Əfqan Muxtarlının sabaha olan məhkəməsi təxirə salındı

Əfqan Muxtarlının sabaha olan məhkəməsi təxirə salındı

02-04-2018 17:41 / Bu xəbər 1794 dəfə oxundu

Gürcüstandan oğurlanaraq Bakıya gətirilən müstəqil jurnalist Əfqan Muxtarlının məhkəməsi təxirə salınıb.

Bu barədə "Basta” ya məlumat verən vəkil Elçin Sadıqov bildirib ki, Əfqan Muxtarlının sabah saat 10-a təyin olunmuş məhkəməsi qeyri-müəyyən vaxta təxirə salınıb.

Elçin Sadıqova Şəki Apellyasiya Məhkəməsindən zəng vuraraq deyiblər ki, məhkəmənin təxirə salınmasına səbəb dövlət ittihamçısının məhkəmədə iştirak etməməsidir.

Vəkilə bildiriblər ki, növbəti məhkəmə iclası barədə zəng edəcəklər.

Jurnalist Ə.Muxtarlı ötən il mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunub.

Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə – sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.

Bakıda rəsmi qurumlar iddia edib ki, Ə.Muxtarlı sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıb və bu məsələnin siyasiləşdirilməsi düzgün deyil.

Bu ilin yanvarında o, məhkəmənin qəararı ilə 6 il həbs cəzası alıb.

Ə.Muxtarlı ittihamları rədd edərək, həbsini "siyasi sifariş” adlandırıb.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tiflisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifi idi.

Ə.Muxtarlı ilə bağlı Gürcüstanda da istintaq aparılır. İş əvvəlcə bu ölkənin Daxili İşlər Nazirliyində olub, sonra prokurorluğa verilib. 

Gürcüstan baş naziri və daxili işlər naziri Ə.Muxtarlı olayında yerli hüquq-mühafizə orqanlarının iştirakını təkzib edib. Bununla belə, istintaq yekunlaşana qədər Daxili İşlər Nazirliyi və gömrükdə iki şəxs tutduğu vəzifədən uzaqlaşdırılıb.