Elgiz Qəhrəmanın işinə yenidən baxılacaq

Elgiz Qəhrəmanın işinə yenidən baxılacaq

09-03-2017 15:27 / Bu xəbər 1111 dəfə oxundu

NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvü Elgiz Qəhrəmanın işi yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarıldı. 

Bakı Apellyasiya Məhkəməsində Sahibxan Mirzəyevin sədrlik etdiyi hakimlər kollegiyası bu haqda qərar verib.

Martın 9-da E.Qəhrəmanın apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib. Gənc fəalın vəkili Fariz Namazlı məhkəməyə qeydlərini təqdim edib. 

Qeydlər E.Qəhrəmanın işinə birinci instansiya məhkəməsində baxılarkən tərtib olunmuş protokolla bağlıdır. Vəkil deyir ki, məhkəmədə dindirilən şahidlər, əsasən də Ekspertiza Mərkəzinin əməkdaşı Gülşən Hümbətovaya verilmiş suallar, alınan cavablar protokolda yoxdur.

Qanunvericiliyin tələbinə görə, bu cür məsələlərlə bağlı iradlar, protokola yazılı qeydlər olanda iş münasibət bildirilməsi üçün həmin məhkəməyə göndərilir. F.Namazlı da E.Qəhrəmanın işinin yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılmasını istəyib.

Dövlət ittihamçısı Rəsul Abbasov da buna etiraz etməyib.

Məhkəmə vəsatəti təmin edib. Bakı Ağır Cinayətlər Məhkəməsi məsələyə baxıb münasibət bildirənə qədər apellyasiya şikayəti üzrə proses təxirə salınıb.

E.Qəhrəman ötən il avqustun 12-də saxlanıb və həmin gün onun haqqında CM-in 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs-qətimkan tədbiri seçilib. Onu bir həftə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlayaraq, vəkilini yanına buraxmayıblar.

Gənc fəal yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay azadlıqdan məhrum edilib.

E.Qəhrəman həm özü, həm də fəalı olduğu NİDA Vətəndaş Hərəkatı həbsin siyasi motivlərlə gerçəkləşdiyini bəyan edib. 
 
mənbə: azadliq.org