Əfqan Muxtarlı doğmalarından belə ayrıldı - SON GÖRÜNTÜ

Əfqan Muxtarlı doğmalarından belə ayrıldı - SON GÖRÜNTÜ

12-02-2018 01:52 / Bu xəbər 969 dəfə oxundu

Araşdırmaçı jurnalist Əfqan Muxtarlı həbsxanaya qaytarılıb.
 
Belə ki, yaxınlarının 40 mərasimində iştirak etmək üçün həbsdən 2 günlük buraxılan jurnalist görüş müddəti başa çatmamış həbsxanaya aparılıb.

Bu qərarın hansı səbəbdən verildiyi açıqlanmayıb. 

Toplum.Tv-nin əməkdaşı jurnalistin doğmalarından ayrıldığı anı görüntüyə alıb.  

Ə. Muxtarlı fevralın 8-də jurnalist Əfqan Muxtarlı  bacısı, bacısı və qardaşı uşaqlarının 40 mərasiminə buraxılmışdı. Jurnalistin bacısı Nuranə Muxtarlı, bacısı və qardaşı qızları 2017-ci il dekabrın 31-də yaşadıqları mənzildə dəm qazından zəhərlənərək həyatlarını itiriblər.

Gürcüstanda yaşayan jurnalist Əfqan Muxtarlının 2017-ci il mayın 29-da oğurlanaraq, Azərbaycana gətirildiyi və həbs edildiyi iddia olunur. 

Ə.Muxtarlının ilkin istintaq və məhkəmə istintaqında verdiyi ifadələrinə görə, o, Tbilisidə cinayət polisi geyimində olan şəxslər tərəfindən saxlanılıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.

Azərbaycan hökuməti isə jurnalisti Cinayət Məcəlləsinin Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən ona qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiqetmə maddəsi (315.2), dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə (318.1) və qaçaqmalçılıq (206.1) maddələri ilə ittiham irəli sürülüb.

Ə. Muxtarlı yanvarın 12-də Balakən Rayon Məhkəməsinin qərarı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Beynəlxalq hüquq müdafiə təşkilatları Əfqan Muxtarlını siyasi məhbus kimi tanıyır. Beynəlxalq Amnistiya təşkilatı onu vicdan məhbusu elan edib.
 
İqrar Qurban