Dövlət Departamenti Azərbaycandakı həbslərdən yazıb

Dövlət Departamenti Azərbaycandakı həbslərdən yazıb

19-05-2020 13:08 / Bu xəbər 1254 dəfə oxundu

Departamentin rəsmi "Facebook” səhifəsində müxalif fəallara təzyiqlərdən paylaşım edilib

ABŞ Dövlət Departamentinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə bürosu Beynəlxalq Ailələr Günündə Azərbaycandakı həbslərdən yazıb.

Departamentin rəsmi "Facebook” səhifəsində paylaşılan postlarda bildirilir:

"Azərbaycanlı insan hüquqları fəalları ölkədə 100-dən çox siyasi məhbus və saxlanılan olduğunu bildirirlər. Onları arasında müxalif fəallar Tofiq Yaqublu, Orxan Baxışlı və Fuad Əhmədli istintaq dövründə haqsız yerə həbsdə saxlanıldıqları üçün Beynəlxalq Ailə Gününü əzizləri ilə keçirə bilməyiblər.

Azərbaycanda müxalif partiya fəallarının haqsız yerə həbs olunmalarına görə ailələr əzab çəkməyə davam edirlər. Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Aqil Məhərrəmli, o, 2018-ci ildə həbs olunarkən 6 aylıq olan əkiz qızlarının yanında ola bilmir”.

İnsan haqlarından bəhs edən "Gözətçi” saytı qeyd edir ki, bir neçə gün öncə ABŞ-ın Helsinki Komissiyasının Nümayəndələr Palatasından olan sədri Alsi L.Hastinqs və həmsədri, senator Rocer Viker Azərbaycanda karantin dövründə insan hüquqlarının pozulması ilə bağlı birgə bəyanatla çıxış edərək pandemiya dövründə sağlamlıqla bağlı tədbirlərin siyasi motivli repressiyalara haqq qazandıra bilməyəcəyini vurğulayıblar. AŞPA-nın Azərbaycanın monitorinqi üzrə məruzəçiləri Ştefan Şennax və Rocer Qeyl də hakimiyyətin pandemiyaya qarşı mübarizə adı altında öz tənqidçilərini təqib etməsindən narahat olduqlarını bildiriblər.