Əfv sərəncamı niyə olmadı?

Əfv sərəncamı niyə olmadı?

06-01-2017 14:31 / Bu xəbər 1646 dəfə oxundu

Oqtay GÜLALIYEV, hüquq müdafiəçisi

Azərbaycan kimi avtoritar ölkələr daha çox yazılı deyil, yazılmamış qanunlarla idarə olunur. Bu yazılmamış qanunlardan biri də günahsız insanları şərləyib həbs etmək, heç bir əsas olmadan onlar haqqında məhkəmə qərarları ilə fantastik cəzalar tətbiq etmək və zamanı gələndə əlahəzrətin istəyinə uyğun həbsdən azad etməkdir. 

Şərləyib həbs etmək bütün il boyu həyata keçirilsə də "azad etmə” əməliyyatı daha çox bayram günlərində, xüsusi əfv sərəncamları ilə reallaşır. Belə ki, hər il bəzi əlamətdar günlərdə, xüsusən Yeni il və Novruz bayramı ərəfəsində dövlət başçısı əfv sərəncamı imzalayır və bu sərəncam əsasında digər məhbuslarla yanaşı ictimai- siyasi fəaliyyətinə və baxışlarına görə şərlənərək həbs olunmuş siyasi məhbuslar da bəzən azadlığa buraxılır. Son illər bu siyasət ənənə halını almışdı…

Amma maraqlıdır ki, bütün gözləntilərə rəgmən bu dəfə, yəni 2016- cı ilin son günlərində, Yeni ilin başlangıcında gözlənilən əfv sərəncamı imzalanmadı. Bir çox məhbus ailələrinin sonsuz maraq və həsrətlə gözləməsinə baxmayaraq əfv olmadı. 

Suallar yarandı; əfv sərəncamı niyə olmadı?

Doğurdan da maraqlıdır. Dövlət başçısının şəninə yerli və beynəlxalq səviyyədə müxtəlif tostların və humanistliyə söykənən bəlağətli sözlərin deyilməsinə yol açan əfv sərəncamı niyə imzalanmadı? İlham Əliyev niyə imkan vermədi ki, Az.tv başda olmaqla ailəyə xidmət edən televiziyalar ən azı 1 həftə dövlət başçısının humanizm siyasətindən ağızdolusu danışmasınlar? Həbsdən azad olunan məhbusları və onların ailə üzvlərini televiziya kanallarına çıxarıb onun əfv siyasətini tərifləməsinlər? İlham Əliyev niyə imkan vermədi ki, Luka tipli avropalı rüşvətxor diplomatlar və onların təmsil olunduqları beynəlxalq qurumlar əfv sərəncamı içində bir neçə siyasi məhbusun adının yer almasını ölkədə siyasi məhbus probleminin həlli istiqamətində çox ciddi addım atıldığını bildirməsinlər? Maraqlıdır niyə?

Suala cavab verməmişdən öncə qeyd edək ki, hazırda ölkəmizdə 160 nəfərdən çox siyasi məhbus var. Onlar hakimiyyətin yürütdüyü anti-xalq siyasətinə müxtəlif formalarda öz etirazlarını bildirdikləri üçün qondarma ittihamlarla şərlənərək həbs olunublar. Onlar əsassız və ədalətsiz məhkəmə hökmləri  ilə həbsdə olduqları üçün Azadlıq onların haqqıdır. Bu şəxslər yalançı əfv sərəncamı ilə deyil, məhkəmənin qərarı ilə bəraət alıb azadlığa çıxmalı və onlara dəyən maddi, mənəvi ziyana görə dövlət tərəfindən təzminat ödənilməlidir.

