Eldar Mahmudov həbs olunacaqmı? - Ekspert rəyi

Eldar Mahmudov həbs olunacaqmı? - Ekspert rəyi

14-11-2017 03:28 / Bu xəbər 1710 dəfə oxundu

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov noyabrın 10-da yenidən Baş Prokurorluqda ifadə verib. 

O, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində 3 saata yaxın dindirilib.

Sabiq MTN rəhbərinin ittihamlara baxmayaraq iki ildir həbs olunmamsı cəmiyyətdə sual doğurur. 

Onun son zamanlar dindirilməsi isə bəzi ekspertlərdə həbsin yaxın olması fikrini yaradır. 

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Toplum Tv-yə bildirib ki, məsələlərə hüquqi baxımdan yaxınlaşanda Eldar Mahmudov çoxdan həbs olunmalı idi:

"Məsələyə heç vaxt bu baxımdan yanaşılmayıb. Ona görə də, o, iki ildən çoxdur, həbs edilmək əvəzinə qorunur. Yəqin ki, bundan sonra da qorunacaq. Sadəcə, son günlərdə onun Baş Prokurorluğa çağırılmasında elə bir fikir yaranır ki, guya həbs olunacaq. Amma mənə elə gəlir ki, həbs olunmayacaq. Hüquqi görüntü yaradırlar. Hiss olunur ki, hər iki tərəfin şərtləri var. Görünür, o şərtlərin ağırlaşdırılması və ya yüngülləşdirilməsi prosesi gedir”.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə deyir ki, bununla bağlı mətbuata ümumi məlumat verilib: "Sizə ayrıca hər hansı məlumat verilməyəcək”.

Eldar Mahmudov 2015-ci il oktyabrın 16-da nazir vəzifəsindən azad edilib.

Milli Təhlükəsizlik Nazirliyi ləğv edilib, qurumun 20-dən çox zabiti cinayət işinə cəlb olunub.