“Əfqan Muxtarlı deyir ki, onunla münasibət saxlayan məhkumlara təzyiq göstərilir”

“Əfqan Muxtarlı deyir ki, onunla münasibət saxlayan məhkumlara təzyiq göstərilir”

27-08-2019 19:50 / Bu xəbər 1696 dəfə oxundu

Vəkili jurnalistlə görüşüb

Vəkil Nemət Kərimli 16 saylı cəzaçəkmə müəssisəsində jurnalist Əfqan Muxtarlı ilə görüşüb. 

Vəkilin Meydan TV-yə bildirdiyinə görə, jurnalist dostları, qohumları ilə telefon danışıqlarına icazə verilməməsi, onunla görüşməyə gələn yaxın adamların buraxılmaması kimi hallardan narazılıq edib:

"Dedi ki, həyat yoldaşı və anasından başqa heç kimə zəng eləməyə qoymurlar. Dediyinə görə, hətta vəkili olaraq, mənə zəng eləmək istəyib, icazə verilməyib. Anası və qardaşlarından başqa, məsələn, dayıoğlu, xalaoğlu və s. qohumlarını, dostlarını onunla görüşə buraxmırlar. Bildirdi ki, cəzaçəkmə müəssisəsinin daxilində onunla münasibət saxlayan məhkumlara təzyiq göstərilir. Onu da dedi ki, həyat yoldaşı dostunun ona göndərdiyi pulun verilməməsi məsələsini ictimailəşdirəndən sonra pulu veriblər”.

Penitensiar Xidmətdən isə bildirilib ki, məhkumların telefon danışığı və görüş hüququ qanunda nəzərdə tutulmuş qaydada təmin olunur: "Yaxın qohumların, vəkilin, məhkumun islah olunmasına, davranışına müsbət təsir göstərən şəxslərin onunla görüşməsində heç bir problem yoxdur”.

Oturum izni ilə Gürcüstanda yaşayan jurnalist Əfqan Muxtarlı 2017-ci il mayın 29-da "yoxa” çıxıb və səhərisi gün Azərbaycanda həbs edilib. Onun dediyinə görə, Tbilisidə saxlanıb, işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.

Azərbaycan hökuməti isə jurnalisti Cinayət Məcəlləsinin hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən ona qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə maddəsi (315.2) ilə ittiham edib.

Bundan başqa, ona dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə (318.1) və qaçaqmalçılıq (206.1) maddələri ilə ittiham irəli sürülüb.

Əfqan Muxtarlı 6 il azadlıqdan məhrum edilib.

Beynəlxalq hüquq müdafiə təşkilatları Əfqan Muxtarlını siyasi məhbus kimi tanıyır.