Əfv komissiyası yenə toplanıb

Əfv komissiyası yenə toplanıb

04-04-2018 19:52 / Bu xəbər 2223 dəfə oxundu

Azərbaycan prezidenti yanında Əfv Məsələləri Komissiyasının bu gün, aprelin 4-də növbəti toplantısı olub.

Bunu "Turan” agentliyinə komissiyanın üzvü Əliməmməd Nuriyev bildirib.

Onun sözlərinə görə, toplantıda 100-dən artıq müarciətə baxış keçirilib və əksəriyyətinə də müsbət rəy verilib.

Nuriyev deyib ki, komissiyanın iclasları yekunlaşandan sonra əfv olunacaq şəxslərin siyahısı prezidentə təqdim ediləcək.

O hesab edir ki, əfv sərəncamı Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi ərəfəsində imzalana bilər. Komissiyanın iclaslarının davam etməsi gözlənilir.

Bu il əfv komissiyasının ilk toplantısı yanvarın 30-da keçirilmişdi. İndiyədək ümumilikdə 5 iclas keçirilib. 

Komissiyaya əfv edilməsini istəyən 1000-dən artıq məhbusun müraciətinin daxil olduğu bildirilir.

İndiyədək komissiyada onların yarıdan çoxuna baxıldığı deyilir.

Prezident sonuncu dəfə əfv fərmanını Novruz bayramı ərəfəsində, 2017-ci il martın 16-da imzalayıb. 

Həmin əfv fərmanı 423 nəfərə şamil olunub. Onların içərisində bir neçə şəxs hüquq müdafiəçilərinin siyası məhbus siyahılarında yer alırdı.

Novruz bayramı (martın 20-i, 21-i) ərəfəsində yeni əfv sərəncamının imzalanması gözləntisi olsa da, bu, gerçəkləşmədi. 

Əfv sərəncamının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində imzalanacağı gözlənilir.

Hüquq müdafiə təşkilatları Azərbaycanda ümumilikdə 150 civarında siyasi məhbusun olduğunu bildirirlər.

Ancaq Azərbaycan rəsmiləri ölkədə siyasi məhbus olması fikrini qəbul etmirlər. 

Rəsmilər deyirlər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri əməllərə görə məsuliyyətə cəlb ediliblər.

AXC 1918-ci il mayın 28-də yaradılıb. İki il fəaliyyət göstərib. 

AXC Rusiya ordusunun işğalı nəticəsində süqut edib. 

Azərbaycan bir də 1991-ci ildə müstəqillik əldə edib.