"Əfqan Muxtarlının səhhəti daha da ağırlaşıb" - Vəkil

14-07-2017 17:13 / Bu xəbər 1299 dəfə oxundu

"Bu gün (14 iyul)  Bakı Apelyasiya məhkəməsində hakim Vaqif Mursaqulovun sədirliyi ilə Əfqan Muxtarlının üzərinə qanunsuz baxış keçirilməsi, telefonunun yaddaşına baxılması və "Facebook", "email", "Whatsapp" hesabına daxil olunması ilə bağlı şikayətimizə baxıldı".

Toplum.Tv xəbər verir ki, bunu vəkil Elçin Sadıqov öz "Facebook" hesabında yazıb. 

Vəkil bildirib ki, Əfqan Muxtarlı da məhkəmədə iştirak edib. Amma onun şikayəti təmin olunmayıb.

"Ə. Muxtarlının səhhəti daha da pisləşib, özü bildirdi ki, mədəsindəki ağrı daha da kəskinləşib. Dünən onunla Ombudsman Aparatının nümayəndələri görüşüblər və Ombudsman Aparatının nümayəndələri onun yeməyinin isidilməsi ilə bağlı hər hansı kömək göstərməyiblər", - vəkil söyləyib.
 
E.Sadıqov bu gün Ə.Muxtarlının yerli məhkəmələrdə olan bütün işlərini yekunlaşdırdıqlarını və onun şikayətinin tam hazırlandığını vurğulayıb: "Bu günlərdə Ə.Muxtarlının şikayəti ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət olunacaq. AİHM Ə.Muxtarlının işinə prioritet qaydada baxılması barədə qərar qəbul edib".

Jurnalist Ə.Muxtarlı mayın 29-da yaşadığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. 

Deməsinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. 

Üstəlik, jurnalist bildirirdi ki, sərhəddə cibinə 10 min avro qoyulub.

Ə. Muxtarlı Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur.

Bundan başqa, ona 318.1, 206.1 maddələri ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də, ittiham irəli sürülüb. 

Bakıdakı rəsmi qurumların bildirməsinə görə, o sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıb. 

Bu zaman hüquq mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib. 

Rəsmilər hesab edirlər ki, Azərbaycanı sevməyən bəzi qüvvələr bu işi siyasiləşdirməyə çalışırlar.

Məhkəmənin qərarı ilə Əfqan Muxtarlıya ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Ə.Muxtarlı iki ildən çoxdur ki, Gürcüstanda yaşayırdı. 

O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə. Muxtarlı bir sıra araşdırma yazılarının müəllifi idi.