Dustaq dilemması və ya mən başqan olarkən...

Dustaq dilemması və ya mən başqan olarkən...

23-09-2019 13:05 / Bu xəbər 3338 dəfə oxundu

Yadigar Sadıqlı

Oyunlar nəzəriyyəsində "dustaq dilemması” deyilən bir problem var. 

Mahiyyəti 1950-ci ildə iki ABŞ riyaziyyatçısı Meril Flad və Melvin Draşer tərəfindən ifadə olunub. Problemin təsviri belədir.

Birlikdə bir neçə oğurluqlar həyata keçirən iki  nəfər həbs edilib. Amma polis oğurluqların yalnız az hissəsini sübut edə bilir, çoxu barədə dəlil-sübut çatışmır. Buna görə də ayrı-ayrılıqda saxlanılan və bir-birlərilə ünsiyyət qurmaq imkanı olmayan dustaqların hər birinə bütün epizodlarla bağlı ifadə vermək təklif olunur. 

Bu zaman aşağıdakı variantlar yaranır:
1. A ifadə verir, B susur (və ya əksinə). Nəticədə A azad olunur, B isə maksimum müddətə, 5 illik azadlıqdan məhrum edilir (və ya əksinə).
2. A və B ikisi də susurlar və hər biri 1 il müddətinə azadlıqdan məhrum edilirlər.
3. A və B bir-birilərinin əleyhinə ifadə verirlər və hər biri 3 il həbs cəzası alırlar.

Məntiqlə hər iki dustaq üçün ən yaxşı variant ikisinin də susması və 1 il həbs almalarıdır. Ancaq hər ikisi üçün! Ayrı-ayrılıda götürəndə isə hər biri üçün ən yaxşı variant ifadə verməkdir. Bu cinayət ortağının nə edəcəyindən asılı olmayaraq ən yaxşı variantdır. Əgər ortaq susursa, sən ifadə verib azadlığa çıxırsan. Əgər ortaq danışırsa, sən də ifadə verib maksimum deyil, 3 il cəza alırsan. Buradan da paradoks yaranır: ikisinin (qrup) mənafeyi üçün susmaq, hər birinin ayrılıqda mənafeyi üçün isə danışmaq yaxşıdır.

İlk baxışda sadə və bəlkə də, uydurma görünən bu məsələ Qərbdə ciddi şəkildə müzakirə edilir, sosiologiya, politologiya, iqtisadiyyat və etologiya (biologiyanın şöbəsi) sahələrinə tətbiq edilir. Burada fərdlərin qrup mənafeyi naminə bir-birilərilə əməkdaşlıq etmələrinin üstünlüyü araşdırılır.

Bir dəfə oynanılan "dustaq dilemması" zamanı bir tərəfin digərini "satqınlığa" görə cəzalandırmaq imkanı yoxdur. Təkrarlanan (iterativ) dustaq dilemması, yəni dəfələrlə oynanılan dilemma zamanı isə belə bir imkan var və buna görə də tərəflər bunu nəzərə almalı olurlar. Həyata da məhz təkrarlanan dilemmanı tətbiq etmək doğrudur. Məsələn, Riçard Dokinz özünün "Eqoist gen" əsərində hesab edir ki, heyvanlar və bitkilər fasiləsiz şəkildə dustaq dilemmasını "oynayırlar". 

1980-ci illərin əvvəllərində ABŞ politoloqu Robert Akselrod oyunlar nəzəriyyəsilə məşğul olan bir neçə mütəxəssisdən təkrarlanan dustaq dilemması üzrə strategiyalarını kompüter proqramı şəklində tərtib edərək göndərməyə dəvət edir və bu strategiyaların yarışını təşkil etməyi planlaşdırır. 15 strategiyanın iştirak etdiyi bu çempionatı Akselrod özünün "Əməkdaşlığın təkamülü" adlı kitabında təsvir edir.

Oyunun qaydaları belə idi:
- Hər iki strategiya bir-birlərilə əməkdaşlıq edirlər (dustaqların davranışı ilə paralel aparsaq, susurlar) - hər ikisinə 3 xal verilir;
- Hər ikisi qarşılıqlı əməkdaşlıqdan imtina edir (ifadə verirlər) - 1 xal;
- Biri əməkdaşlıq edir, digəri imtina edir - birinciyə 0 xal, ikinciyə 5 xal.

Hər bir strategiya digər 14 strategiya və həmçinin özünün surəti ilə oyun keçirəcəkdi. Oyunların hər biri 200 gedişdən ibarət idi. Başqa sözlə desək, 200 dəfə "əməkdaşlıq" və ya "imtina" seçilməli, bu zaman da rəqibin növbəti gedişdə və ya gedişlərdə əvəz çıxa biləcəyi nəzərə alınmalı idi.

