Əfqan Muxtarlının səhhətində ciddi problemlər yaranıb – Vəkil

Əfqan Muxtarlının səhhətində ciddi problemlər yaranıb – Vəkil

05-04-2018 17:19 / Bu xəbər 2332 dəfə oxundu

Həbsdə olan jurnalist Əfqan Muxtarlının səhhətində ciddi problemlər yaranıb.

O, ürəyində və ciyərində olan kəskin ağrılardan əziyyət çəkdiyi barədə xanımı Leyla Mustafayevaya məlumat verib.

Əfqan Muxtarlının vəkili Nemət Kərimli bu gün məsələ ilə bağlı Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə müraciət edib.

"Bir həftə əvvəl Əfqan Muxtarlı rentgen müayinəsində keçib və həkim bildirib ki, onun ciyərində ləkə var. Bu gün İdarənin rəsi müavininin qəbulunda oldum və xahiş etdim ki, Əfqan Muxtarlı səhhətində olan problemlərlə bağlı ixtisaslaşmış həkim müayinəsindən keçirilsin. İdarədən söz verildi ki, bununla bağlı tədbir görüb məlumat verəcəklər”, – Nemət Kərimli "Basta” əməkdaşına bildirib.

Jurnalist Ə.Muxtarlı ötən il mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunub.

Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə – sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.

Bakıda rəsmi qurumlar iddia edib ki, Ə.Muxtarlı sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıb və bu məsələnin siyasiləşdirilməsi düzgün deyil.

Bu ilin yanvarında o, məhkəmənin qəararı ilə 6 il həbs cəzası alıb.

Ə.Muxtarlı ittihamları rədd edərək, həbsini "siyasi sifariş” adlandırıb.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. 

O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tiflisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifi idi.

Ə.Muxtarlı ilə bağlı Gürcüstanda da istintaq aparılır. İş əvvəlcə bu ölkənin Daxili İşlər Nazirliyində olub, sonra prokurorluğa verilib. Gürcüstan baş naziri və daxili işlər naziri Ə.Muxtarlı olayında yerli hüquq-mühafizə orqanlarının iştirakını təkzib edib. Bununla belə, istintaq yekunlaşana qədər Daxili İşlər Nazirliyi və gömrükdə iki şəxs tutduğu vəzifədən uzaqlaşdırılıb.