Əfqan Muxtarlının səhhəti ağırlaşıb

Əfqan Muxtarlının səhhəti ağırlaşıb

22-04-2019 16:55 / Bu xəbər 1082 dəfə oxundu

Hazırda həbsdə olan siyasi məhbus Əfqan Muxtarlının səhhətində problemlər yaranıb. 

Bu barədə jurnalistin həyat yoldaşı Leyla Mustafayeva sosial şəbəkələrdə məlumat yayıb.

O bildirib ki, Əfqan Muxtarlı gözlərində güclü ağrılar əmələ gəlib: "Əfqan həbsxanadan zəng etmişdi. Dediyinə görə, gözlərində güclü ağrılar əmələ gəlib. Bir də uroloji müayinədən keçməlidir. Penitensiar Xidmət nə ilə məşğuldur? İndiyədək olunan müayinələrin rəsmi nəticələri haqda əlimizdə bir sənəd də yoxdur. Adamın sağlamlığı ilə bağlı xeyli problemləri var. Amma müayinələrin detalları haqqında əlimizdə bir sənəd də yoxdur. Dövlət sirri kimi gizlədirlər”.
 
Leyla Mustafayeva deyib ki, Əfqan Muxtarlının şəkəri və təzyiqi var: "Şəkərlə bağlı hələ də Gürcüstandakı həkiminin yazdığı dərmanları qəbul edir. Onun başından bir tük əskik olsa, məsuliyyəti hər şeydən xəbəri olan, özü haqqında "özü yaxşı, ətrafı pis" rəyi yaradan İlham Əliyev daşıyacaq. Oğurlayıb həbs etdiyinizi boynunuza almadınız, amma sağlığından dolayı başına bir iş gəlsə, boynunuzu heç nədən qaçırda bilməyəcəksiniz".

Gürcüstanda yaşayan jurnalist Əfqan Muxtarlı 2017-ci il, mayın 29-da "yoxa” çıxıb və səhərisi gün Azərbaycanda həbs edilib. 

Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Bu zaman cibinə 10 min avro pul qoyulub.

Azərbaycan hökuməti jurnalisti Cinayət Məcəlləsinin Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən ona qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə maddəsi (315.2) ilə ittiham edib. 

Bundan başqa, ona dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə (318.1) və qaçaqmalçılıq (206.1) maddələri üzrə günahkar biliblər.

Ə.Muxtarlıya məhkəmənin qərarı ilə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Beynəlxalq hüquq müdafiə təşkilatları Əfqan Muxtarlını siyasi məhbus kimi tanıyır.