Son bir ildə 2 əfv sərəncamı…

Haşiyə. Yeri gəlmişkən qeyd edək ki, son bir ildə İlham Əliyev tərəfindən 2 dəfə əfv sərəncamı imzalanıb. 1 il öncə- 28 dekabr 2015- ci ildə imzalanmış, bir nəfər də olsun siyasi məhbusun adının yer almadığı əfv sərəncamı 210 nəfərə şamil olunub (http://www.president.az/articles/17360). Onlardan 198 nəfəri həbs yerindən azadlığa buraxılıb, 3 nəfər islah işləri, 9 nəfər isə cərimə cəzasından azad olub. Çox maraqlı və təəccüblüdür ki, azadlığa buraxılan 198 məhbusun 66%- i, yəni 131 nəfəri ağır və xüsusi ilə ağır cinayətlər törətməkdə ittiham olunaraq Bakıda və regionlarda yerləşən Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə azadlıqdan mərhum olunublar. Ağır cəza alıblar.  Maraqlıdır ki, azadlığa çıxan ağır cinayət törətmiş şəxslərdən 35 nəfəri 2013- cü ildə, 37 nəfəri 2014- cü ildə, 5 nəfəri isə  2015- ci ildə məhkəmənin qərarı ilə məhkum olunublar. Hətta onların içində elələri var idi ki, sərəncam imzalanmışdan 4- 5 ay öncə ağır cinayət törətdiklərinə görə məhkum ediliblər.

Azadlığa çıxan məhbusların çoxu cəzalarının heç yarısını, hətta bəziləri 1/3- ni, 1/4- ni çəkməyiblər.

Sonuncu əfv sərəncamı isə 10 ay öncə 2016- cı ilin mart ayında imzalanmışdı. Beynəlxalq təzyiqlər nəticəsində o zaman 14 nəfər siyasi məhbus azadlığa çıxmışdı. Azadlığa çıxanlar arasında Rəsul Cəfərov, Anar Məmmədli, Hilal Məmmədov, Taleh Xasməmmədov, Tofiq Yaqublu, Yadigar Sadıqlı, Nemət Pənahlı və digərləri var idi. Sonrakı müddətdə isə hüquq müdafiəçisi İntiqam Əliyev, jurnalistlər Rauf Mirqədirov və Xədicə İsmayıl vaxtından qabaq şərti cəza ilə, Musavat başqanının müavini Fərəc Kərimli isə Amnistiya ilə azadlığa çıxdı. Yəni son bir ildə üst- üstə 20- ə yaxın siyasi məhbus azadlığa buraxılıb. Onların bəzilərinin üzərində cinayət işi qalır və ölkədən çıxışları qadağandır.

Əfv sərəncamı niyə imzalanmadı?

Sualın cavabına gələk. Öncə onu qeyd edək ki, məhkəmənin qərarı ilə azadlıqdan məhrum edilmiş şəxsi həbsdən azad etmək Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndi əsasında Azərbaycan Respublikası Prezidentinin müstəsna səlahiyyəti olmaqla, fərdi qaydada müəyyən edilən şəxslər barədə tətbiq olunur.

Ölkədə manatın bir neçə dəfə dəyərdən düşdüyü, bahalaşmanın surətlə vüsət aldığı, sosial gərginliyin artdığı, sabaha inamın azaldığı, cəmiyyətin sülhə, barışa, həmrəyliyə böyük ehtiyac olduğu indiki məqamda əslində günahsız insanların azadlığa buraxılması daxili həmrəylik üçün çox ciddi addım ola bilərdi. Amma Azərbaycan höküməti və onun timsalında dövlət başçısı bu addımı atmadı. Niyə? Suala cavab verməmişdən öncə qeyd edək ki, bizim və cəmiyyət üçün əfv sərəncamlarına daha çox diqqət yönəldən məqam siyasi məhbusların azadlığa çıxması olduğundan məsələyə də əsasən bu aspektdən baxmağa çalışacayıq.

Hazırkı yerli və beynəlxalq şəraiti nəzərə alaraq bu addımın atılmamasının fikrimizcə 2 başlıca səbəbi var;

Siyasi məhbusların azadlığa çıxması ilə bağlı Azərbaycan hakimiyyətinə, xüsusən dövlət başçısı İlham Əliyevə yönəlik təzyiqlərin, lobbiçilik fəaliyyətlərinin indiki anda lazımi səviyyədə təsirli və effektiv olmaması; Düzdür istər ölkə daxilində, istərsə də beynəlxalq səviyyədə bu istiqamətdə hakimiyyətdən çağırış və tələblər edilir. Amma yetərli səviyyədə, hakimiyyəti hərəkətə gətirəcək dozada deyil. Əvvəlki illərə nəzər salanda görürük ki, siyasi məhbusların azadlığa buraxılması o zaman reallaşır ki, artıq bıçaq sümüyə dirənir. Hakimiyyətə güclü təzyiq edilir. Olmazsa olmaz şərti qoyulur. İndiki anda isə başı prezident seçkilərinə qatılmış ABŞ, eləcə də daha çox xarici miqrant, terror, Suriya və s. porblemlə çulğalaşan Avropa siyasi məhbusların azadlığa çıxması ilə bağlı son zamanlar Azərbaycan hakimiyyətinə açıq və ciddi təpki göstərmir. Bu yöndə müzakirələr daha çox bağlı qapılar arxasında aparılır, verilən bəyanatlar dişsiz, sərgilənən mövqelərin isə arxasında güclü iradə və işlək mexanizm dayanmır. Vəziyyəti analiz edən hakimiyyət həmişəki kimi siyasi məhbus kartından çox xəsisliklə istifadə edir. 