Oxuculara tam aydın olsun deyə vurğulayım ki, çempionatda insanların iştirakı yalnız proqramlaşdırılan strategiyanı təqdim etməkdən ibarət idi. Bundan sonra onlar heç nəyə qarışmırdılar, proqramlar bir-birlərilə yarışırdılar.

Bəzi müəlliflər həddən artıq mürəkkəb və hiyləgər strategiyalar təqdim etmişdilər. Lakin qalib gələn strategiya çox sadə idi. "Göz əvəzinə göz" adını alan bu startegiya ilk gedişində əməkdaşlığı seçirdi, sonrakı gedişlərdə isə rəqibin bir gediş əvvəlki seçimini təkrar edirdi. Əgər rəqib əməkdaşlıq etmişdisə, "Göz əvəzinə göz" onu təkrar edirdi, imtina etmişdisə, növbəti gedişdə imtina edərək rəqibdən əvəz çıxırdı. 

Akselrod çempionatda iştirak edən strategiyaları iki yerə bölürdü: dürüst və qeyri-dürüst strategiyalar. Dürüst strategiyalar əməkdaşlıqdan heç vaxt birinci olaraq imtina etmirdilər. Qeyri-dürüst strategiyalar isə əksinə, 5 xal qazanmaq üçün bəzən imtina edirdilər. Turnirdə iştirak edən strategiyaların səkkizi dürüst kateqoriyasına aid idilər və maraqlıdır ki, ilk səkkiz yeri də məhz onlar tutdular. Yəni nəticələr əməkdaşlığa meylliliyin uğura apardığını ortaya qoyurdu.

Akselrodun "bağışlayan" və "kinli" adlandırdığı təsnifat da vardı. Bəs bu təsnifatın mahiyyəti nədir? "Bağışlayan" odur ki, rəqib imtina etdikdə uzunmüddətli kin saxlamır, tezliklə unudur. "Göz əvəzinə göz" bağışlayan strategiyadır. Rəqibin qeyri-dürüstlüyünün əvəzini çıxır, amma daha kin saxlamır, artıq növbəti gedişdə əməkdaşlıq edir. 

"Kinli" strategiyalar isə əksinə, qeyri-dürüst davranışı bağışlamırlar və əməkdaşlığa son qoyurlar. Belə strategiyalar yüksək nəticə göstərmədilər. Onu da əlavə edək ki, qeyri-dürüstlüyün əvəzini heç çıxmayan,  rəqibin davranışından asılı olmayaraq hər gedişdə əməkdaşlığa meyl edən, "rahib" deyə biləcəyimiz (bu termini Akselrod deyil, mən işlədirəm) strategiya da yüksək nəticə göstərmədi.

Beləliklə, Akselrodun keçirdiyi turnir qələbənin iki əsas prinsipini ortaya qoydu: dürüstlük və kin saxlamamaq. Əlavə edim ki, onun keçirdiyi və artıq 63 strategiyanın iştirak etdiyi ikinci turirdə yenə "Göz əvəzinə göz" qalib gəldi. İlk 15 yeri tutan strategiyaların 14-ü dürüst strategiyalar idi. 

***

Yuxarıda dediyim kimi, dilemma başqa sahələrlə yanaşı politologiyaya da tətbiq edilir və öyrənilir. Mən də bu barədə oxuyarkən dərhal Azərbaycanın müxalifət düşərgəsindəki münasibətləri xatırladım.

Sirr deyil ki, burada tərəflər bir-birlərinə qarşı heç də həmişə dürüst davranmırlar. Özü də olduqca uzun müddət kin saxlayırlar. Bəzən qarşılıqlı ittihamlar aylarla davam edir. Hazırda bunu AXCP və ReAl partiyaları arasında müşahidə etmək olar. 

Təcrübə isə göstərir ki, qeyri-dürüst davranış kimi kin saxlamaq da zərərlidir. Hətta haqlı olduğun halda belə əməkdaşlıqdan uzun müddət imtina, düşmənçilik sərgiləmək cəmiyyəti yorur, dürüst və qeyri-dürüst tərəfə eyni dərəcədə mənfi yanaşmağa sövq edir.
 
Üstəlik, onsuz da məhdud olan resurslar hakimiyyətə qarşı istifadə olunmur, müxalifət daxilinə xərclənir.

Bildiyiniz kimi, Müsavat başqanlığına namizədliyimi irəli sürmüşəm. Bu məqaləni müxalifətdaxili münasibətlərlə bağlı proqramımın obrazlı və qısa təsviri kimi qəbul etmək olar. 
Mənim başqan olacağım Müsavat müxalifət daxilində daim dürüst davranacaq. Qeyri-dürüst davranana qarşı "rahib" yumşaqlığı göstərilməyəcək. Amma demokratik mübarizə və cəmiyyətin mənafeyi naminə kin də saxlanılmayacaq və əməkdaşlıq tərəfdarı olacağıq. 

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.