Əfqan Muxtarlı ilə Gözəl Bayramlının həbs müddəti uzadıldı

Əfqan Muxtarlı ilə Gözəl Bayramlının həbs müddəti uzadıldı

17-08-2017 15:58 / Bu xəbər 1306 dəfə oxundu

Vəkil qərardan apelyasiya şikayəti verəcək

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlı və jurnalist Əfqan Muxtarlının həbs müddəti uzadılıb.

Vəkil Nemət Kəirmlinin Meydant.TV-yə verdiyi məlumata görə, hər iki şəxsin məhkəmə iclası Nəsimi rayon Məhkəməsində keçirilib. Ayrı-ayrılıqda keçirilən iclaslara hakim Babək Pənahov sədrlik edib. Məhkəmə qərarı ilə G.Bayramlı və Ə. Muxtarlının hər birinin barəsində olan həbs-qətimkan tədbirinin müddəti iki ay artırılıb. Vəkil qərardan apelyasiya şikayəti verəcəklərini deyib. G. Bayramlının məhkəmə iclasında vəkil Elçin Sadıqov, Ə. Muxtarlı ilə bağlı iclasda isə vəkil Nemət Kərimli iştirak edib.

DSX AXCP sədrinin müavini Gözəl Bayramlının saxlanması haqqında məlumat yayıb. Məlumatda bildirilir ki, 25 may 2017-ci il tarixində, saat 22:00 radələrində Azərbaycan Respublikasının vətəndaşı Bayramova Gözəl Oruc qızı Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd nəzarət buraxılış məntəqəsində Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirilmiş tədbirlər nəticəsində saxlanılıb: "Gözəl Bayramova özünü şübhəli apardığına görə əl yükünə baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunaraq götürülüb. Faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. İlkin araşdırmalarla G. Bayramovanın 24 may 2017-ci il tarixdə Azərbaycandan Gürcüstana gedərkən üzərində bəyan edilməli olan nağd pul vəsaiti olması müəyyən edilməyib".

Ə. Muxtarlı isə mayın 29-da saxlanılıb. Onunla bağlı yayılan rəsmi məlumatda Ə. Muxtarlının Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanıldığı deyilir: "Saxlanılarkən o, xidmət əməkdaşlarına müqavimət göstərib. Ə.Muxtarlı inzibati qaydada tutularaq üzərinə şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanıb”.

Ə.Muxtarlıya qarşı Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.

G.Bayramlı və Ə.Muxtarlı ittihamları qəbul etmir. Ə.Muxtarlı Gürcüstanda oğurlanaraq Azərbaycana gətirildiyini deyir. Onun cinayət işi Meydan TV ilə bağlı cinayət işinə birləşdirilib.