Dövlət İmtahan Mərkəzi ilə Kamran Əsədov bir-birlərini məhkəməyə verəcək

Dövlət İmtahan Mərkəzi ilə Kamran Əsədov bir-birlərini məhkəməyə verəcək

17-08-2018 16:22 / Bu xəbər 1744 dəfə oxundu

DİM eksperti məlumatı ictimailəşdirməkdə qınayır

Dövlət İmtahan Mərkəzinin (DİM) nüfuzuna zərər gətirdiyinə görə təhsil eksperti Kamran Əsədov məhkəməyə veriləcək.

Bu barədə DİM sədri Məleykə Abbaszadə avqustun 15-də keçirdiyi mətbuat konfransında açıqlama verib.

M.Abbaszadə deyib ki, hər bir abituriyentin imtahan nəticəsi yalnız onun razılığı əsasında açıqlana bilər. Üçüncü şəxsə fərdi məlumatlar çatdırıla bilməz.

DİM sədri bildirib ki, 596 bal topladığı iddia edilən Əsgəri İbrahim Əli oğlu əslində yaz imtahanında 410, yay imtahanında isə 451 bal toplayıb: "Abituriyentin 596 bal toplaması ilə bağlı iddiası qəbul olunmur. Cavab kartlarını yalnız məhkəmə prosesinə təqdim edə bilərdik. Məsələ ictimailəşdiyindən, Dövlət İmtahan Mərkəzinin nüfuzuna zərər gətirdiyinə görə təhsil eksperti Kamran Əsədovu məhkəməyə verəcəyik. Çünki ondan məsələni təkzib etməyini istəmişdik, ancaq o, bundan imtina edib".

Kamran Əsədov isə deyir ki, ona valideynlər imtahan nəticələri barədə çap olunmuş sənəd və ixtisas seçimi ərizəsinin təsdiq olunmuş sürəti ilə müraciət edib. Bundan sonra onların şəxsi razılığı ilə məlumat ictimailəşdirilib. Yəni abituriyent barəsində məlumat onların razılığı ilə verilib: "Məni məhkəmə ilə hədələyirlər? Buyurub etsinlər. Əllərində heç bir əsas yoxdur. Amma mənim əlimdə valideynlər tərəfindən təqdim olunmuş sənədlər var. Mətbuat konfransında abituriyentin valideynləri sözlərini və iddialarını Məleykə Abbaszadəyə dedilər. Hətta abituriyentin valideynləri bu proses və problemin qabarmasında onların maraqlı olduğunu, mənim ilə əlaqəli olmadığını bildiriblər. Mən ilkin statusda da ittiham irəli sürməmişəm, mənə daxil məlumatı onların razılığı ilə paylaşmışam ki, bu da qanunvericilik aktlarına uyğundur”.

K.Əsədov deyib ki, onun işgüzar fəaliyyətinə xələl gətirdiklərinə, qulluq mövqeyindən istifadə etməklə hədə-qorxu gəlmələrinə görə DİM-ə qarşı məhkəmə iddiası qaldıracaq.