Ekspertdən DYP-yə: "Bu vəziyyətdə sürüclər "uçma" moduna keçməlidirlər"

Ekspertdən DYP-yə:

20-07-2019 15:09 / Bu xəbər 881 dəfə oxundu

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi (DYP) 17 iyunda sürücülərə sarı zolaq qadağası ilə bağlı müraciət edib.

Müraciətə görə, "Baku 2019” Avropa Gənclərinin Olimpiya Festivalının Bakıda keçirilməsi ilə əlaqədar olaraq iyulun 28-dək paytaxtda sarı xətt qadağası qüvvəyə minib. 

Hüquqşunas Ələsgər Məmmədli öz feysbuk hesabında sarı xətt qadağasının yaratdığı vəziyyət haqqında paylaşım edib.

O qeyd edib ki, qurumun Hənifə Ələsgərova-Mərdanov qardaşları küçəsinin kəsişməsindən paylaşdığı şəkildə sürücülər üçün çıxılmaz vəziyyət yaranıb.

Şəkildən görünür ki, həmin yolda düzünə hərəkət qadağan deyil. Amma alternativ də yoxdur. Yəni qarşı yola yalnız avtobuslar girə bilər, digər nəqliyyat vasitələrinə isə "qadağandır" işarəsi yoxdur. 

Hüquqşunas deyir ki, həmin yerdə düz hərəkət etmək istəyən sarı zolaqdan istifadə etmədən hərəkət edə bilməz: "Sol xətti istifadə etsə, cərimələnəcək, çünkü yalnız sola dönənlər bu xətti istifadə edə bilər. Sağ xətti də istifadə edə bilməyəcək, çünki sağ xətti yanlız sağa dönənlər istifadə edə bilər. Yəqin, bu vəziyyətdə sürüclər "uçma" moduna keçməlidirlər ki, sarı xəttin qadağanedici təsirindən çıxsınlar”.

DYP sarı zolaq qadağasını sürücülərin təhlükəsiz hərəkəti üçün tətbiq etdiklərini deyib.