə də biz bitkin intonasiyanın vacib şərt kimi götürüldüyünü görürük. " Predikativlik cümlənin mühüm  əlamətidir. Və cümlə, söz birləşməsindən, qeyri- predikativ vahiddən  fərqli olaraq,  məhz predikativ vahid kimi təsəvvür edilir" [11, § 1]         
Müəllif tərəfindən verilmiş başlıq nümunələrinin hər ikisi cümlə deyil, ifadələrdən ibarətdir. Bitmiş intonasiyası (məhz buna görə də predikativliyi) olmadığı üçün sonda nöqtə qoyulmaması sağlam məntiqə uyğundur. Məsələ burasındadır ki, başlıqlar təkcə ifadələrdən deyil, həm də cümlələrdən təşkil oluna bilər:

Payız gəlir.
Vətən anadır. Onu sevməmək olmaz.

Bu nümunələrdə biz də müasir punktasiyanın qanunlarına tabe olaraq durğu işarələrindən istifadə etmişik. Maraqlıdır, başlıqlar nəqli cümlələrdən təşkil olunursa, niyə nöqtə işarəsi qoyulmasın? Bax bunun məntiqi izahını dilçiliyə aid  tanış olduğumuz heç bir  mənbədə tapa bilmirik. Ağlabatan  izahını bilmədiyimiz qaydaya isə kor- koranə əməl edirik. Bəlkə, söz sahibi olan dilçilərimiz həm bu cümlələrə, həm də problemə nöqtə qoysunlar. 

Ən nəhayət, sonda vasitəsiz nitqlə bağlı mühüm bir məsələyə toxunmaq istərdik. Söhbət vasitəsiz nitqə verilən tərifdən gedir. "Başqasının nitqi eynilə, dəyişilmədən verilərsə, ona vasitəsiz nitq deyilir" (2, 440).

Verilmiş tərifdə (2, 440)  problem yaradan məsələ ondan ibarətdir ki, "başqasının nitqi" ifadəsi işlənmişdir. Əgər müəllif öz nitqini verirsə, onda necə olsun? Məgər bu vasitəsiz nitq ola bilməz? Digər tərəfdən, məlumdur ki, vasitəsiz nitq özünü dialoq şəklində də göstərə bilir. Əgər dialoqda 1- ci şəxs iştirak edirsə, bu, vasitəsiz nitq sayılmamalıdır? Bu suallara cavab vermək üçün rus dilinin punktuasiyasına müraciət etmək məcburiyyətindəyik. Ali məktəblər üçün ən mükəmməl dərslik sayılan N,S. Valqinanın "Sintaksis sovremennoqo russoqo yazıka" kitabında  yazılır: 

"Vasitəsiz nitq hər hansı bir şəxsin və şəxslərdən ibarət qrupun fikrini olduğu kimi çatdırmaqdır.  Vasitəsiz nitq təqdim edir:1) başqa şəxsin fikrini, məsələn: O soruşdu:"Axı Siz mənim mühazirələrimə niyə gəlirsiniz?"; 2) müəllifin öz sözlərini, məsələn:Mən deyirəm:"Ona nə lazımdır?" (kursiv bizə məxsusdur- N.Q) [15 § 134].

Bir sıra dilçilər də vasitəsiz nitqə verdikləri i tərifdə bu cəhəti nəzərə almamışlar (Qvozdev [16, 319], V. V. Babayseva [11, 105].

Hər kəs öz nitqini kiməsə çatdırmaq üçün müəlliflik edə bilər. Ola bilər ki, insanın daxili düşüncələri vasitəsiz nitq təşkil etsin. Məsələn: Hərdən ağlıma gəlir:"Baş götürüb bu ölkədən get". 

Dilçi alimlərdən buna şəxsi nitq (N.S. Valqina) və ya daxili nitq (Babayseva) deyənlər də vardır.

"Başqasının nitqi" ifadəsi isə vasitəli nitqə şamil edilir və tərifin mahiyyətinə uyğundur.

