Əli Həsənov: "Qətnamədə ədalətsizlik var"

Əli Həsənov:

20-06-2017 02:18 / Bu xəbər 1027 dəfə oxundu

"Azərbaycan dövləti siyasətini öz xalqının maraqları üzərində qurur. Bizim üçün əsas Azərbaycan xalqının rəyidir. Əlbəttə, beynəlxalq təşkilatlar bu və ya digər məsələlərə münasibət bildirir, bu onların işi, onların mövqeyidir".

APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov Avropa Parlamentinin Azərbaycanla bağlı iyunun 15-də qəbul etdiyi qətnaməyə münasibət bildirərkən deyib.

Ə.Həsənov vurğulayıb ki, Avropa Parlamentinin qəbul etdiyi qətnamədə ədalətsizlik var və bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov da deyib:

"Parlament sədrinin 1-ci müavini Ziyafət Əsgərov qətnaməyə münasibət bildirib. Bu münasibəti yetərli hesab edir, bundan artığına biz ehtiyac görmürük".

Z.Əsgərov isə bir neçə gün öncə qətnaməni Azərbaycanı sevməyən qüvvələrin işi adlandırmışdı. Onun sözlərinə görə, sözügedən qətnamənin qəbul edilməsi onu göstərir ki, Azərbaycanın həyata keçirdiyi müstəqil siyasət Avropada fəaliyyət göstərən antiazərbaycan qüvvələri, xüsusən erməni lobbisini narahat edir:

"Bu qüvvələrin təsiri və təzyiqi altında Avropa Parlamenti kimi ciddi bir qurumun belə bir hərəkətə yol verməsi Azərbaycanda anlaşılmazlıq doğurur. 2016-cı ilin sentyabr ayından Azərbaycan «Avronest»də fəaliyyətini bərpa edib. Azərbaycan Milli Məclisi ilə Avropa Parlamenti arasında əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi bir dövrdə bu cür qətnamənin qəbul edilməsi ikitərəfli münasibətlərə xələl gətirməyə bilməz".

İyunun 15-də Avropa Parlamentində həbsdəki jurnalist Əfqan Muxtarlı və Azərbaycanda media azadlığı ilə bağlı qətnamə layihəsi səsə qoyularaq qəbul olunub.

Qətnamədə yazılır ki, Ə.Muxtarlı Tbilisidə mayın 29-da yoxa çıxıb və bir neçə saat sonra Bakıda peyda olub:

"Vəkili deyir ki, Əfqan Muxtarlını naməlum adamlar tutub, onlar Gürcüstanın kriminal polisinin uniformasında imişlər. Jurnalisti maşına basıblar, döyüblər və maşını Azərbaycan sərhədinə sürüblər. Üstünə 10 min avro pul qoyublar".

Sənəddə Azərbaycan hakimiyyətinə müraciət edilir ki, təxirəsalınmaz qaydada Ə.Muxtarlıya verilən bütün ittihamları ləğv etsin və jurnalisti azadlığa buraxsın.

Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur.

Bundan başqa, ona 318.1, 206.1 maddələri ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Bakıdakı rəsmi qurumlarının bildirməsinə görə, o, sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıb. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.