Əli Abbasovla İltimas Məmmədov niyə həbs olunmur?

Əli Abbasovla İltimas Məmmədov niyə həbs olunmur?

20-02-2017 18:54 / Bu xəbər 2165 dəfə oxundu

"Əli Abbasov və müavini İltimas Məmmədov həbs edilməməsinin səbəbi bu sahədə olan dərəbəylikdir”

Bu sözləri tanınmış vəkil Aslan İsmayılov Politika.Az-a açıqlamasında keçmiş rabitə naziri və müavininin "rabitə işi” üzrə məsuliyyətə cəlb olunmaması haqda deyib.

Vəkilin fikrincə, bütün işlərin başında duran vəzifəli şəxslər həbs edilmir, ancaq bütün işçiləri həbs edilir: "Bu necə olur? Sadəcə olaraq, baş verənlər ölkədə qanunun işləmədiyini xəbər verir”.

Hüquqşünasın sözlərinə görə, nazir və müavinlərinin istintaqa ifadələri var və əməllərini etiraf ediblər: "Ancaq nazirlikdə onlardan aşağı vəzifə tutanlar mühakimə olunurlar”.

Xatırladaq ki, keçmiş milli təhlükəsizlik nazirliyinin əməkdaşları ilə bağlı aparılan istintaqda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yüksək vəzifəli şəxslərininin korrupsiya və rüşvət faktları da ortaya çıxmışdı.

1,5 milyonluq villa qalmaqalı

İstintaq materiallarına əsasən, hazırkı nazir müavini İltimas Məmmədov, nazirlikdə hökm sürən korrupsiya və mənimsəmə əməliyyatlarından xəbərdar olduğunu təsdiqləyib.

Bu barədə Arqument.Az virtualaz.org-a istinadən xəbər verir.

Məlumata görə, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) keçmiş direktoru Beytulla Hüseynov istintaqa ifadəsində nazirliyin stukturlarından korrupsiya və xərclərin şişirdilməsi yolu ilə "obşıy katyol”a toplanan pullardan nazir müavini İltimas Məmmədovun özünə villa tikmək üçün bir dəfəyə 1,5 milyon manat götürdüyünü bildirib. İltimas Məmmədov isə mətbuata açıqlamasında "bu barədə danışmaq istəmədiyini” deyib.

Hazırda nazirin birinci müavini olan İltimas Əhməd oğlu Məmmədov istintaqa ifadəsində göstərib ki, 23 dekabr 2005-ci il tarixdən Azərbaycan Respublikası Rabitə və yüksək texnologiyalar nazirinin müavini, 22.06.2014-cü il tarixdən hazırkı vaxta kimi isə nazirin birinci müavini vəzifəsində işləyir.

İltimas Məmmədov ifadəsində bildirib ki, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov tərəfindən nazirliyin ayrı-ayrı qurumlarından aylıq olaraq pulların yığılmasından məlumatı olmayıb. O, nazirliyin strukturlarından aylıq haqqın yığılması barədə istər keçmiş nazir Əli Abbasovla və ya Aparat rəhbəri Vidadi Zeynalovla aralarında hər hansı söhbətin olduğunu inkar edib.

"Ayda 30 min paket alırdım..."

Bununla belə, İltimas Məmmədov deyib ki, nazirliyin işçilərinə "paket” şəklində aylıq pullar verilməsindən məlumatlı idi. Belə ki, Vidadi Zeynalov tərəfindən onun özünə əvvəllər "paket” şəklində ayda 15 min manat, daha sonra qısa müddət ərzində 20 min manat, son bir ildə isə 30 min manat pul verilib.

Lakin nazir müavini "həmin pulların konkret olaraq hansı mənbələrdən daxil olmasından məlumatı olmadığını” deyib. İltimas Məmmədovun dediyinə görə, o, bir dəfə nazir Əli Abbasovdan bu haqda soruşub. Nazir isə ona belə cavab verib ki, işçilərə aylıq "paket” verilməsi razılaşdırılmış məsələdir, yəni narahat olmağa dəyməz. İ.Məmmədov iddia edir ki, nazirliyin digər işçilərinə verilən aylıq "paket”dən xəbərsiz idi.

Göründüyü kimi, nazirin birinci müavini rabitə sistemində hökm sürən korrupsiyadan qidalananlardan biri olub, ancaq o, hələ də vəzifədədir. Bəli, ola bilər ki, İltimas Məmmədov nazirliyin strukturlarında dövlətə çatacaq gəlirlərin mənimsənilməsi, xərclərin şişirdilməsi və pulların "katyol”a toplanıb bölüşdürülməsi işinə birbaşa rəhbərlik etməyib. Amma həmin "katyol”dan ona da pay çatıb və üstəlik, özünə ev tikmək üçün bir dəfəyə 1,5 milyon manat da götürüb.