"Ədəbiyyata qalmaqalsız gəldim" - Ulucay Akif

03-03-2016 23:45 / Bu xəbər 3404 dəfə oxundu

Arqument.Az gənc yazar Ulucay Akiflə müsahibəni təqdim edir: 

- Ədəbiyyata gəlişiniz necə olub? Bu barədə söhbət edək... 
- Hələ ədəbiyyata tam gəldiyimi düşünmürəm. Ümumiyyətlə "ədəbiyyata gəlmək” ifadəsinin nə demək olduğunu da tam bilmirəm. Yəni ədəbiyyata necə gəlirlər ki? (gülür) Məhşurlaşmağımı soruşursunuzsa, bunda mənə "Feysbuk” çox kömək olub. Şeirlərimi və fikirlərimi paylaşaraq özümə oxucu kütləsi topladım. Sonra məni ədəbi məclislərə, tədbirlərə çağırmağa başladılar, hərdən qalxıb 1-2 ağıllı söz deyib özümü tanıtdım. Daha sonra qəzetlərdə, saytlarda dərc olunmağa başladım, məndən müsahibələr aldılar. Yəni uzun sözün qısası, ədəbiyyata qalmaqalsız gəldim.

- Sizi "Feysbuk" şairi adlandırırlar, buna münasibətiniz necədir? 
- Hə,  şeirlərimi də "feysbuk” vəznində yazıram (gülür). Belə fikirlər məni narahat etmir, çünki bu, böyük ehtimal paxıllıqdan irəli gəlir. Nə fərqi var "feysbuk”da paylaşdım şeirlərimi, ya da hansısa qəzetdə. "Feysbuk”dakılar insan deyil? İndi sosial şəbəkələr üzərindən bir sıra peşələr öz fəaliyyətini aparır. Fahişəsindən tutmuş alverçisinə, həkiminə kimi. Bu şansdan istifadə etməyimin nəyi pisdi ki?

- Bəs yazılarınız, şeirləriniz ciddi qəbul olunur? 
- Bəli, ciddi qəbul olunuram ki, hazırda məndən müsahibə alırsınız. Mənim "feysbuk” hesabımda hər təbəqəyə, hər peşəyə aid insanlar var və demək olar ki, hamısından da yaradıcılığım haqqında xoş sözlər eşidirəm. Məktəb şagirdlərindən universitet professorlarına, evdar xanımından satıcısına kimi hər kəs mənim yaradıcılığıma ciddi yanaşır, çünki mən özüm nəyə qeyri-ciddi yanaşsam da, ədəbiyyata bütün ciddiyyətimlə yanaşıram. 

- Gündəmə qalmaqalla gələn yazıçılara münasibətiniz necədir? 
- Qalmaqalla gündəm yaratmaq istəyən yazıçılar istedadına güvənməyən  şöhrətpərəst yazıçılardır. Bəlkə də, onlara heç yazıçı da demək olmaz. Mən də çox şöhrətpərəst biriyəm, amma heç vaxt məhşurlaşmaq üçün bu cür yola əl atmaram. Yazıçı gərək yaradıcılığı ilə tanınsın. Belə tanınmağa nə var ki? Həm qalmaqalla, kimisə təhqir etməklə qazanılan şöhrət çox qısamüddətli olur. Ədəbiyyat tarixində qalmaqalla yadda qalan bir yazıçı tanıyırsınız heç?

- Ədəbiyyatın hazırkı durumu sizi qane edir? 
- Əslində etmir. O cəhətdən demək olar ki, heç ədəbi tənqidçilərimiz yoxdu. Qalaq-qalaq kitablar çap olunur, romanlar, şeirlər yazılır, amma tərifdən başqa heç nə görmürsən. Hara baxırsan "filankəs dahidi”, "filankəs ədəbiyyatımızn parlaq simasıdı”, "filankəs ədəbiyyatımızda yeni nəfəsdi”. Elə təriflər eşidirəm, oxuyuram ki, nə deyim vallah. Qırağa çəkilib bir az aralıdan baxanda isə görürsən ki, ortada heç nə yoxdu. Nəsrdə güclü yazıçılarımız azdır, poeziyada isə vəziyyət nisbətən ürəkaçandır. İstedadlı gənc şairlərimiz var.

 - Siz, özünüzü poeziyada uğurlu hesab edirsiniz? 
- Düzünü desəm hərdən çox istedadsız olduğumu, hərdən isə çox istedadlı olduğumu düşünürəm. Ümumilikdə isə istedadlı və uğurlu olduğumu bilirəm. Yalandan özümü sadəlövh aparmaq üçün düşündüklərimi gizlədə bilmərəm. Məncə, insan istedadlı olub-olmadığını özü hiss edə bilər. Mən də bunu hiss edirəm. Buna həm də ona görə əminəm ki, mən şeiri ruhumu məcbur edərək yazmıram, əksinə, ruhum məni qələmi əlimə almağa vadar edir. 

- Atanızın şair olması yaradıcılığınıza təsir edib? 
- Əlbəttə, atamın şair olmasının mənim yaradıcılığımda yəqin ki, payı var, amma atam şair olub deyə şair olduğumu heç düşünmürəm. Əgər elə olsaydı, böyük qardaşım da yazıçı, şair olardı, amma qardaşım sadəcə, bir oxucu kimi ədəbiyyata maraq göstərir.  Dünya şöhrətli argentinalı yazıçı, şair Xorxe Luis Borxesin məhşur bir fikri var: "Şair olunmur, şair dünyaya gəlir”.