Deməli, "başqasının fikri" ifadəsi qrammatik anlayış üçün mahiyyət kəsb etmir. Onun yerinə yuxarəda verilmiş tərifin (N. S. Valqina, § 134)   istifadə edilməsini məqbul sayırıq. 

Vasitəsiz nitqdən söz düşdüyü üçün  sitatların mənbəyinin  göstərilmə qaydası barədə baxışların birmənalı olmadığını da diqqətə çatdırmaq zamanıdır.  Dilçi alimlərdən verilmiş nümunələrə baxaq.

1. Onlar otaqdan çıxmamış otağa səs- küylə iri bir qadın girdi; qolları çırmalanmışdı. (C. Cabbarlı.) [3, 59]. 
2. O, dikdir üstündə xalça saldırıb oturmuş, dirsəyi altına bir çuval təzə yun qoydurmuşdu. (Ş. Həsənoğlu)  [8, 455]. 
3. Xəlil yüzbaşı hamısını dustaq edir (M. F. Axundzadə) [1, 197].  
4. Araz dinməz- söyləməz soyunub yatağına girdi, gözünə yuxu getmədi. (A. Şaiq) Leyla xanım Hacının evinə köçmüşdü, lakin Hacı ilə görüşmək mümkün deyildi. (M. S. Ordubadi) [6, 191]. 
5. Mayın sonunda Sergey Mixayloviç,  vəd etdiyi kimi,  səfərdən qayıtdı (L. Tolstoy) [29, 150]. 
6. Iki stansiya arasındakı məsafədə meşə bitdi  və yan tərəfdən çöllər görünməyə başladı  (L. Tolstoy) [23, 155].

Verilmiş nümunələrdən də göründüyü kimi, sitatların  mənbəyinin verilməsində Azərbaycan  və rus dilçiləri arasında eyni fərq müşahidə edilir.  Bizim alimlər bunu aşağıdakı ardıcıllıqla yerinə yeririrlər: 
1) sitat tam bitdikdən sonra nöqtə qoyulur, 
2)   sonra mötərizə açılır və mötərizənin içərisində müəllifin adı yazılır, 
3) bunun ardınca mötərizə içərisində nöqtə qoyulur və mötərizə bağlanır.
Bununla da durğu işarələrinin qoyulması bitir.

Rus dilçilri isə vasitəsiz nitq bitdikdən sonra bağlayıcı dırnağı qoyur, bundan sonra mötərizə açır, mötərizənin içərisində müəllifin adını qeyd edir, nəhayət, mötərizəni bağladıqdan sonra nöqtə qoyurlar.

Azərbaycan alimlərindən yalnız Ə. Abdullayev rus dilçiləri ilə eyni mövqeni bölüşür (3-cü nümunə).
Azərbaycan dilçilərinin istifadə etdiyi durğu dispozisiyasının aşağıdakı çatışmazlıqları vardır:
1. Sitatın mənbəyi və ya müəllifin adı nitqi təşkil edən cümlələr arasında boşluq yaradır.
2.  Sitatın mənbəyinin nəyə aid olduğu məlum olmur.
3.  Mötərizədə verilmiş müəllif adından sonra nöqtə qoyulmasının heç bir əhəmiyyəti olmur.
4.  Adətən,   nöqtə qoyulduqdan sonra yeni cümlə başlayır, yeni cümlənin başlanması üçün bu zəmin də aradan götürülür, çünki nöqtə həmin cümlədən əvvəl mötərizə içərisində  verilmiş mənbədən sonra, yəni elə mötərizə içərisində qoyulur. Bunun isə əvvəlki cümlənin bitməsinə heç bir aidiyyəti yoxdur.

Apardığımız müşahidələr onu deməyə əsas verir ki, punktuasiya haqqında nisbətən geniş və dolğun məlumata   Z. Budaqovanın monoqrafiyasında rast gəlirik. Əbəs yerə deyil ki, akademik N. Cəfərov bu monoqrafiyanı "təlimat" adlandırır. Güman etmək olar ki, Zərifə xanımın kitabı  digər müəlliflər üçün bir presedent yaratmışdır. Təəssüf ki, yuxarıda göstərdiyimiz səbəblərdən bu, reaallığı əks etdirə bilən presedent deyil.

