Əfqan Muxtarlıya mükafat verildi

Əfqan Muxtarlıya mükafat verildi

30-09-2017 16:14 / Bu xəbər 1367 dəfə oxundu

''O, bölgədə ifadə azadlığı sahəsində cəsarətli fəaliyyət göstərib''

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu (EAP CSF) Azərbaycanda həbsdə olan jurnalist Əfqan Muxtarlını EAP CSF-nin "Pavel Sheremet Jurnalistika Mükafatı - 2017”-nin qalibi elan edib.

Bu haqda forumun yaydığı məlumatda bildirilir.

Deyilir ki, Ə.Muxtarlı 2017-ci ildə bölgədə ifadə azadlığı sahəsində cəsarətli fəaliyyət göstərib. 

"Ə.Muxtarlı ifadə azadlığı sahəsində, fəal insanların məruz qaldığı basqıların ictimailəşdirilməsində cəsarətli fəaliyyət göstərib və hazırda həbsdədir”, - deyə məlumatda vurğulanır. 

"Pavel Sheremet Jurnalistika Mükafatı - 2017”-nin təqdimat mərasimi oktyabrın 26-da Estoniyanın paytaxtı Tallində keçiriləcək. Həmin tarixdə Tallində Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun 9-cu İllik Assambleyası da olacaq. 

Jurnalist Əfqan Muxtarlı müəmmalı şəkildə mayın 29-u Gürcüstandan Azərbaycana gətirilərək həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.

Bakıdakı rəsmi qurumlarsa onun sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıldığını, bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərdiyini bəyan ediblər.

Ə.Muxtarlı hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunur. O, son iki ildə Gürcüstanda yaşayırdı. Azərbaycanda təqib olunduğunu bildirən jurnalist bir sıra araşdırma yazılarının müəllifi idi.

Əfqan Muxtarlı ilə bağlı Gürcüstanda da tədqiqat aparılır. İş əvvəlcə bu ölkənin Daxili İşlər Nazirliyində olub, sonra prokurorluğa verilib. 

Gürcüstan baş naziri və daxili işlər naziri Əfqan Muxtarlı olayında yerli hüquq mühafizə orqanlarının iştirakını təkzib ediblər. 

Bununla belə istintaq yekunlaşana qədər Daxili İşlər Nazirliyi və gömrükdə iki şəxs tutduğu vəzifədən uzaqlaşdırılıb.