Əfqan Muxtarlının məhkəməsindən: "Şahidin yaddaşı yoxlanılsın" - VİDEO

Əfqan Muxtarlının məhkəməsindən:

28-12-2017 17:42 / Bu xəbər 2665 dəfə oxundu

Zala buraxılan şəxslər isə qeydiyyatdan keçiriliblər

Balakən Rayon Məhkəməsində dekabrın 28-də jurnalist Əfqan Muxtarlının məhkəməsi qalmaqalla başlayıb.

Əfqan Muxtarlının işi üzrə sonuncu məhkəmə iclası dekabrın 14-də baş tutub.

Proses başlamazdan öncə məhkəmə işçiləri jurnalistlərin bayırda çəkiliş aparmasına mane olub. Sonra onlar zala buraxılmayıb.

Zala buraxılan şəxslər isə qeydiyyatdan keçiriliblər.

"Mənim hələ 7-8 il vaxtım var"

Hakim Hümbət Səlimovun jurnalistlərin zala buraxılmasına qadağa qoyması Əfqan Muxtarlının və vəkillərin narazılığına səbəb olub. Əfqan Muxtarlı ilə hakim arasında mübahisə yaranıb.

Hakim məhbus jurnalistin etirazına "sakit dayan, bizim belə mübahisələr aparmağa vaxtımız yoxdur”, - deyib. Jurnalist isə cavabında "Mənim hələ 7-8 il vaxtım olduğundan istənilən mübahisəyə hazıram” - cavabını verib.

Əfqan Muxtarlı jurnalistləri zala buraxmayan ədliyyə işçilərini qınayıb:

"Onlar polisləri, prosesə aidiyyatı olmayanları zala buraxdıqlarından jurnalistlər kənarda qalır”.

Vəkil Nemət Kərimli isə məhkəməyə buraxılanların adlarının qeyd edilməsinə etirazını bildirib:

"Bu, həmin adamlara problem yaratmaq məqsədi daşıyır”. Hakim deyib ki, bu, sırf prosedurdur və heç bir təzyiq vasitəsi hesab oluna bilməz.

"Əfqan izahata qol çəkmirdi"

Sonra şahid qismində 1983-cü il təvəllüdlü, Cəlilabad rayon sakini, Sərhəd Xidməti Qoşunlarının Balakəndəki zastavasının rəis müavini Murad Qasımov ifadə verib.  

Şahid deyib ki, hadisə günü 5 kilometr aralıda xidmətdə olub, rabitə danışıqlarından sərhədi keçən bir nəfərin yaxalandığını eşidib:

"Əraziyə gələndə gördüm Əfqan Muxtarlı zampolitin otağında dindirilir. Masanın üstündə pullar vardı. İndi unutmuşam, dollar idi və ya avro. Deyəsən avro idi. Əfqan izahata qol çəkmirdi. Mən ondan niyə saxlanılmasının səbəbini soruşdum, cavab vermədi. Mən də ona su və siqaret gətirdim”.

Şahid vəkil Nemət Kərimlinin suallarına "yadımda deyil” cavabını verib. Bildirib ki, Əfqan Muxtarlı saxlanılanda, cibindən pul çıxarılanda görməyib. Masanın üstündəki pulların miqdarı haqqında da mayor Adil Orucovdan eşidib. Gördüyü əskinasların avro olduğunu deyən şahid onu təsvir edə bilməyib. Deyib ki, pulun üzərində böyük "€”işarəsi olub və buna görə də avro olduğunu bilib.

Əfqan Muxtarlı şahidin yalan danışdığını, dindirilmənin məişət otağında aparıldığını deyib.

Vəkil Nemət Kərimli vəsatət verərək şahidin ifadəsinin sübutlar siyahısından çıxarılmasını istəyib. Vəkil deyib ki, jurnalistin saxlanılmasında iştirak etməyən və cibindən pulun çıxarıldığını görməyən şəxs şahid kimi qəbul edilə bilməz.

Ancaq dövlət ittihamçısı vəkilin dediklərinə etiraz edib:

"Murad Qasımov pulu görüb, ona görə vəsatət təmin olunmasın”, - hakim deyib.

Vəkilin vəsatəti təmin olunmayıb.

"Vəsatət rədd edildi"

Vəkil Elçin Sadıqovun suallarını cavablandıran Murad Qasımov Əfqan Muxtarlının üzərində zorakılıq izləri görmədiyini bildirib.

Əfqan Muxtarlı Gürcüstan oğurlanıb sərhədi keçirilən zaman "mollanı gətirmişik” deyən, sonra zastavada onun gözündəki bağı açan adamın Dövlət Sərhəd Xidməti rəisinin müavini Azər Şirinov olduğunu deyib.

Vəkil Elçin Sadıqov şahiddən həmin gün DSX rəisinin müavinləri Azər Şirinovla Ceyhun Qulamovu görüb-görmədiyini soruşub. Şahid ayda bir neçə dəfə yoxlama gəldiyini, lakin həmin gün Azər Şirinovla Ceyhun Qulamovu görmədiyini deyib.

Nemət Kərimli suallara "yadımda deyil” cavabı verən şahidin ekspertizadan keçirilməsini istəyib. Bu vəsatət də rədd edilib.  

"Hər şeyi görməli deyiləm ki..."

