Əli Həsənov: Mənim mövcudluğum sadəcə olaraq, Allaha bağlıdır

Əli Həsənov: Mənim mövcudluğum sadəcə olaraq, Allaha bağlıdır

30-11-2019 15:41 / Bu xəbər 1095 dəfə oxundu

"53 yaşında iki dəfə açıq ürək əməliyyatı keçirmişəm, bir dəfə infakt olmuşam”

Prezidentin sabiq köməkçisi Əli Həsənov bundan sonra elmi yaradıcılıqla məşğul olacaq.

Bu barədə Əli Həsənovun özü "Facebook” səhifəsində yazıb.

Sabiq köməkçi bildirib ki, o, öz siyasi karyerasına Heydər Əliyev kursunun sadiq əsgəri kimi başlayıb:

"25 il bu kursa, bu kursun davamçısı olan cənab İlham Əliyevə sədaqətlə xidmət etmişəm və bundan sonra da bu kursa xidmət edəcəyəm. Mənim Azərbaycan dövlətçiliyinə, Heydər Əliyev siyasi kursuna və İlham Əliyevin yürütdüyü siyasətə sədaqətim dəyişməzdir. Hər kəsin bilməsini istəyirəm ki, mən həmişə Heydər Əliyev ideyalarının daşıyıcısı, İlham Əliyevin siyasi kursunun dəstəkçisi olaraq qalacağam. Azərbaycanda başlamış yeniləşmə kursuna inanır, həyata keçirilən islahatların ölkəmizə və xalqımıza uğurlar gətirəcəyinə əminliyimi ifadə edirəm”.

Əli Həsənov cəmiyyətin bütün təbəqələrini bundan sonra da Heydər Əliyev siyasi kursuna dəstək verməyə və cənab İlham Əliyevin ətrafında sıx birləşməyə çağırıb.

Əli Həsənov "BBC News Azərbaycanca”ya deyib ki, o, son 3 ildə səhhəti ilə bağlı prezidentə müraciət edib:

"Cənab prezidentdən xahiş etmişdim ki, məni bu gərgin fəaliyyətdən, gərgin vəziyyətdən azad etsin. Mən 53 yaşında iki dəfə açıq ürək əməliyyatı keçirmişəm, bir dəfə infakt olmuşam. Sağlamlığım bu günlə sabah arasında, belə deyək, mövcudluğum sadəcə olaraq, Allaha bağlıdır. Ona görə də, bu iş mənim üçün həddindən artıq gərgin idi. Və son 3 il ildir, dəfələrlə cənab prezidentə müraciət etmişdim ki, cənab prezident, imkan varsa, mənim işimi dəyişin. Bu gün də təşəkkür edirəm ki, müraciətimi nəzərə alaraq, - onun özünün də yəqin bununla bağlı planları, proqramları, səbəbləri var, - məni azad elədi. Buna görə də ona təşəkkür edirəm”.

İlham Əliyevin noyabrın 29-da imzaladığı sərəncamla Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi və şöbə müdiri Əli Həsənov tutduğu vəzifədən azad olunub.

Əli Həsənov 1995-ci ildən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinə rəhbərlik edib. 2015-ci ildə şöbə müdiri vəzifəsini saxlamaqla, həm də Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi təyin olunub.