Əfqan Muxtarlıya 110 manat cərimə kəsildi
26-09-2017 17:58 / Bu xəbər 1268 dəfə oxundu
Həbsdəki jurnalist Əfqan Muxtarlı 110 manat cərimələnib.
Bunu AzadlıqRadiosu-na jurnalistin vəkili Elçin Sadıqov bildirib.
Vəkil bu gün, sentyabrın 25-i Bakı İstintaq Təcridxanasında Ə.Muxtarlı ilə görüşüb: "Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin əməkdaşı Əfqan Muxtarlıya vergi yoxlaması aktı təqdim edib. Akt sentyabrın 20-də tərtib olunub. Aydınlaşdırdıq ki, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi Əfqan Muxtarlının vergi qeydiyyatına alındığı tarixdən, indiyə qədər olan dövr üzrə onun fəaliyyətinin yoxlanılması barədə qərar qəbul edib".
Vəkilin sözlərinə görə, Ə.Muxtarlı barəsində səyyar vergi yoxlaması həmin qərar əsasında keçirilib: "Bu barədə Ə.Muxtarlıya heç bir məlumat verilməyib. Tələbnamələr Ə.Muxtarlıya aid olmayan ünvanlara göndərilib. Bank hesab məlumatları məhkəmə qərarı olmadan çıxarılıb. Yekunda Əfqan Muxtarlıya 110 manat 95 qəpik əlavə vergi hesablanıb".
Vəkil deyib ki, Ə.Muxtarlı vergi yoxlamasını, əlavə vergi hesablanmasını qanunsuz hesab edir. Bununla belə, jurnalist hesablanmış əlavə vergini ödəmək niyyətindədir.
Vəkilin bu açıqlamasına Vergilər Nazirliyi və Baş Prokurorluqdan, hələlik, münasibət almaq mümkün olmayıb.