''Əfv sərəncamından siyasi məhbusların heç biri kənarda qalmamalıdır''

''Əfv sərəncamından siyasi məhbusların heç biri kənarda qalmamalıdır''

12-03-2019 16:10 / Bu xəbər 1516 dəfə oxundu

Rəsul Cəfərov: Hakimiyyətə müraciətlər problemin birdəfəlik həllinə yardım edər

"Hamısını azad edin!” kampaniyasının əsas məqsədi gözlənilən əfv sərəncamı nəticəsində siyasi məhbuslardan heç kimin kənarda qalmamasıdır.

Kampaniyaya start martın 4-də verilib.

Bunu Meydan TV-yə hüquq müdafiəçisi Rəsul Cəfərov deyib.

Onun sözlərinə görə, siyasi məhbus probleminə yanaşma dəyişməlidir:

"3-5 nəfər siyasi motivlərlə həbs olunanı əfv etmək, qalanlarını da sonra azad etmək haqda bəyanat heç nəyi dəyişmir. Yəni problem qalır. Siyasi məhbus probleminin birdəfəlik həlli bütün siyasi motivlərlə həbs olunanlar istisnasız olaraq azadlığa buraxılması deməkdir”.

O deyib ki, kampaniyanın məqsədi siyasi motivli həbslərə, azadlıqdan məhrumetmə təcrübəsinə son qoyulmasıdır.

"Bu kampaniyaya Mehman Hüseynov olayı və onun ardınca hakimiyyətin bəzi müsbət addımlarını nəzərə alaraq, başladıq. Düşündük ki, hakimiyyətə müraciətlər problemin birdəfəlik həllinə yardım edər”.

Rəsul Cəfərov deyib ki, başladıqları kampaniyaya yüzlərlə adam qoşulub, onların arasında siyasi fəallar, ictimai xadimlər, siyasi məhbus ailələri və ümumiyyətlə, bu prosesdə heç zaman görünməyən adamlar da var. Onun fikrincə, kampaniya cəmiyyət tərəfindən maraqla qarşılanıb, əksəriyyət problemin birdəfəlik həllini istəyir.

O, kampaniyanın əfv sərəncamı imzalanan günə qədər davam edəcəyini söyləyib:

"Sərəncamdan sonra vəziyyət kimlərin azad edilib, kimlərin isə həbsdə saxlandığı baxımından bir daha təhlil olunacaq. Zərurət olarsa, kampaniyanı ya indiki, yaxud başqa formada davam etdirəcəyik. Eyni zamanda, 2019-cu ilin mart ayı ilə 2020-ci ilin yanvar ayı arasında 16 nəfər siyasi məhbusun cəza müddəti onsuz da bitir. Biz istəmirik ki, yalnız onları azad edib, uzunmüddətli cəza alanları saxlasınlar. Bu, vəziyyətdən çıxış yolu deyil və nə daxildə, nə xaricdə imic, barışıq məsələsini həll etməyəcək”.

Rəsul Cəfərov imzalanacaq əfv sərəncamı barədə proqnoz verməyin çətin olduğunu hesab edir:

"Bizim məqsədimiz problemi mütəmadi gündəmdə saxlamaqdır. Əgər bütün siyasi məhbuslar azadlığa buraxılmasa, son siyasi məhbus qalana qədər işlərimizi davam etdirəcəyik. Yəni bu kampaniya hərəkata çevriləcək”.