- Şeirlərinizin bədbin ruhda yazılmasına səbəb nədir?
- Ümumiyyətlə şeirlərin çoxu qəmgin notlar üzərində qurulur. Adam çox vaxt nədənsə narazı olanda yazmağa başlayır. Xoşbəxtlik adama şeir yazdırmır məncə. Bu, çox nadir hallarda olur. Xoşbəxt adam niyə şeir yazsın ki?

- Nədən narazısınız ki? 
- Nədən razıyam ki? Cəmiyyətdə olan problemlər, ölkədə olan problemlər, bəzən də şəxsi həyatımdakı problemlər. Problemlər çox olur və dərd orasındadır ki, heç onlardan düz-əməlli danışmaq da olmur. Yığılır düyünlənir boğazında.

- Ölkədə, cəmiyyətdə xoşunuza gəlməyən nədir? 
- Özüm gənc olmağıma baxmayaraq, gənclərdən narazıyam. İnsanlarımız, xüsusən gənclərimiz vecsizləşir. Hər şeyə "mənə nə?”, "mənim nə vecimə?” prinsipi ilə baxırlar. Baxırsan ki, ən ciddi hadisəyə də barmaqarası yanaşıb gülürlər, ələ salırlar. Belə olmaz. Yer üzündəki problemlərin, bəlaların hamısı bütün insanlığa yönlənir gec, ya tez. Bu gün səndən yan keçən bir hadisə sabah sənin qapını döyəndə necə davranacaqsan bəs? Bunları düşünmək lazımdı, həm də çox ciddi. Hamımız insanıq və bir-birimizə düşmən yox, dost olmaq üçün gəlmişik bu dünyaya.

- Bəs hallar nədən qaynaqlanır? 
- Səbəbini tam bilmirəm, amma bu vecsizlik bütün insanlara aşılanır və buna qarşı ciddi mübarizə aparmaq lazımdı - beyin mübarizəsi. Yazıçıların da öhdəsinə çox məsuliyyətli iş düşür. Gərək marifləndirməyə xüsusi önəm verilə. Kim nə deyirsə desin amma mənə görə ədəbiyyatın ən böyük vəzifəsi marifləndirməkdir.

- Siz özünüz cəmiyyəti maarifləndirmək üçün addım atırsınız? 
- Bəli. Yazdığım şeirlərdə, köşə yazılarımda, hekayələrimdə, adi "feysbuk” statuslarımda çalışıram ki, insanlara hansısa problemi və bacardığım qədər həllini göstərim. Bunu lovğalıq kimi qəbul edənlər də var, lakin mən bir insan və yazıçı kimi vəzifəmi yerinə yetirirəm.


- Ölkədə kitaba maraq var? 
- Gənc yazıçılarımızın əksəriyyəti sosial şəbəkələrdə var və onları izləyən, oxuyan çoxdur. Amma həmin yazıçının kitab təqdimatına getsən, görərsən ki, adam sayı çox aşağıdır. Yəqin oxucuları onların yaradıcılığı çox da maraqlandırmır deyə belə olur. Məncə, yazıçıların da bunda günahı var, çünki sosial şəbəkələrdə qazandıqları oxucu kütləsindən lazımınca istifadə edə bilmirlər.

- Bəs gənclərin dünya ədəbiyyatına marağı necədir? 
- Ümumi götürsək, kitaba, ədəbiyyata maraq böyükdür, bəlkə də, ölkəmizdə indiki kimi dönəm olmayıb ki, gənclik ədəbiyyata bu qədər maraq göstərsin. Dünya ədəbiyyatına maraq isə həddindən artıq çoxdur. Dediyim kimi, yazıçılarımız potensial oxuculardan istifadə edə bilmirlər, xüsusən də savadlı oxucuları qane etmirlər. 

-Nə yazmalısan ki, oxucu maraqlansın? 
- Ortaya ciddi və güclü mətn qoymaq lazımdır, oxucunun istədiyini yazıçı ona çatdırmalıdır. Yazıçı özümüzdən yazmalıdı, özünü xarici yazıçılara bənzətməyə çalışmamalıdır. Öz ölkəmizdə, cəmiyyətimizdə yazılası o qədər mövzu, o qədər gözəbatan personajlar var ki. Bunları yazsaq, dünya ədəbiyyatına da çıxa bilərik. Xalid Hüseynin etdiyi kimi. 

- Bəs sizin oxucularınız sizdən razıdırlar? 
- Yəqin razıdılar ki, oxucumdurlar. Düzü hərdən mənə qarşı aqressiv yanaşan oxuculardan olur, amma bu mənə görə istedadsız olduğum demək deyil. Tanrını da sevməyənlər var.

- Bəs siz oxucularınızla razısınız? 
- Oxucularımla fikirlərim çox vaxt üst-üstə düşür deyə sadəcə öz hisslərimi, düşüncələrimi yazıram və bu onları qane edir. Yəni halımızdan məmnunuq.

Hüseyn Bağırov
Arqument.Az