Vəkil Elçin Sadıqov işdə zərərçəkən kimi tanınan Qafur Məmmədovdan Əfqan Muxtarlıda xəsarət görüb-görmədiyini soruşub, o, "burnunda xəsarət vardı” cavabını verib. Murad Qasımov isə jurnalistin üzərində hər hansı xəsarət izinin görmədiyini deyib: "Hər şeyi görməli deyiləm ki. Mən görməmişəm”.

"Avronu internetdə görmüşdüm"

Sonra hal şahidi kimi zastavanın əsgəri olmuş Azər Bayramlı ifadə verib. O deyib ki, həmin gün gecə 12 radələrində tualetə gedərkən rəhbərlik tərəfindən saxlanılıb və hal şahidi olması təklif olunub. O, otağa Adil Orucovla bir yerdə girdiyini, Əfqan Muxtarlının həmin otaqda tək olduğunu deyib:

"Biz məişət otağına getdik. Əfqan tək idi. Onun üzərindən 20 ədəd 500-lük avro, plastik kartlar və bir neçə qəpik çıxdı”.

Hal şahidi onun üzərində xəsarət izlərini görmədiyini deyib.

Vəkil Elçin Sadıqovun "O vaxta qədər avro görmüşdün” sualına Azər Bayramlı "internetdə görmüşdüm” cavabını verib.

"Prokuror şahidlərə təlimat verir"

Növbəti şahid dəvət ediləndə hakim Hümbət Səlimov əvvəlki şahidlərin zaldan çıxarılmasına göstəriş verib. Bu, Əfqan Muxtarlının narazılığına səbəb olub:

"Ötən iclasda dövlət ittihamçısı fasilə zamanı şahidlərin hamısını toplayıb təlimat verib”. 

Prokuror onun dediklərinə etiraz edib. Bu zaman jurnalistlə dövlət ittuhamçısı arasında mübahisə yaranıb. Etiraz nəzərə alınmayıb, şahidlər zaldan çıxarılıb. Əfqan Muxtarlı hakimə "niyə işi ləngidirsiz? Hökmü elan et, bitsin”- deyib.

Bundan sonra şahid Dövlət Hacı oğlu Xanputayev ifadə verib. Həmin zastavada texniki sürücü vəzifəsini daşıyan D.Xanputayev deyib ki, sərhəddə həyacan siqnalı çalınan zaman hadisə yerinə gediblər:

"Bu zaman gördük ki, bir nəfər sərhədi qanunsuz keçir. Maskalanıb gözlədik. Çatan zaman saxladıq. Bu zaman o, xidməti vəzifəsini yerinə yetirən Qafur Məmmədovu yumruqla vurub yerə sərdi”.

Şahid Əfqan Muxtarlını tutub təhvil verdiklərini, üzərinə baxış zamanı orada olmadığını bildirib.

Vəkillərin sualını cavablandıran şahid Azər Şirinovla Ceyhun Qulamovu əməliyyat yerində gördüyünü deyib. Şahid onu da deyib ki, sürücülük vəsiqəsi olsa da, maşın sürə bilmir, yalnız bölük komandirinin əmrini yerinə yetirir. Bu zaman Əfqan Muxtarlı "Görürsüz də, açıq etiraf edirlər ki, rüşvətlə sürücülük vəsiqəsi verilir, amma maşın sürə bilmirlər”- deyib.

Nemət Kərimli şahidə sual verib: "Sən texniki sürücüsənsə, niyə həyəcan siqnalı çalınanda hadisə yerinə getmisən?”

Şahid "maşın sürməkdən qorxuram, ona görə” cavabını verib.

Suallar zamanı şahid Dövlət Xanputayev bildirib ki, 8 il xidmətdə olsa da, Sərhəd Xidmətinin rəisi general Elçin Quliyevin müavinləri Azər Şirinovla Ceyhun Qulamovu ilk dəfə əməliyyat zamanı görüb.

"Əfqan Muxtarlı vəsatət verdi"

Əfqan Muxtarlı vəsatətlə çıxış edərək Azər Şirinov barəsində CM qabaqcadan əlbir olmur və ya mütəşəkkil dəstə tərəfindən adam oğurlama (144.2.3) maddəsilə cinayət işinin açılması üçün Baş Prokurorluğa təqdimat verilməsini istəyib:

"Oğurlanmağımda Azər Şirinovun rolu olub. Gözümü açan, cibimə pulu qoyan, nalayiq söyüş söyüb, cavabını da alan adamla məhkəmədə çıxış edən adam eynidir. Həmin şəxsin adam oğurluğuna görə cinayət məsuliyyətinə cəlb olunmasını istəyirəm”.

Prokuror isə deyib ki, deyilənlərə sübut yoxdur, ona görə də qəbul olunmamalıdır.

Vəsatət təmin edilməyib.

Proses yanvarın 5-də, saat 11:00-da davam edəcək.

Oturum izni ilə Gürcüstanda yaşayan jurnalist mayın 29-u Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.

Azərbaycan hökuməti isə jurnalisti Cinayət Məcəlləsinin Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən ona qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə maddəsi (315.2) ilə ittiham edir. Bu ittiham üç ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

Bundan başqa, ona dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə (318.1) və qaçaqmalçılıq (206.1) maddələri ilə ittiham irəli sürülüb. Həmin ittihamlara görə 318.1 maddəsi 1500 manatdan 3000 manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə, 206.1 maddəsi beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutur. 

Beynəlxalq hüquq müdafiə təşkilatları Əfqan Muxtarlının siyasi məhbus kimi tanıyır.///meydan.tv