Ələsgər Məmmədli: DİN və Baş Prokurorluğun birgə məlumatı Konstitusiyanın ciddi pozuntusudur

Ələsgər Məmmədli: DİN və Baş Prokurorluğun birgə məlumatı Konstitusiyanın ciddi pozuntusudur

22-08-2019 16:41 / Bu xəbər 1022 dəfə oxundu

Xalid Ağaliyev: "Tanınmış xadim güc qurumlarında saatlarla sorğu-sual edilirsə, buna ifadə azadlığı kontekstində yanaşılmalıdır”

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin müsavatçı Tofiq Yaqublunun avqustun 22-də prokurorluğa çağırılması haqda birgə yaydıqları məlumatda sual doğuran məsələ yer alıb.

Açıqlamada Daxili İşlər Nazirliyi və Baş Prokurorluğunun bütün sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq etdiyi qeyd olunub: "Ölkəmizdə bərqərar olmuş ictimai-siyasi sabitliyin pozulmasına, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmaq, insanları qanunsuz etiraz aksiyaları keçirməyə təhrik etməklə hakimiyyətin zorla ələ keçirilməsinə və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar və digər qanunazidd hərəkətlərin qarşısı qətiyyətlə alınacaq”.

Məlumatın bu hissəsi barədə Meydan TV-nin sorğusuna cavab verən hüquqşünas Ələsgər Məmmədli Daxili İşlər Nazirliyinin (DİN), Respublika Prokurorluğunun (RP) və başqa dövlət qurumlarının funksiyalarını həyata keçirən zaman Konstitusiyada müəyyən olunmuş hüquq və azadlıqların çərçivələrini gözləmək məcburiyyətində olduğunu qeyd edib.

Ələsgər Məmmədli xatırladıb ki, Konstitusiyanın 47-ci maddəsi söz və ifadə azadlığı, 50-ci maddə isə məlumat azadlığıdır.

"Həmin maddələrdə hər bir vətəndaşın özünü ifadə etmə və məlumat alıb yaymaq hüququnun olduğu göstərilir. Bunun məhdudlaşma çərçivəsi istər Avropa Konvensiyasının 10-cu maddəsi, istərsə də 2002-ci il Konstitusiya qanununda müəyyən edilib. Əgər hər hansı səbəblər varsa, bu, məhkəmə müstəvisində müəyyən olunur. Yəni yalnız məhkəmə şəxsin həmin hüquqları pozub-pozmadığı haqda qərar verir. Ona görə Tofiq Yaqubluya xəbərdarlıq təqsirsizlik prezumpiyasının pozulmasıdır”.

Ələsgər Məmmədli
Mənbə: meydan.tv

Onun sözlərinə görə, əgər prokurorluq kiminsə qanunu pozduğunu düşünür və bunu ictimailəşdirirsə, amma cinayət işi açılmayıbsa, Yaqublunun təqsirsizlik prezumpsiyasını pozur.

"Çünki məhkəmə qərarı olmadan o, bu işlərdə təqsirli görünür və cəmiyyətə o cür təqim olunur. Bu, Konistutsiyanın ciddi pozuntusudur”.

Ələsgər Məmmədlinin sözlərinə görə, ifadə azadlığının sərhədinin məhkəmə qərarı olmadan müvafiq strukturların əməkdaşları tərəfindən, söhbət DİN və RP-dən gedir, Konstitusiyada yol verilən həddən artıq məhdudlaşdırılması kimi tövsif oluna bilər. Onun fikrincə, bu baxımdan sosial mediada yazılanlar konkret olaraq cinayət əməli yaratmadığı müddətcə şəxslərin bu hüquqlarına müdaxilə olunmamalıdır.

"Yox, cinayət əməli yaradırsa, prokurorluq iddia irəli sürər və məhkəmə qərar verər”.

Media hüquqçusu Xalid Ağaliyev isə düşünür ki, ifadə azadlığına yalnız legitim məqsədlərlə müdaxilə edilməsi yolveriləndir.

"Hakimiyyətin zorla ələ keçirilməsinə, Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar, eləcə də digər qanunazidd hərəkətlər ifadə azadlığına məhdudiyyətlərin qoyulması üçün əsas ola bilər”, deyən ekspert onu da vurğulayıb ki, müxtəlif durumlarda deyilmiş, yazılmış hər ifadəni də hakimiyyətin zorla ələ keçirilməsinə, Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırış, digər qanunazidd hərəkət saymaq olmaz.

Xalid Ağaliyev
Mənbə: meydan.tv

"Kimsə durub, "gəlin, gedən hakimiyyəti zorla dəyişək” deyir-yazırsa, bu, dərhal o anlama gəlmir ki, müdaxilə edilməlidir. Belə durumlarda cavab verilməsi gərəkən çoxsaylı sualları cavablamaq, ifadələrin çağırışın reallaşmasına səbəb olub-olmayacağını dərindən test etmək lazımdır. Yəni, konkret çağırışın olması hələ müdaxilə üçün əsas deyil. Həmin çağırış həm də reallaşa bilmə potensialına malik olmalıdır. Yalnız bu halda ifadə azadlığına müdaxilə etmək olar”.

X.Ağaliyev konkret olaya gəlincə, vurğulayıb ki, tanınmış bir ictimai-siyasi xadim güc qurumlarında saatlarla sorğu-sual edilirsə, ona xəbərdarlıq olunursa və bu, fikirləri, düşüncələri ilə bağlıdırsa, sözsüz ki, mövzuya ifadə azadlığı kontekstində yanaşılmalıdır.

"Hüquq-mühafizə qurumları belə durumalarda daha ölçü-biçili olmalıdır. Onların atdığı addımlar, cəmiyyətə verdikləri açıqlamalar başqa insanların, xüsusilə ifadə azadlığı haqlarından daha yayğın istifadə edən vətəndaşların, jurnalistlərin, müxalif görüşlü fəalların gözünü qorxutmaq məzmununda olmamalıdır”, o, qeyd edib.

Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu avqustun 22-də Baş Prokurorluqda olub.

Baş Prokurorun müavini Namiq Əsgərov və Daxili İşlər Nazirinin müavini Seyfulla Əzimov Tofiq Yaqubluya sosial şəbəkələrdəki statuslarına görə xəbərdarlıq ediblər.