Ekspert: "Deputatlar ayaqları tapdandığı üçün baş qaldırlar"

Ekspert:

18-05-2019 10:35 / Bu xəbər 917 dəfə oxundu

"Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilir. Layihə Milli Məclisin plenar iclasına təqdim olunub.

Qanuna əlavə edilən maddəyə görə, akkreditasiyadan keçmək üçün məktəbəqədər təhsil müəssisələri 3 000 manat, ümumtəhsil müəssisələri 5 000 manat, məktəbdənkənar təhsil müəssisələri 7 000 manat, peşə təhsili müəssisələri 10 000 manat, orta ixtisas təhsili müəssisələri 15 000 manat, ali təhsil müəssisələri 20 000 manat, əlavə təhsil müəssisələri 15 000 manat, təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr də 15 000 manat dövlət rüsumu ödəyəcək.

Kamran Əsədov

Məsələyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov Toplum.Tv-yə deyib ki, özəl müəssisələrə rüsumların qoyulmasını düzgün saymır: "Dövlət tərəfindən özəl sektora hər zaman dəstək var, amma özəl təhsil müəssisələrinə rüsumların qoyulmasını düzgün hesab etmək olmaz. Hazırda Azərbaycanda dövlət təhsil müəssisələrində təhsilin keyfiyyətinin aşağı olması hamıya məlumdur. Bunun yeganə çıxış yolu isə alternativ təhsil müəssisələrinin yaradılmasıdır. Əslində, bu gün özəl təhsil müəssisələrində ödənişlər o qədər yüksəkdir ki, onlar bu rüsumu ödəməkdə çətinlik çəkməyəcəklər. Amma təhsilin əhatəliliyini, çatımlılığını təmin etmək üçün düşünürəm ki, rüsumların bu qədər olması düzgün deyil. Özəl təhsil müəssisələri həmçinin hər 5 ildən bir akkreditasiya üçün müəyyən məbləğ də ödəyəcək. Bu isə özəl müəssisə açmaq  istəyənlərin sayına mənfi təsir edəcək. Dövlət özəl təhsil müəssisələrinin açılmasına dəstək olmalıdır. Çünki bu, gələcək iş yerlərinin açılması, əlavə vergi deməkdir”.

Ekspertin fikrincə, dövlət təhsildə çatımlılığı təmin etmək üçün rüsumları aşağı salmalı və güzəşt etməlidir: "Əgər rüsümlar aşağı salınarsa, bunun vətəndaşlara da müsbət təsiri olacaq. Çünki təhsil müəssisələri rüsumu ödəmək üçün xidmət haqlarını qaldıracaq. Bu isə  vətəndaşların təhsil almasına mane olacaq. Təhsil müəssisələrinin rüsumsuz olması daha doğru olar. Onsuz da dövlət təhsil müəssisələrin sayı azdır. Buna görə də təhsil ocaqlarının açılmasına ehtiyac var”. 
 
Nabatəli Qulamoğlu 

Təhsil üzrə ekspert Nabatəli Qulamoğlunun sözlərinə görə, qərarda edilən dəyişikliklərə narazılıq edənlər heç də xalqın maraqlarını düşünmür: "Rüsumlar özəl müəssisələrə tətbiq edilir. Buna görə daha çox deputatlar canfəşanlıq edir. Amma bu canfəşanlığın xalqın maraqları ilə heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq deputatlar oliqarxların maraqlarını müdafiə edir. Çünki özəl müəssisələrin hamısı oliqarxlara məxsusdur. Xüsusən də Qənirə Paşayeva həddindən artıq hay-küy salır. Çünki məktəbəqədər təhsil müəssisəsini o özəlləşdirib və istəməz ki, lisenziya üçün dövlətə bu qədər pul ödəsin. Ümumiyyətlə, müəssisələri özəlləşdirən tək Qənirə Paşayeva deyil, Oqtay Əsədov yoldaşının adına, Sabir Rüstəmxanlı bacısının adına özəlləşdirənlər sırasındadır. Bu, ancaq oliqarxların maraqlarıdır və deputatlar ilk dəfə ayaqları tapdandığı üçün baş qaldırlar. Burada xalqdan söhbət gedə bilməz. Sadəcə olaraq deputatlar qorxurlar ki, onlar dövlətə bu qədər pul ödəyib, əvəzində müştərilərini itirərlər. Məsələyə qanuni cəhətdən yanaşsaq, qanunda qeyd olunub ki, təhsil müəssisələri dövlət qarşısında bərabərdir. Ona görə də dövlət müəssisələri kimi özəllər də pul ödəməməlidir. Bu məsələnin qanuni tərəfidir. Amma burda əsas maraq deputatların və oliqarxlarındır. Bu qanunun qəbul edilməsində mane olan da elə  oliqarxdır. Demək olar ki, bütün özəl təhsil müəssisələri oliqarxların, hakimiyyətə yaxın adamlarındır. Onlar imkan verirmirlər ki, başqa kimsə özəl müəssisə açsın”. 
 
Asim Mollazadə 

Deputat Asim Mollazadə isə qeyd edir ki, Milli Məclisdə müzakirə zamanı məsələnin əleyhinə səs verib: "Mən bu dəyişikliyin əleyhinə səs vermişəm. Bu ancaq təhsil ocaqlarına olan zərbə deyil , eyni zamanda vətəndaşların da təhsil hüquqlarını məhdudlaşdırmaqdır. Ölkədə aparılan siyasətə ziddir. Qanuna edilən bu dəyişikliyə ikinci oxunuş zamanı müəyyən düzəliş ediləcək. Çalışacağıq ki, qanun bu formada qəbul olunmasın”.

Lalə Tağızadə