"Əli bəyin bu qərarı tənqidi qiymətləndirilməlidir" - Əvəz Zeynallı

12-09-2016 00:34 / Bu xəbər 3184 dəfə oxundu

Əvəz Zeynallı
"Xural" qəzetinin baş redaktoru

Mitinq yaxşı oldu. Yarım saat əvvəldən orada idim. İnsanlarda bir narahatçılıq vardı ki, adam azdır. Amma son illərin ən çoxsaylı mitinqi oldu. Mənim müşahidələrim 7-9 min nəfər arasında idi. Say çox da ola bilər, az da. Əsas odur ki, alındı. Əsas odur ki, hakimiyyətin niyyəti baş tutur. Axı onlar insanları ayağa qaldırmaq üçün əllərindən gələn hər şeyi edirlər.

Çıxışçılar təsirli çıxışlar etdilər. Xüsusilə, Eldəniz Quliyevlə Nurəddin Məmmədlinin çıxışları xoşuma gəldi. İlham Hüseyni isə demək olar ki, kəşf etdim. O həm də mitinqin aparıcısı idi. Digərlərindən fərqli olaraq, İlhamın zəngin söz ehtiyatı, güclü natiqlik istedadı və dəliqanlı bir ürəyi var. Bu da əla alınırdı.

Təşkilatçılıq yetərli deyildi. Bəzən mikrofondan mitinq iştirakçılarına uyğunsuz sözlər deyilirdi. Xüsusilə, mitinqdən əvvəl, ya da mitinqdə çıxışlar arasında səsləndirilən musiqi parçalarını daha yerində seçmək olardı. Məxsusən, Türkiyə solçularının əfsanə şərqisini çoxlu dindarların iştirak etdiyi mitinqdə səsləndirmək də yaxşı təşkilatçılıq əlaməti sayıla bilməz.

Əli Kərimlinin çıxışı yaxşı idi, amma yetərli deyildi. Dərhal insanların çox gəlməsi deyəsən, eyforiyaya səbəb oldu və Əli bəy çıxışında növbəti mitinqi ayın 17-nə təyin etdi. Mən bilən ayın 18-də Müsavat Partiyasının mitinqi olmalıdır. Əgər elədirsə, o zaman Əli bəyin bu qərarı tənqidi qiymətləndirilməlidir və dərhal o reaksiyanı müşahidə etdim. Gözlənilən o idi ki, Əli Kərimli özü qarışıq hamını 18 sentyabr mitinqinə səsləyəcək, amma bunu görmədim. Halbuki Müsavatın rəhbərliyinə daxil olan iri bir qrup mitinqlərdə iştirak edirdi.

Bəzi xırda qüsurları nəzərə almasaq, bugünkü mitinqi möhtəşəm adlandırmaq olar. Azərbaycan xalqı nökər olmadığını bir daha sübut etdi. Amma bunu doğru qiymətləndirməsək, bu xalq bir həftə keçməz bizə yenə yerimizi göstərər. 7-9 min adama görə tribunalarda özümüzü itiririksə, milyonlar bizi buxarlandırar. Biz hələ təmkini, təcrübəni öyrənməmişikmi?!

Bu millət möhtəşəm millətdir! Yetər ki, inandırasan!