Dövlət sahibkarlara necə dəstək olmalıdır?

Dövlət sahibkarlara necə dəstək olmalıdır?

26-03-2020 14:09 / Bu xəbər 1437 dəfə oxundu

Akif Əsədov 7 ildir ailəsini dönər satdığı kiçik kafesindən gələn gəlirlə dolandırır. 

Ölkədə koronavirusun yayılması və insanların kənardan daha az qida alması onun biznesinə ciddi təsir göstərib. 

"Məkan özümə aid deyil. İcarə haqqını isə indiki halda ödəyə bilmirəm”, - A. Əsədov ToplumTV-yə danışır. 

O, eyni zamanda, kommunal xərcləri ödəməyin çətinliyini də vurğulayır: "Kommunaldan heç danışmayım. Gəlirlərimiz çox azalıb. Ziyandan çıxmaq üçün isə dövlətin dəstəyinə ehtiyacımız var. Mən işçilərimi ixtisar edə bilmərəm. Özümdən başqa buradan evinə daha 7 nəfər çörək aparır. Amma indiki vəziyyətdə məkanı bağlamaqdan başqa əlac qalmayıb. Onsuz da alıcı  yoxdur”.

Akif Əsədov kimi bu günlərdə çətinlik çəkənlər az deyil. Düzdür, dövlət ilk gündən sahibkarlara yardım göstərəcəyini bəyan edib. Bu məqsədlə 1 milyard manat ayrıldığı da deyilib. Amma hələlik konkret plan açıqlanmayıb. 

İqtisadçı Toğrul Maşallı dövlətin ata biləcəyi addımlarla haqqında danışır. 
  
Toğrul Maşallı: "Kredit siyasəti dəyişdirilməlidir"

Onun sözlərinə görə, ən yaxşı dəstək vergi məsələləri ilə bağlı tədbirlərin görülməsi olardı: "Xüsusilə, bu, ən çox ziyan dəymiş sahələrə tətbiq edilə bilər. Bura iaşə, mehmanxana, turizm və nəqliyyat sahələrini aid etmək olar. Ən böyük problemlərdən biri də icarə haqlarının dondurulması məsələsidir. Ya da başqa bir dəstək forması tapılmalıdır. Bu daha çox kiçik sahibkarlara aid edilməlidir”.

Toğrul Maşallı kredit siyasətinin dəyişdirilməlisinin vacibliyini də qeyd edir: "Bunun üçün çox böyük vəsait ayrılmalıdır. Vəsaitlərin çoxluğu kreditlərin ucuzlaşmasına səbəb olacaq. Bu isə sahibkara daha ucuz kredit əldə etməklə ona dəymiş ziyanı konpensasiya etməyə kömək edəcək”.

Keçmiş deputat, iqtisadçı Nazim Bəydəmirli isə sahibkarların çaşqınlıq içində olduğunu deyir: "1 milyard vəsait ayrılıb və bilinmir ki, o hara xərclənənəcək. Bu səbəbdən insanlar, sahibkarlar hökumətə inanmır və ilk növbədə bu inamı bərpa etmək üçün müxtəlif addımlar atılmalıdır”. 

İqtisadçı bir məqama diqqət çəkir. Onun sözlərinə görə, istənilən böhranlı dövrdə atılacaq ilk addım dövlət xərclərinin azaldılmasıdır: "Nazirlər Kabinetinin tərkibi ixtisar olunmalı, ora daxil olan strukturların birləşdirilməsi hesabına dövlət xərclərinin azaldılması mümkündür”.

Nazim Bəydəmirli: "Gömrük Komitəsi ləğv edilməlidir" 

O, süni bahalaşmaların qarşısının alınması məqsədilə Gömrük Komitəsinin ləğvini də tövsiyə edir: "Gömrük Komitəsi bəyannamə qiymətlərinin yüksək göstərir və bu süni bahalaşma yaradır. Sahibkar nə qədər də ucuz məhsul gətirsə belə, gömrük komitəsi məhsulun bəyannamə qiymətini yüksək göstərir”.

Nazim Bəydəmirli həmçinin qiymət artımının qarşısını almaq məqsədilə gömrük rüsumlarını aşağı salmağı təklif edir: "Azərbaycan idxaldan asılı ölkədir. Bu mənada ölkə üçün mal və məhsulların hərəkətində müəyyən problemlər yaşana bilər. Bu isə qiymət artımına səbəb olur. Ona  görə mövcud vəziyyətdə gömrük rusumları azaldılmalıdır və ya bu müddət ərzində dayandırılmalıdır. Qida məhsullarının 80%-nin xaricdən gəlməsi, rüsumların 15% olması və ƏDV ölkəyə gətirilən məhsulların bahalaşmasına imkan yaradır. İnsanları ən çox narahat edən də  mövcud sosial problemlərin, bahalaşmanın daha da kəskinləşməsidir. Təəssüf ki, hökümət bununla bağlı hələlik heç bir tədbir görməyib”. 

N. Bəydəmirli hesab edir ki, hökumət xaricdə saxladığı ehtiyatların bir hissəsini ölkəyə gətirməli, şirkətlərin və vətəndaşların əvvəlki illərdə aldığı kreditləri restruktrizasiya edib, onların faiz dərəcələrini aşağı salmalıdır.

Onun sözlərinə görə ən vacib addımlardan biri də hökümətin məmuru biznesdən ayırmasıdır: "Bizim ölkədə liberal bazar iqtisadiyyatı olmadığına görə, məmur sahibkarlığı özəl sektoru öz əhatəsinə alıb. Bu vətəndaşları ümidsiz edir və düşünürlər ki, bütün tədbirlərin hamısı məmur sahibkarlığına xidmət edəcək. Açıqlamalarda dövlət sektoruna dəstəyi görürük. Özəl sektor sanki kənarda qalıb. Bunun üçün hökümət həm də vergi güzəştlərini tez bir zamanda elan etməlidir ki, ixtisarların qarşısı alınsın”.

Bu günlərdə koronavirusla mübarizə aparan ölkələr bir sıra tədbirlərin həyata keçirilməsini sürətləndirdi. Məsələn, Türkiyə parlamenti icarə haqlarınin yarıya qədər endirilməsi barədə qərar verdi. Bu sayədə sahibkarlar iş yerlərini saxlaya biləcəklər. Eyni zamanda, vergilərin noyabra qədər dayandırılması barədə qərar var.

Martın 25-də Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ölkənin biznes mühitinə mənfi təsirin azaldılması məqsədilə hökumitın hansı sahibkarlara dəstək verəcəyini açıqlayıb. Azərbaycan hökuməti dəstək tədbirlərinin müəyyən edilməsi zamanı dövlətin çağırışlarına adekvat cavab verən, iş yerlərinin və əməkhaqqı fondunun azalmasına yol verməyən, fəaliyyətini şəffaf quran və sosial məsuliyyət nümayiş etdirən hüquqi şəxslərə və sahibkarlara üstünlük verəcəyını bəyan edir. 

Vüsalə Mikayıl