Əli Həsənovun daha bir nəvəsi qəza törətdi — Xalası oğlu öldü (FOTO-VİDEO)

Əli Həsənovun daha bir nəvəsi qəza törətdi — Xalası oğlu öldü (FOTO-VİDEO)

26-10-2019 15:04 / Bu xəbər 1661 dəfə oxundu

Hacıqabulda baş verən avtoqəzada 15 yaşlı oğlan ölüb.

Demokrat.az APA TV-yə istinadla xəbər verir ki, hadisə Pirsaat kəndi ərazisində qeydə alınıb.

Sürətlə hərəkətdə olan Bakı sakini, 1994-cü il təvəllüdlü İlkin Elşən oğlu Əliyevin idarə etdiyi "Toyota Camry" markalı 90 UU 111 dövlət nömrə nişanlı avtomobil idaretmədən çıxıb və təxminən 50 metrlik ayırıcı dəmir səddləri qıraraq aşıb.

Nəticədə avtomobildə olan sərnişin - Bakı şəhər sakini, 2004-cü il təvəllüdlü Qasımov Kamran İlham oğlu ölüb, sürücü yüngül xəsarət alıb. Ölən gəncin meyiti Şirvan morquna yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 

Qeyd edilir ki, İlkin Əliyev Baş Nazirin sabiq müavini Əli Həsənovun ögey nəvəsidir. Belə ki, İ. Əliyev Əli Həsənovun oğlu Emin Həsənovun ögey (xanımının birinci nikahından) oğludur. Məlumata görə, İlkin Əliyev hadisə günü Gəncəyə - öz oğlunun ad gününə gedirmiş. 

Hadisə vaxtı avtomobildə olan və qəzada həyatını itirən 16 yaşlı Kamran İlkinin xalası oğludur.

Emin Həsənov bu ilin fevralından Baş Narkotiklərlə Mübarizə İdarəsində şöbə rəisi vəzifəsini icra edir. Buna qədər isə Binəqədi rayon Polis İdarəsinin rəis müavini olub.

Xatırladaq ki, 2017-ci ilin avqustunda Əli Həsənovun qızının oğlu Nail Allahverdiyevin törətdiyi qəza iki nəfərin ölümünə, daha ikisinin ağır yaralanmasına səbəb olmuşdu.(Bizimyol)