Güclü təzyiq və tələb yoxdursa azadlığa çıxmalı olan xeyli sayda məhbusun hələ bir az da gözləməsini düşünür və Qərblə siyasi bazarlıq üçün daha əlverişli, sərfəli məqam gözləyir. Əslinə baxanda ən azından həbsinin 4- ci ili tamamlanmaq üzrə olan İlkin Rüstəmzadə, haqqında Avropa Məhkəməsinin bir neçə qərarı olan İlqar Məmmədov, Qarabağ qazisi, MSŞT Koalisiyasının üzvü Asif Yusifli, siyasi girovlar Elnur Seyidov, Murad Ədilov, Mübariz Abdullayev, Zahidovlar, eləcə də haqq etmədiyi cəzasının 2/3- dən çoxunu çəkmiş "Səid Dadaşbəyli dəstəsi”- nin üzvləri və bəzi dindarlar çoxdan azad edilməliydi. Onların həbsdə saxlanması hakimiyyətin özü üçün də əlavə problemlər, baş ağırısı və baş aşağılığı gətirir. Artıq bu şəxsləri həbsdə saxlamaq şəxsi qisasçılıq kimi qiymətləndirilmək səviyyəsinə çatdırılıb.

Cəmiyyətdə qorxu xofunu gücləndirmək, hakimiyyəti zor gücünə saxlamaq, barışa, sülhə, daxili həmrəyliyə yol qoymamaq üçün güzəştsiz siyasət seçilməsi; Hakimiyyət bilir ki, xalqın ona inamı, ümidi qalmayıb, ictimai dayaqları büs- bütün sarsılıb. Mövcudluğunu qorumağın yeganə yolu cəmiyyətdə qorxu xofunu artırmaqdır.

Əgər belə olmasaydı günahsız insanlara 15- 20 il və ya ömürlük həbs cəzası tələb olunmazdı. Facebook- da yazdığı fikirlərinə görə insana 11 il azadlıqdan məhrum etmə cəzası istəməzdilər. 3 kəlmə sözü görə yeniyetmə 2 gəncə 10 il cəza verməzdilər. İşıq və digər sosial probleminin həll olunmasını istəyən, torpağını, var- dövlətini itirmiş məcburi köçkünləri  şərləyib  3 qondarma maddə ilə cinayət işi açıb onları həbsə göndərməzlər.

Əfv sərəncamının imzalanmaması da məhz insanlara mesajdır ki, hakimiyyətə qarşı çıxan, "cinayəti” olan heç kim əfv olunmayacaq, heç kimə güzəşt, aman  olmayacaq. Ən kiçik səhv buraxan ən ağır cəza ilə cəzalanacaq…

Amma atalarımızın gözəl deyimi var; sən saydığını say, gör fələk nə sayır. Bunlar anlamırlar ki, təbiətin və fizikanın min illik məntiqi qanunauyğunluğu var; təsir əks təsirə bərabərdir. Hələ heç bir qüvvə, heç bir diktator zor və qorxu gücü ilə hakimiyyətini qoruya, ömürlük edə bilməyib. Haqlı və suçsuz insanları zamanında əfv etməyə iradəsi çatmayanların özlərinin əfvə ehtiyacları yaranır…

Və haqqını yeyib, zülm etdikləri xalqdan sonda aman, əfv diləyirlər. Pinoçeti, Çauşevski, Qəddafi, Hüsni Mübarək, Səddam Hüseyn və digərləri kimi. Onda isə gec olur…

Gec olmadan haqqın və xalqın yanında olun, cənablar!