Elə bilirsən ki, dünya düzələr?

Elə bilirsən ki, dünya düzələr?

03-08-2018 17:47 / Bu xəbər 6255 dəfə oxundu

Arqument.Az şair Nurəddin Şayanın yeni şeirini təqdim edir:

Qədəri, qəzanı bərabər bilər,
ünvanına "fani" deyilər belə...
Elə bilirsən ki, dünya düzələr,
düzələn olacaq əyilər belə?

Ömrə tənə kimi gələn yağışla
yağıb ağı-ağı hırıldamaq nə?
Daha səbr-zaddan keçib, bağışla,
bu yaşamaqdırsa, xırıldamaq nə?

Hara daş atdılar, gözünə dəydi,
sənə göz düzəldim qaşından böyük?
İndi ayağınla baş eyni şeydir,
gəl bir ayaqda dur, başından böyük!

Özüylə doğulub düzün bəlası,
baxırsan əyrinin hər üzü düzdü.
Belə şax durmusan, zalım balası,
elə bil bu şaxın əyrisi düzdü!

Gəldiyin, getdiyin dağılsın belə,
yolu qoşma gəlib, qəzəl oxuma...
Bilirəm səsin var, nə olsun belə,
hər gözəl yalanı gözəl oxuma!

Çevirsən hər üzə don elə budur,
indi gələn-gələn kirləşib gəlir.
Daha keçən keçib, son elə budur,
demə son əvvələ birləşib gəlir!