"Dövlət bu bankın arxasında dayanıb"

26-05-2017 20:45 / Bu xəbər 3418 dəfə oxundu

Azərbaycanın maliyyə nazirinin müavini Azər Bayramov mayın 25-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxış edərkən Beynəlxalq Bankdan əmanətlərin qaytarılmasında məhdudiyyətin olmamasına baxmayaraq, müştərilərin onları götürməsindən ötrü də əsas olmadığını deyib. 

"Əhalinin əmanətləri sığortalanıb, ona görə narahat olmaq lazım deyil", - deyən A.Bayramov əlavə edib ki, kreditin və onun qaytarılma şərtinin dəyişdirilməsi yalnız xarici öhdəliklərlə bağlıdır.

Ekspertlər Beynəlxalq Bankdakı əmanətlərin hansı yollarla ödənilə biləcəyindən danışıb.

İqtisadçı Natiq Cəfərli Toplum.Tv-yə deyib ki, Beynəlxalq Bankdakı bütün əmanətlər siğortalansa da, Əmanətlərin Siğortalanması Fondunda vəsait yoxdur:
Картинки по запросу Natiq Cəfərli
”Bu günə qədər bağlanan banklarda fiziki şəxslərin əmanətləri ilə bağlı problem demək olar ki, yaşanmadı. Əsas problem hüquqi şəxslərin qoyduğu əmanətlər və  hesablarında olan pullarla bağlı oldu. Məsələn, "Bank Standart"ın bağlanmasından aylar keçməsinə baxmayaraq hələ də 150 milyon manata yaxın depozitlərini bəzi fiziki və hüquqi şəxslər götürə bilmirlər. Beynəlxalq Bankdakı bütün əmanətlər siğortalanıb , amma Əmanətlərin Siğortalanması Fondunda vəsait yoxdur. Sabah ciddi problemlərlə qarşılaşanda Əmanətlərin Sığortalanması Fondunda vəsait çatışmazlığı ilə üzləşəcək. Amma dövlətin əvvəlki aylarda atdığı addıma bənzər addım görə bilərik. Dövlət Əmanətlərin Sığortalanması Fonduna bugünə qədər 500 milyon manata yaxın kredit ayırıb. Amma bu kredit də deyil, çünki onun geri qayıtması mümkün olmayacaq. Sadəcə əhalinin depozitlərini ödəyərək, onları sakitləşdirmək üçün atılan addım idi. Beynəlxalq Bankla da təxminən oxşar situasiya yarana bilər. Əmanətlərin qaytarılmasında ciddi problemlər yaşanarsa, dövlət dəstəyi olacaq. Hüquqi şəxslərlərin- şirkətlərin hesablarında olan vəsaitlərin qaytarılmasına çətinliklər yaranacaq və bu proses uzun zaman alacaq”.

Hüquqşünas, bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Əmanətlərin Sığortalanması Fondunun bugünkü vəsaitinin Mərkəzi Bankdan aldığı kredit olduğunu bildirib: 
Əkrəm Həsənov komitə sədri seçilib
"Azərbaycanda hazırda əmanətlərin tam sığortalanması sistemi var. Bu, o demək deyil ki, bütün əmanətlər sığortalanıb. Yalnız o əmanətlər sığortalanıb ki, milli valyutada həmin əmanətlər üzrə faiz dərəcəsi 15 faizi, xarici valyutada isə 3 faizi ötür. Beynəlxalq Bankda dollar ilə 5 faizlik əmanət qoyulubsa, onun sığortası yoxdur. Təbii ki, banklardakı belə faiz dərəcəsi ilə qoyulan əmanətlərin sığortası yoxdur. Bunu da hamı bilməlidir. Heç də bütün əmanətlərin sığortası yoxdur. Digər tərəfdən, vətəndaşlar bilməlidir ki, əmanətlər dövlət tərəfindən sığortalanmayıb. Onların əmanətləri Əmanətlərin Siğortalanması Fondu tərəfindən sığortalanıb. Hətta "Əmanətlərin sığortalanması haqqında" qanundakı maddədə deyilir ki, dövlət Əmanətlərin Sığortalanması Fondunun öhdəliklərinə görə cavabdeh deyil. Həmin fondun əmanətləri qaytarmağa vəsaiti yoxdursa, əmanətlər batmış hesab olunur. Sadəcə həmin qanunda qeyd olunub ki, fondun pulu çatmırsa, o, Mərkəzi Bankdan kredit götürə bilər. Bu günün özündə hamı bilsin ki, Əmanətlərin Sığortalanması Fondu özü də müflisdir. Onun bütün pulu elə Mərkəzi Bankdan götürdüyü kreditlərdir. Mərkəzi Bank fonda kredit verməsə, fond da müflisləşəcək, beləcə əmanətləri də heç kim qaytarmayacaq”.

Deputat Vahid Əhmədov isə hesab edir ki, dövlət Beynəlxalq Bankın arxasında dayanıb:
Millət vəkili:
”Azər Bayramov Milli Məclisin iclasında çıxış edərkən daxili əmanətlərin ödənilməsi ilə bağlı problemin olmadığını, xarici kreditorların əmanətlərinin geri qaytarılması üçün danışıqların getdiyini bildirdi. Daxili əmanətlərlə əlaqədar heç bir problem olmayıb, olan deyil. Əmanətlərin Sıgortalanması Fondunda vəsait olmaya bilər. Beynəlxalq  Bankın 90 faizlik səhmləri dövlətə məxsusdur. Ona görə də dövlət bu bankın arxasında dayanıb”. 

Beynəlxalq Bankdakı əmanətlərin miqdarı və ümumi borc açıqlanmayıb.

Ofelya Ramilqızı
Toplum.Tv