Əsaslandırdığımız fikirləri sintaksis üzrə tanınmış mütəxəssis  D. E. Rozentalın sözləri ilə yekunlaşdıraq: " Əgər sitatın mənbəyi və ya müəllifin adı birbaşa mətnin ardınca gəlirsə, o, mötərizəyə alınır, nöqtə isə  sitatdan sonra deyil, bağlanmış mötərizədən sonra qoyulur: "Rus ictimai fikrinin tarixində Belinskinin əhəmiyyəti çox yüksəkdir" (Lunaçarski) [25, 57].

Punktuasiyaya həsr edilmiş kitabları oxuduqca heyrətlənməyə bilmirsən: bu qədər təkrarçılıq nə üçündür? Bir yandan dil inkişaf edir, bu inkişafa uyğun olaraq punktuasiya yenilənir və dəyişir. Digər tərəfdən, anlamaq olmur, nə üçün 40- 50 il bundan əvvəl yazılmış qaydalara  dair heç bir yeni baxış görə bilmirik? Əgər yeni yanaşma yoxdursa,  punktuasiyaya aid təkrar- təkrar kitab çap etməyin mənası nədir? 

İstifadə edilmiş ədəbiyyatın siyahısı:

1. Abdullayev Ə. və b. "Müasir Azərbaycan dili. Sintaksis, 2007
2. Azərbaycan dili, TQDK, dərs vəsaiti, 2010
3. Budaqova Z. Azərbaycan dilində durğuu işarələri, 1977.
4.  Cəfərov N. Yazı mədəniyyətinin durğu işarələri, "Azərbaycan qəzeti, 23 fevral, 2018- ci il.  
5. Dumanoğlu və İ. Əsgər. Müasir Azərbaycan ədəbi dilində durğu işarələri, 2016
6. Xəlilov B. Müasir Azərbaycan dili(sintaksis), 2017
7. İsmayılov  R. və b., Azərbaycan dili, VII s. dərslik,  2008, səh.124)
8. Kazımov Q. Müasir Azərbaycan dili. Sintaksis, 2007.
9. Riyaziyyat. Dərslik, Çaşoğlu, 2009)
10.Seyidov Y. və Əsədova T. Azərbaycan dili, 9- cu sinif üçün, Çaşoğlu, 2005
11. Бабайцева В.В., Л. Ю. Максимов. Современный ркусский язык, 1987
12. Бабайцева В.В. Современный русский язык, 1987
13. К.И. Былинский и Д. Э. Розенталь. Трудные случаи пунктуации,М. 1965
14. Валгина Н.С. Трудные вопросы пунктуации,1983
15. Валгина Н.С. Синтаксис современного русскогоязыка,2002
16.  Гвоздев. Современный русский литературный язык, М 1973
17. М. В. Ломоносов. Российская  грамматика 
18. Правила русской орфографии и пунктуаци, Академия Наук СССР, 1956
19.  Валгина, В. Н. Светлышева. Орфография и пунктуация, справочник, М. 2001 
20. Пипченко Н.М. Справочник по пунктуации   Минсг. БГУ 2009
22. Правила русской орфографии и пунктуации. Полный академический справочник Российская Академия Наук, М. 2007
23. Правила русской орфографии и пунктуации,  Академия Наук СССР, М. 1956
24. Письмо А. П. Чехова Холопову от 11 марта 1913 года
25. Розенталь  Д.Э. Русский язык. Орфография и пунктуация, М.2003
26. Розенталь Д. Э. Справочник по русскому языку. Пунктуация, 2002.
27.  Шахматов А.А. . Синтаксис русского языка,М. 2001
28. Шапиро. Современный русский язык. Пунктуация, Просвещение, 1974
 29. Шапиро А. Б. Основы русской пунктуации", М. 1955
30. Словарь литературных терминов