Ekspert: "Təhsillə bağlı bu proqram yeni siyasi açılımdır"

Ekspert:

19-11-2019 16:13 / Bu xəbər 786 dəfə oxundu

Xaricdə doktorantura səviyyəsi üzrə təhsilalma qərarı qəbul edilib.

Nazirlər Kabienti "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin maliyyələşdirilməsi Qaydaları”nı təsdiq edib.

Qərarla "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində ölkə vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin maliyyələşdirilməsi qaydaları müəyyənləşdirilib. Qərarın şərtləri açıqlanıb.

Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli "Report”a deyib ki, Azərbaycan vətəndaşlarının xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün prioritet ixtisas istiqamətləri müəyyənləşib. Buna uyğun olaraq yerli ali təhsil və elm müəssisələri üçün peşəkar mütəxəssislərin yetişdirilməsi həyata keçiriləcək. O bildirib ki, xarici universitetlərə qəbul olunan və hazırda təhsil alan şəxslər də proqramdan istifadə edə bilərlər: "Hazırda reytinqdə adı olan universitetdə təhsil alan Azərbaycan vətəndaşları da bu proqrama müraciət edərək təhsillərinin maliyyələşməsini istəyə bilərlər. Əsas tələblərdən biri üçtərəfli müqavilənin olmasıdır".

Şöbə müdiri əlavə edib ki, xaricdə doktorantura təhsilinin maliyyə hissəsini yenə də Azərbaycan Dövlət Neft Fondu ödəyəcək: "Doktorantura səviyyəsi üzrə istiqamətlər may ayından müəyyənləşib. Bütün ixtisasları özündə ehtiva edir. 2020-ci ilin yaz semestri üçün sözügedən Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura təhsili üçün bu gündən müvafiq elan verilib. Sənəd qəbulu ildə 2 dəfə aparılacaq. Gələn ilin sentyabrından növbəti semestr üçün sənəd qəbulu olacaq".

Qeyd olunub ki, xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi nəticəsində Azərbaycan vətəndaşlarının "Times Higher Education (THE) World University Rankings”, "Academic Ranking of World Universities (Shanghai)” reytinq siyahılarında ilk 500-də yer alan nüfuzlu ali təhsil müəssisələrində doktorantura təhsilinin maliyyələşdirilməsi, yerli ali təhsil müəssisələri ilə bağlanacaq üçtərəfli müqavilə nəticəsində Dövlət Proqramı çərçivəsində doktorantura səviyyəsi üzrə təhsil almış məzunların akademik və ya inzibati olaraq işlə təminatı, həmçinin Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura səviyyəsində təhsil almış şəxslərin əldə etdikləri beynəlxalq təcrübənin Azərbaycanda elmi-pedaqoji sahədə tətbiqi, ölkənin əmək bazarının tələbatı əsasında müəyyən olunmuş peşə və ixtisaslar üzrə yüksək tədqiqat bacarıqlarına malik kadr potensialının formalaşdırılmasına nail olunması və yerli ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması nəzərdə tutulur.

Təhsil eksperti Nabatəli Qulamoğlu Toplum TV-yə deyib ki, Azərbaycan dövlətinin bu qərarı gecikib, bu qərar 10-15 il bundan qabaq qəbul olunmalı idi: "Bu qərar Azərbaycan hökumətinin kadr, əmək bazarında kadrlara olan ehtiyacından irəli gəlir. Artıq görürlər ki, savadlı kadrlar tapa bilmirlər”.

Ekspert deyir ki, dünyanın bütün sistemi dəyişib. 

Bütün bunların öhdəsindən gəlmək üçünsə kadr lazımdır: "Çox düzgün addımdır ki, kim doktorantura səviyyəsində  xarici ölkə universitetlərində təhsil alırsa, onlar Azərbaycan hökumətinə müraciət edə bilər”. 

Nabatəli Qulamoğlu qeyd edib ki, bu proqramın kəsilməsi yanlışlıq idi: "Bu proqramı siyasi "konyuktura" hesabına kəsdilər. Prezident Aparatı yanında  Təhsil Komissiyası deyilən qurum vardı. Həmin Təhsil Komissiyası Təhsil Nazirliyinin işinə müdaxilə edir. İmkan vermir ki, Təhsil Nazirliyi  vəzifəsinə aid olan işləri yerinə yetirsin. Xarici ölkələrin  ali məktəblərində dövlət səviyyəsində maliyyəşən tələbələri Prezident Aparatı yanında Təhsil Komissiyası ələkdən keçirirdi.  Baxıb yoxlayırdılar ki, görək kimdir, onun liberal fikirləri var, liberal dəyərlərə  qiymət verir-vermir, Azərbaycan hökumətinə münasibəti  necədir? Daha doğrusu, sırf  siyasi motivlər  üzündən bir çox  uşağa imkan vermədilər, maliyyələşdirmədilər. Sonra da baxıb gördülər ki, iflasa uğradı bu siyasət. Güman edirəm ki, bu da yeni siyasi açılımdır. Az da olsa, bunu yeni siyası açılım hesab edirəm. Güman edirəm ki, ardı gəlsə, daha yaxşı olacaq".

Elmar Əziz